"Qərb Ukrayna məsələsində gecikir"

14.04.2014 - 10:10

Qabil Hüseynli: “Qərbin əlinə unikal bir imkan düşüb ki, Rusiya ilə məsələləri axıra qədər çürütsün”

 

“Qərbin
dişsiz siyasəti nəticədə Rusiyanın Ukraynada istədiyini həyata
keçirməsinə gətirib çıxarıb”. Son vaxtlar Ukraynada baş verənlərə
münasibətdə belə qənaətə tez-tez rast gəlmək olar. Bəzi ekspertlər isə
iddia edir ki, indiyə qədər Rusiyaya qarşı qəbul edilən sanksiyalar
Kremlə təsir eləməsə də həmin sanksiyaların effekti bir müddət keçdikdən
sonra özünü göstərəcək.

Politoloq Qabil Hüseynli bu mövzuda
bizimlə söhbətində Qərbin Ukrayna məsələsində dişsiz siyasətinin
Rusiyanın əl-qolunu açmasına stimul verdiyi barədə deyilənləri
bölüşdüyünü bildirdi: “ABŞ tərəfi nisbətən fəal olsa da, – əlbəttə ki,
bura Barak Obamanı daxil etmirəm, indi meydanda daha çox Con Kerrinin
səsi eşidilir, – yetərli deyil. Amerikanın Rusiyaya qarşı siyasətinin
kəsərli olması haqqında fikir söyləmək çətindir. Çünki Reyqan dönəminin
formalaşdırdığı müəyyən yanaşmalar və dəyərlər sistemi bu gün ABŞ-ın
xarici siyasətində açıq-aydın hiss olunmur”. 
Politoloqun fikrincə, bununla yanaşı, Rusiya bu sanksiyalardan
əziyyət çəkməyəcək və həmişə ayaqda dik duracaq fikrini də söyləmək
çətindir: “Sanksiyaların hələ bir çoxu tətbiq edilməyib, tədricən tətbiq
edilir. Onların pik dövrü yayda, məsələn, iyun ayında özünü hiss
etdirməlidir. Açığını demək lazımdır, əgər Qərb bu məsələdə Rusiyaya
uduzsa, Rusiyanın qabağını saxlamaq mümkün olmayacaq. Amma Qərb
vəziyyətin unikal olduğunu başa düşür. Vəziyyətin unikallığı bir də
ondan ibarətdir ki, bir tərəfdən Qərb və Rusiya münasibətlərinin taleyi
həll olunur, o biri tərəfdən isə Qərbin əlinə unikal imkan düşüb ki,
Rusiya ilə məsələləri axıra qədər çürütsün. Əgər bunu edə bilməsə,
Qərbin özünün bir sıra problemlərlə üzləşə biləcəyini söyləmək
mümkündür. Lakin mən inanmıram ki, Qərb tarixdə çox rastlanmayan bu
şansdan yararlanmasın, yararlana bilməsin”. 
Q.Hüseynlinin sözlərinə görə, məsələnin digər təəccüblü tərəfi
ondan ibarətdir ki, 20 ildən çoxdur müstəqillik dövrünə qədəm qoymuş
Ukraynada bu müddət ərzində ordu quruculuğu çox aşağı səviyyədə olub.
Demək olar ki, ordu özünümüdafiə qüvvələri səviyyəsində də inkişaf
etdirilməyib: “Prezident Kravçukdan başlamış Yanukoviçə qədər Ukraynanın
bütün prezidentlərini buna görə ciddi şəkildə təqsirləndirmək lazımdır.
Heyrətedici fakt ondan ibarətdir ki, bütün dövrlərdə Ukraynanın müdafiə
naziri olmuş şəxslər Rusiya vətəndaşları olublar. Yanukoviç dövründə
müdafiə naziri olmuş şəxs hətta Rusiya qəhrəmanı idi. Bütün bunlar onu
göstərir ki, müstəqillik illərində Ukraynanın müdafiə sənayesi, ordu
quruculuğu bütünlüklə Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin nəzarəti
altında olub. O səbəbdən də Rusiya Ukraynada ordu quruculuğunu istədiyi
kimi ləngidə bilib. Nəticədə indi Ukrayna ordusu ölkənin ərazi
bütövlüyünü müdafiə edə bilmir. Guya Qərbin “ağ at” üstündə gəlib
Ukraynanı düşmənlərdən xilas edəcəyinə ümid etmək Ukrayna xalqı üçün
böyük səhv olardı. Qərb, xüsusilə Avropa Birliyinə daxil olan ölkələr
bir çox məsələlərdə hələ də Rusiyadan asılıdırlar. Məsələn, təbii qaz
məsələsində ciddi asılılıq var. İndi spesifik bir şərait yaranıb. Qərb,
ilk növbədə ABŞ ciddi surətdə düşünməlidir. Onsuz da xeyli vaxt
itirilib. Onlar Rusiya ilə münasibətlərə aydınlıq gətirməlidirlər.
Gecikmə bundan sonra da davam edəcəksə, Qərb Rusiyanın qarşısını heç
yerdə ala bilməyəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930