Əliyevin fürsətcil manevri
Qərb yalnız prinsipial mövqe ilə qələbə qazana bilər
Azərbaycan hökuməti BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə
də, Avropa Şurası Parlament Assambleyasının sessiyasında Rusiyanın səs
hüququnun dondurulması məsələsi səsə qoyulanda bitərəf qaldı. Bu xəbər
bir neçə istiqamətdə şərhlərə səbəb oldu. Maraqlı məqam odur ki,
Azərbaycan hökuməti BMT-də göstərdiyi mövqedə ardıcıl ola bilmədi.
Dünya birliyi ilə davamlı həmrəy ola bilməməyin əsas səbəbləri nədir?
Təbii ki, burada bir variant üzərində dayanmaq olmaz. Elə isə bizim üçün
əsas versiyalar hansıdır?
Demokratiya faktoru
Azərbaycandakı daxili demokratiyanın vəziyyəti Qərblə uzun müddət
yanaşı getməyə imkan vermir. Insan haqlarının vəziyyəti bu faktorlardan
ən qabarıq görünəni olsa da, ən başlıcası beynəlxalq təhlükəsizlik
sistemində iştirak və iqtisadi məsələlərdir. Təbii ki, Azərbaycan
hökuməti daxili bazardakı monopoliyadan imtina etmək fikrində deyil, ona
görə də NATO və Avropa Birliyi ilə məsafə saxlamaq məcuriyyətindədir.
BMT-də Ukraynanın ərazi bütövlüyünə səs vermək Azərbaycan bu qurumun
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunarkən səs
verənlərin həmrəylik razılaşmasının nəticəsi də ola bilər. Bütün
hallarda isə Azərbaycan göstərdiyi mövqe ilə Rusiyadan bir addım
uzaqlaşdı. Yəqin buna görədir ki, sonradan rusiyalı generala medal
vermək məcburiyyəti yarandı.
Ərazi bütövlüyü dilemması
Başqa bir faktor kimi, AŞ PA-dan fərqli olaraq, BMT-də keçirilən
səsvermənin mövzusu fərqli idi. Ola bilsin, Azərbaycan hökuməti
ehtiyatlanıb ki, əgər BMT-də “ərazi bütövlüyü” prinsipinə səs verməsə,
Qarabağ məsələsində ciddi səhv addım atmış sayılacaq və daxili qınağa
səbəb olacaq. Ona görə də özü üçün həyati məsələ hesab edib və Rusiyanın
“göz ağartmalarına” baxmayaraq, mövqe bildirməli olub.
Ikinci mühüm məqam da odur ki, Azərbaycan bu addımdan sonra Rusiya
Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Gerasimova “iki ölkə arasındakı
hərbi əməkdaşılıqda xidmətlərinə görə” medalı verdi. Bu, Kremli
neytrallaşdırmaq cəhdi sayıla bilərdi, amma sayılmadı. Çünki bu addımdan
iki gün sonra Rusiyanın başqa bir generalı bildirdi ki, Azərbaycan və
Ermənistan arasında münaqişə aktivləşərsə, Rusiya Ermənistanla birlikdə
hərəkət edəcək. Bu bəyanat ölkəmizdə ciddi qiymətləndirildimi? Bu suala
cavab da vəziyyəti xeyli aydınlaşdıra bilər.
Bitərəflik də bir tərəfdirmi?
Bu məsələdə iki mühüm yanaşma var. Birincisi odur ki, Azərbaycan
hökuməti BMT-dən sonra ardıcıl olaraq, bir dəfə də AŞ PA-da Rusiyanın
əleyhinə səs verməklə risk etmiş olardı. Kreml dünya birliyində
təklənməsinin heyfini Azərbaycandan çıxmaq fikrinə düşə bilərdi. Buna
görə də məhz bitərəf qalmaq vəziyyəti qorumaq üçün doğru seçim sayıla
bilər. Bu seçimi Rusiyanın qəzəbini artırmadan və Qərbə qarşı getmədən
orta bir mövqe tutaraq vəziyyətdən çıxmaq kimi də qiymətləndirmək olar.
Nəzərə alsaq ki, Ermənistan Rusiyanı avtomatik dəstəkləyir, deməli,
Azərbaycanın bitərəf qalması ilə dünya birliyinin gözündə də Ermənistanı
bir addım qabaqlamaq imkanı yaranır. Amma bu mövqenin düşünülmüş bir
strategiya olduğunu demək çətinləşir. Yəni, hakimiyyət başqa amilləri
ilə yuxarıda saydığımız məqamların düşünülmüş strategiya olduğunu şübhə
altına alır.
Putinə müraciətlər – Iran reveransı
Azərbaycan hökumətinin ən qabaqdagedən YAP-çıları Putinə müraciət
edərək, ondan Qarabağı istəməyə başlayıblar. Bu, zamanında ABŞ-dan
Brejnevə göndərilən “Gəl, bizi də xilas et” məktublarını xatırlatsa da,
vəziyyət bir qədər ciddidir. Ona görə ki, Rusiya indi “xilasetmə”ni
işğalla həyata keçirir. Bu müraciətlər həm də Putinin hələ də kimlər
üçünsə ümid yeri olduğunu göstərmək məqsədilə edilir. Eldar Ibrahimovun
bu hakimiyyətin əsas danışan dillərindən biri olduğunu nəzərə alsaq,
görərik ki, rəsmi Bakı bir tərəfdən Rusiya məsələsində neytral qalır, o
biri tərəfdən öz əsas adamlarından birinin dili ilə “biz buraxsaq da,
sən bizi buraxma” bəyanatı verir. Eldar Ibrahimovun Zabelinin
çağırışlarına dəstək verməsi də bu qəbildən düşünülmüş taktikadır.
Bununla da məlum olur ki, Azərbaycan hökuməti AŞ PA-da sadəcə, BMT-dəki
mövqeyindən çəkilib. Qərbdən gələcək sanksiyalardan çəkindiyi üçün sərt
bir dönüş etməyin ağır nəticə verəcəyini düşünərək, sadəcə, sağ ucdan
ortaya doğru bir addım atıb.
Bu addımı biz həm də onunla əlaqələndirə bilərik ki, ilk vaxtlar
Qərbin daha prinsipial mövqeyi BMT-dəki səsvermədə Əliyev hakimiyyətini
qəti olmağa sövq edibsə, sonradan prinsipiallığın azalması Azərbaycan
hökumətini əvvəlki mövqeyə doğru hərəkət etməyə həvəsləndirib.
Açıq dərs
Fəqət, baş verənlər bir neçə istiqamətdə ciddi dərs hesab oluna
bilər. Birincisi, dünya birliyi aydın bilməlidir ki, avtoritar rejimlər
yalnız görünüşdə güclüdülər və azadlıqların qlobal mahiyyəti onlara da
ciddi sirayət edib, təsirli bir həmlə ilə onları ram etmək mümkündür.
Rusiya əvvəlcə AŞ PA-da hər hansı cəza olarsa, qurumu tərk edəcəklərini
bəyan edirdisə, sonradan qalıb mövqelərini əsaslandıracaqlarını,
komitələrdə işləyəcəklərini bildirdilər. Azərbaycan hakimiyyəti hər nə
qədər meydan oxuyurmuş kimi görünmək istəsə də, ciddi seçimlər
qarşısında qalanda və Qərb “gözünü ağardanda” öz maraqları əleyhinə olsa
belə, Rusiyadan uzaqlaşa bildi. Deməli, bundan sonrakı siyasi işin
başlıca iki kriteriyası olmalıdır – birincisi, təşkilatlanmış güc,
ikincisi isə sarsılmaz iradə. Bunlar olduqdan sonra qələbələr də
olduqca real olacaq. Əgər Rusiya BMT-dən sonra AŞ PA-dakı səsverməni
həzm edibsə, deməli, beynəlxalq birlik bir qədər də qətiyyətli
olmalıdır. Elə Azərbaycan xalqı da…
Short URL: http://www.cumhuriyyet.net/?p=6056