Təhsil Nazirliyində qalmaqal
Fərzəli Qədirov Mikayıl Cabbarovun təzyiqlərindən qorunmaq üçün özünə qruplaşma formalaşdırıb
Fərzəli Qədirov Mikayıl Cabbarovun təzyiqlərindən qorunmaq üçün özünə qruplaşma formalaşdırıb
Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli
Qədirovla bağlı daha bir ilginc məlumat yayılıb. Misir Mərdanovun dönəmindən işləyən və bu
illər ərzində ən varlı məmurlar sırasına daxil olan Qədirovun haqqında
yeni yayılmış məlumat onun Təhsil Nazirliyində qruplaşma yaratması ilə
bağlıdır.
Məlumatlarda qeyd olunur ki, Qədirov hələ xeyli əvvəldən işlərini möhkəm
tutmaq üçün əksər rayonların təhsil şöbələrinə öz adamlarını rəhbər
təyin etdirib. Mikayıl Cabbarovdan öncəyə təsadüf edən bu proseslərin
fonunda qısa müddətdə şöbə müdiri bir xeyli rayonu ələ keçirməyə nail
olub. Çatan bilgilərdə bu sıraya onlarla məktəb direktoru da daxildir
ki, onların hər biri aylıq olaraq Qədirov cənablarına yerlərində qalmaq
üçün “haqq” verirlər.
Məlumatlarda o da deyilir ki, Fərzəli Qədirov qısa müddətdə özünə güclü
dəstə yaratdıqdan sonra həm böyük qazanc sahibinə çevrilib, həm də
Təhsil Nazirliyində güc mərkəzlərindən birinin başına keçib. Elə buna
görədir ki, Mikayıl Cabbarov nazir təyinatı aldıqdan sonra şöbə müdirini
işdən çıxara bilmədi. Əksinə, onu işdən çıxaracağı təqdirdə, böyük bir
müqavimətlə qarşılaşacağının fərqinə vararaq, geri çəkilməli oldu. Bu
əsnada onu da bildirək ki, Fərzəli Qədirovu həmçinin hakimiyyətdəki bəzi
adamlar da dəstəkləyirlər. Onun imkanlarından yararlanan həmin
məmurlar, eyni zamanda onu qorumağa da çalışırlar. Amma bütün bunların
fonunda əsas məsələ Təhsil Nazirliyinin rəsmisinin yaratdığı
qruplaşmadır ki, onu elə nazirliyin daxilində müxalifət kimi də qələmə
vermək olar.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6058