Adi talan sxemi: büdcədən oğurla, özünə biznes qur…

13.04.2014 - 17:13

Bir neçə ay qabaq virtualaz.org saytının
reportyor qrupu “Alatava-2 Avtonəqliyyat” adı altında fəaliyyət göstərən
daş bazarında olaraq oradan reportaj hazırlamışdı.

 

 

Alatava qəsəbəsində yerləşən bu müəssisənin sahibi Afaq Məmmədova
adlı bir şəxsdir. Qəsəbə sakinləri ondan çoxdan narazılıq edir. Çünki bu
bazarda doğrudan da başqa bir “bazar” açılıb, ora narkomanların və
cürbəcür cinayətkar ünsürlərin oylağına çevrilib. Amma məsələ təkcə
bunda deyil. Həm də ondadır ki, bazarın künc-bucağında narkomanların
sayəsində qalaqlanan şpris və sair zir-zibilin altında büdcə pullarının
yuyulmasına xidmət edən dəqiq işləyən bir sistem də gizlənir.

Hələ ilk reportajımız zamanı bazarın satıcıları müxbirlərimizə etiraf
etmişdilər ki, 4 hektar ərazini əhatə edən bu obyekt Afaq Məmmədovanın
adına sadəcə rəsmən sənədləşdirilirb, yəni xanım Məmmədova onun formal
sahibidir. Daş bazarının real sahibi və idarəçisi isə A.Məmmədovanın
keçmiş əri Fərəməz Nurulla oğlu Məmmədovdur.

Bazarda çalışanlar onu da demişdilər ki, Fərəməz Məmmədov iqtisadi
cinayətlərdə ittiham olunub, ona qarşı cinayət işi açılıb və bu iş hələ
də açıq qalır. F.Məmmədov bunu bildiyi üçün həyat yoldaşından qəsdən
boşanıb və bazarı xanımının adına sənədləşdirib, ki cinayət işi
yenilənsə, əmlakı müsadirə olunaraq əlindən çıxmasın…

Virtualaz.org saytı bu işlə bağlı araşdırmalarını
davam etdirərkən maraqlı faktlar aşkarlayıb. Bəlli olub ki, F.Məmmədov
vergidən yayınma yolu ilə qazandığı pullar hesabına öz tikinti biznesini
bu gün də böyütməkdə davam edir. F.Məmmədov cinayət təqibi altında
ola-ola “Yüksəl-inşaat” MTK adlı şirkət qurub. Bu şirkət Bakının 7-ci
mikrorayonunda, həmçinin Ukraynada çoxmərtəbəli binalar tikir.

Aydın məsələdir ki, əgər hüquq-mühafizə orqanları bir şəxs barəndə
cinayət işi açırsa, onu beynəlxalq axtarışa verirsə, həmin şəxssə heç
nəyə məhəl qoymadan öz biznesini uğurla genişləndirirsə, deməli, burada
söhbət böyük rütbəli məmurların ona himayədarlıq etməyindən gedir.

F.Məmmədova bir vaxtlar “lap yuxarılar”dan olan
məmurlar, o cümlədən sabiq baş prokuror Eldar Həsənov himayədarlıq edib.
E.Həsənov böyük iqtisadi cinayətlərə yol vermiş F.Məmmədovu sözün hərfi
mənasında həbsxanadan xilas etmişdi.

Fərəməz Məmmədov öz biznesinin 90-cı illərin ortalarında o zaman
yüksək dövlət vəzifəsi tutan kiçik qardaşı Qalib Məmmədovun sayəsində
qurub. Qalib Məmmədov isə Avtomobil Nəqliyyatı Nazirliyinin Yol Fondunun
sədri vəzifəsinə sabiq spiker Rəsul Quliyevin qardaşı Telman Quliyevin
xeyir-duası ilə təyin olunmuşdu (Avtomobil Nəqliyyatı Nazirliyi sonradan
“Azəravtoyol” Dövlət Şirkətinə çevrildi, Yusif Novruzov da onun rəhbəri
oldu. 1998-ci ildə Nəqliyyat Nazirliyi yaradılandan sonra bu Dövlət
Şirkətinin statusu dəyişdi və o, 2003-cü ildə Nəqliyyat Nazirliyi
nəzdində departamentə çevrildi. Amma bu yazıda biz Dövlət Şirkətini
“nazirlik” kimi yazacağıq-red.).

Sonralar DİN-in Baş İstintaq İdarəsi Məmmədov qardaşlarının
cinayətlərinin izinə düşəndən sonra Fərəməz Məmmədov istintaqdan qaçıb
Türkiyədə gizlənməyə məcbur oldu. Onun qardaşı Qalib Məmmədov isə bu
günə qədər də “Chevrolet” Рё “Cadillac” avtomobillərinin Bakıda dilerliyi
ilə məşğul olan “Performance Center” şirkətinin rəhbəri olaraq qalır.
Üstəlik, Qalib Məmmədov öz şirkətini açıq-açığına təmsil və təqdim edir.
Aşağıdakı şəkildə o, “Babək” diler salonunun açılışındadır…

Masallının Ərkivan kəndində anadan olan Fərəməz
Məmmədov kasıbçılıqdan çıxaraq bu yerlərə gəlib. O, Kənd Təsərrüfatı
Nazirliyinin 4 saylı Elektromexanizasiya Trestinin qarajında işləyib.
Onda qardaşı Qalib Məmmədov artıq nəqliyyat sektorunda çalışırdı,
Avtonəqliyyat İdarəsinin rəisi idi. Q.Məmmədov bundan sonra Nəqliyyat
Nazirliyi Yol Fondunun sədri təyin olundu. O dövrdə Məmmədov
qardaşlarına sabiq baş prokuror Eldar Həsənovun qardaşı, nazir müavini
postunu tutan Şahin Həsənov himayədarlıq edirdi.

Q.Məmmədov Yol Fondunun sədri olandan sonra əvvəlki iş yerində rəhbər
kimi öz adamı Gülağa Məmmədovu saxladı. Bu da Q.Məmmədova gələcək
“pulyuma mexanizmi”ni işlətmək üçün çox lazım idi. Araşdırmalar zamanı
onu da öyrənə bilmişik ki, hər iki qardaş bir neçə il ərzində büdcə
vəsaitlərinin mənimsənilməsi ilə məşğul olublar. Məmur-işbazlar bu zaman
bir neçə sxem üzrə işləyiblər. Belə ki, onların hər yerdə adamı, lazımi
postlara yerləşdirilmiş qohumları olub. Yaxınlarının, qohumlarının
olmadığı yerlərdə isə hamını susduracaq qədər böyük pulları olub.

Yol Fondu az qala mini Vergi İdarəsi kimi işləyir və Nəqliyyat
nazirliyinin tabeçiliyindəki müxtəlif dövlət idarələrindən (o cümlədən
neft bazalarından) faiz alırdı. Fond belə edirdi: firmalardan xahiş
edirdi ki, həmin faizləri maddi-texniki təchizat idarələrinin hesabına
köçürsünlər. Bu idarələr də dövlətin balansında idi. Bu “xahiş” rəsmi
məktub şəklinə salınır, elə nazirlik tərəfindən də imzalanırdı. Nazirlik
isə həmin kağızlara “şapka” müqabilində möhür vururdu. Əgər firmaların,
konkret olaraq, neft bazalarının əlində nağd pul olmurdusa, onlar
“vergi”ni neft, yaxud benzin şəklində, necə deyərlər, natura ilə
ödəyirdi. Həmin neft və benzin isə Naxçıvan vasitəsilə Türkiyəyə
göndərilərək qeyri-leqal sxem əsasında orada satılırdı.

Maddi-texniki təchizat idarələri, sadə dillə desək, 1 və 2
nömrəli neft bazaları sonralar sifarişlərini bir günlüyə yaradılan
“kəpənək-firmalar”a verir, onlara öz balanslarından pul ödəyirdilər.

Sxemin birinci hissəsi ona görə yaradılmışdı ki, neft bazalarının
hesabında ciddi məbləğdə pul olsun. Aydın məsələdir ki, birgünlük
firmalar da Məmmədovlara məxsus idi, amma onlar ayrı-ayrı adamların
adına sənədləşdirilirdi. Kağız üzərində məsələ həll olunan və pullar
nəqdləşdirilən kimi firmalar dərhal ləğv edilirdi.

Məsələn, təkər (şin) alqısında bütün sövdələşmə kağız üzərində
aparılırdı. Elə edilirdi ki, bu “materiallar” mümkün qədər tez yararsız
hala düşsün, sonra firma bağlansın. Buna görə nazirliyə tabe olan dövlət
idarələrinə 20 faiz “otkat” ödənilirdi. Silinmə aktı tərtib edilir,
mövcud olmayan sehrli şinlər mövcud olmayan zibilxanaya atılır, nağd
pullar isə Məmmədovların cibinə axırdı. Aydındır ki, dövlətə məxsus
texnika bütün bu müddətdə köhnə və yararsız şinlər üzərində yeriyirdi.

Qalan mal-material yeyintisi də təkər kimi. Şin məsələnin görünən
xırda hissəsidir. Digər talan sxemləri də var idi. Məsələn, nazirliyə
aidiyyəti olan sahələrdən töycü yığılması, ölkəyə avtonəqliyyat
vasitələri idxalına “krışalıq” edilməsi…

Nəqliyyat Nazirliyi oğurlanan pulların həcminin çox olduğunu görəndə
bu kontoru bağlamaq və gözdən pərdə asmaq üçün formal cinayət işi açmaq
qərarına gəldi. Yol Fondu ləğv edildi, onun səlahiyyətləri digər
qurumlara verildi. 1 və 3 saylı neft bazalarının müdirləri zərbə altında
qaldı. 1 saylı bazanın müdiri elə indiki daş bazarının sahibi Fərəməz
Məmmədov idi. Ona da, 3 saylı bazanın müdiri Əhəddin Əliyevə də cinayət
işi açıldı. Ə.Əliyev xaricə qaçmaqda kömək elədilər. İndiyə qədər də
xaricdə gizlənir.

Gülağa Məmmədovu da gizlədə bildilər. Fərəməz Məmmədov
isə yalnız qardaşının himayədarlığı və yuxarılardakı yaxşı əlaqələri
sayəsində cəzadan qurtuldu.

Lakin cinayət işi hər halda açılmışdı. Axı oğurluğun və büdcə pullarının yuyulmasının miqyası həddən artıq böyük idi.

F.Məmmədova açılmış cinayət işi bu günədək də açıq qalıb, lakin heç
kim bu işlə məşğul olmaq istəmir deyə xəzinə oğrusu hələ də öz biznesi
ilə məşğuldur.

90-cı illərin sonunda F.Məmmədovun qanunlarla problemi yarananda ona
ilk yardım göstərən şəxs o vaxtkı baş prokuror Eldar Həsənov olmuşdu.
E.Həsənov məsələyə müdaxilə edərək cinayət təqibinin dayandırılmasına
nail oldu, çünki Məmmədovların tərəfdaşlarından biri də öz qardaşı Şahin
Həsənov idi. Bu hay-küylü iş daha heç kimə lazım deyildi deyə
ört-basdır elədilər.

F.Məmmədov azadlıqda olduğu müddət ərzində bütün “arzuedilməz”
sənədlərdən yaxa qurtarmağa nail oldu. Üsul çox sadədir: Məmmədov dövlət
arxivinə gedir, orada rüşvət verərək belə bir arayış alır ki, arxivin
saxlanclarında onun işi ilə bağlı sənədləri saxlamağa yer olmadığı üçün
həmin kağızlar məhv edilməlidir. Əsas şahid Əhəddin Əliyev işi “yaş”
olduğu üçün özü də xaricə qaçıb. Qalan iştirakçılar isə ya hələ də
yüksək vəzifələr tuturlar deyə heç nədən qorxmurlar, ya da artıq
dünyalarını dəyişiblər. Məmmədovlara başqa amil də kömək etdi. Sonralar –
1998-ci ildə Nəqliyyat Nazirliyi yaradılanda Yol Fondu tarixin dibinə
gömüldü, onun ətrafındakı söz-söhbət də elə qurumun özü kimi unudulub
getdi.

Bu günə gəlincə isə Məmmədovların hamisi Eldar Həsənov Avropada
diplomatik fəaliyyətlə məşğuldur, Serbiyada səfirdir. Fərəməz Məmmədov
daş bazarında inhisar yaradıb, tikinti biznesi qurub ev tikir. Onun
qardaşı Qalib Məmmədov daha böyük biznes quraraq avtomobil alıb-satır.
Bu korrupsiya mexanizminin necə yaranmasının şahidi olan sabiq spiker
Rəsul Quliyev (unutmayaq ki, onun özü də iqtisadi cinayətlərdə ittiham
edilib) ABŞ-da siyasi mühacirətdədir. 90-cı illərdə yaradılmış
korrupsiya və talançılıq mexanizmləri isə prezidentin bu hallara qarşı
mübarizə sahəsində göstərdiyi bütün səylərə baxmayaraq hələ də işləkdir
və bu sxemlərin kökü hələ də kəsilməyib. Ölkənin büdcəsindən milyardları
oğurlayanlar isə hələ də azadlıqda gəzir…

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=6027

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728