Bakı-Ankara münasibətlərinə Rövnəq Abdullayev düyünü

14.04.2014 - 10:21

TANAP layihəsinin təxirə düşməsinin şok sirri; “Elnur Aslanovun
yeni vəzifəyə təyinatı Ərdoğanda belə təəssürat yaradıb ki, rəsmi Bakı
Gülən camaatını radikal şəkildə cəzalandırmayacaq”; Türkiyə tərəfi
Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin tikintisini pozmaq hədəsi
ilə Bakıya təzyiqi gücləndirir, əsas hədəfdə ARDNŞ rəhbəridir…

TANAP layihəsinin təxirə düşməsinin şok sirri; “Elnur Aslanovun yeni vəzifəyə təyinatı Ərdoğanda belə təəssürat yaradıb ki, rəsmi Bakı Gülən camaatını radikal şəkildə cəzalandırmayacaq”; Türkiyə tərəfi Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin tikintisini pozmaq hədəsi ilə Bakıya təzyiqi gücləndirir, əsas hədəfdə ARDNŞ rəhbəridir…
 
Türkiyənin “Doğal Gaz İletim A.Ş.” şirkətinin baş icraçı direktoru Saltuk Düzyol Ankarada təşkil edilmiş enerji konfransında deyib ki, “Şahdəniz” qazını Azərbaycan üzərindən Türkiyəyə, oradan isə Avropaya daşıyacaq TANAP kəmərinin tikintisi Türkiyə ilə yaranmış anlaşılmazlıqlar üzündən təxirə salınıb. 
Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev isə yerli mediaya açıqlamasında cavab olaraq bildirib ki, Türkiyə TANAP qaz kəməri layihəsində payını 10 faiz artıraraq 30 faizə çatdırmaq istəyir. Onun sözlərinə görə, bununla bağlı məsələlər gələn həftə Türkiyə tərəfi ilə bir daha müzakirə olunacaq. Müzakirə Türkiyənin enerji və təbii ehtiyatlar naziri səviyyəsində keçiriləcək. Abdullayevin dediyinə görə, aprelin sonuna kimi layihə üzrə son investisiya qərarının verilməsi üzrə hazırlıqlar başa çatmalıdır.
TANAP üzrə işlərə gəlincə, SOCAR rəhbəri bildirib ki, əgər bütün işlər yekunlaşsa, onda tikintiyə bu ilin sonunda başlanacaq və 2015-ci ildə boru kəmərinin çəkilməsi üzrə işlər artıq aktiv fazaya daxil olacaq. R.Abdullayev layihənin icrasının təxirə salınması barədə iddiaları birmənalı şəkildə təkzib edib.
TANAP (Trans Anadolu Qaz Boru Kəməri) – təbii qazı Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. 
Layihənin icrası ilə bağlı anlaşılmazlıqlar müxtəlif versiyalara yol açır. Məsələ ondadır ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan aprelin 4-də Bakıya səfəri zamanı inşaat işlərinin ilin sonuna qədər başlayacağını bildirmişdi. Bunun üstündən cəmi 7 gün sonra isə Türkiyə tərəfi iddia edir ki, layihə təxirə salınır. Bu baxımdan, mümkündür ki, burada iqtisadi faktorlardan daha çox siyasi amillər rol oynayır. 
Düzdür, bu məsələdə iqtisadi amillər də yetərincədir. Misal üçün, Türkiyədə TANAP kəmərinin keçəcəyi ərazilərdə torpaqların mülkiyyətçilərdən alınmasında problemlər var. Bundan başqa, tərəflər arasında kommersiya danışıqları hələ yekunlaşmayıb. Ancaq bu problemlər aprelin 4-də – Ərdoğanın Bakı səfəri müddətində də aktual idi. Türkiyənin baş naziri arxayın şəkildə layihəyə bu il start veriləcəyini bildirmişdi. Bəs bəyanatdan cəmi 7 gün sonra nə baş verdi ki, layihənin təxirə salınması ilə bağlı məlumatlar yayılmağa başladı? 
Mötəbər hesab olunan qaynaqdan “Yeni Müsavat”a daxil olan məlumata görə, Ərdoğanın Bakı səfərində baş nazirin əsas rəqibi olan Gülən camaatının Azərbaycandakı dayaqlarının zərərsizləşməsi ilə bağlı anlaşma əldə edilib (Bu barədə yerli mediada da məlumat yayılıb). Yəni Azərbaycan tərəfi Türkiyənin israrçı baş nazirini əmin edib ki, Camaatın Bakıdakı dayaqları dağıdılacaq, şəbəkə tamamən çökdürüləcək. Türkiyə iqtidarında nədənsə belə bir qənaət var ki, Camaatın Bakıdakı əsas fiquru, himayəçisi ARDNŞ prezidenti Rövnəq Abdullayevdir. İddialara görə, hətta T. Ərdoğan Azərbaycan prezidentindən R.Abdullayevin işdən çıxarılmasını tələb edib. Bu iddiada o da vurğulanır ki, Türkiyənin baş naziri Azərbaycan prezidentinə R. Abdullayevlə bağlı məlumat dolu dosye də verib. Guya həmin dosyedə SOCAR rəhbərinin nurçulara yaxın olmasını sübut edən bilgilər var…
Ötən saylarımızda qeyd etmişdik ki, Bakıda “Hizmət” hərəkatının (Gülən camaatının hazırkı əsas təyinatını bu kəlmə daha yaxşı ifadə edir) əsas siyasi dayaqlarından sayılan Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun işdən azad edilməsi Türkiyə mətbuatında geniş rezonans doğurub. Qardaş ölkə mediası Gülən camaatının Bakıdakı siyasi dayağının zərərsizləşməsini Ərdoğanın uğuru kimi qiymətləndirirdi. Türkiyə mediası həmçinin, bununla bağlı baş nazirin Azərbaycan prezidentinə telefon açdığını və ona təşəkkür etdiyini yazırdı. E.Aslanov işdən çıxarıldıqdan sonra ona məxsus media və biznes strukturları da sıxışdırılmağa başladı. Ancaq prosesin arxası gəlmədi; Ərdoğan Ankaraya döndü və Camaatın Bakıdakı təqibi sanki dayandı. O cümlədən Türkiyə baş nazirinin hədəfində olan  R.Abdullayev hələlik toxunulmazlığını qoruyub saxlayır. 
AKP iqtidarındakı qaynaq deyir ki, onlar özlərini aldadılmış hesab edirlər. Çünki Azərbaycan tərəfi söz versə də, Gülən məktəblərini bağlamadı; sadəcə üzdə guya əl dəyişdirdi. Bütün liseylər, “Araz” kursları, Beynəlxalq Təhsil Kompleksinin səhmləri SOCAR-a keçib. Lakin AKP zehniyyəti bu prosesdən şübhələnir və bunu o qədər də yaxşı qurulmamış oyun sayır. 
Onların siyahısına görə, hətta SOCAR-ın nəzdindəki Ali Neft Akademiyası da Gülən camaatının nəzarətindədir. Bir sözlə, Türkiyədə hazırda iqtidarı təşkil edən və Gülən camaatını hədəfə alan AKP rəhbərliyi əmindir ki, məhz  Rövnəq Abdullayevin sayəsində Azərbaycandakı “Hizmət” hərəkatını bitirə bilmirlər. Bu səbəbdən də ən ağlasığmaz və radikal addımlara yol verirlər. 
Görünən budur ki, Ərdoğan hədəfinə çatmaq üçün Türkiyə dövlətinin bəzi resurslarını da istifadə edir. Bu məqsədlə hətta  ARDNŞ-in Türkiyədə həyata keçirdiyi “Star” neftayırma zavodu və eyni adlı terminalın tikintisi layihəsinə də problemlər yaradılır. Türkiyə dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisi üçün lisenziya versə də “Buhar Enerji” adlı başqa şirkətə də geotermal sulardan elektrik enerjisi istehsal etmək üçün lisenziya verib. Nəticədə SOCAR illərdir bu şirkətlə məhkəmə çəkişməsindədir. 
“Star”ın tikintisi Azərbaycan prezidentinin şəxsi nəzarətində olan bir məsələdir və layihənin maliyyələşdirilməsinin bir hissəsini Azərbaycan Dövlət Neft Fondu həyata keçirir. Layihənin ümumi dəyəri 5 milyard dollardır. Diplomatik qaynaq bildirir ki, Türkiyə tərəfi Bakı anlaşmasının pozulacağından narahatdır: “Ona görə də Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin tikintisini pozmaq hədəsi ilə Bakıya təzyiq göstərmək niyyətindədir. 
Bu layihə Bakı üçün strateji önəm daşıyır. Ərdoğan hökuməti bu zəif bənddən yapışaraq Azərbaycan hökumətinə təzyiq göstərmək istəyir. Çünki Elnur Aslanovun yeni vəzifəyə təyinatı Ərdoğanda inamsızlıq yaradıb. Ərdoğan və onun ətrafında belə bir rəy yaranıb ki, rəsmi  Bakı Gülən camaatını Ərdoğanın istəyincə cəzalandırmayacaq. Ona görə təzyiqi gücləndirmək istəyir. Hətta Türkiyə tərəfində belə bir məlumat var ki, Prezident administrasiyasından çıxarılan Elnur Aslanov yaxın zamanlarda hazırda işlədiyi yeni sahədə nazir müavini təyin olunacaq”.
Mənbə onu da bildirir ki, rəsmi Bakı Ərdoğanın təzyiqləri qarşısında hələ ki duruş gətirir və bunun üçün də ciddi əsaslar var: “Birincisi, istər “Star”, istərsə də TANAP layihəsi Azərbaycana lazım olduğu qədər də Türkiyəyə lazımdır. Üstəlik, TANAP həm də Qərbin dəstəklədiyi bir layihədir. Söhbət Qərbin enerji təhlükəsizliyinin təminatına xidmət edən mühüm bir layihədən gedir. 
Yəni bu layihələr R.Abdullayevin personası ilə bağlı məsələ deyil. Ona görə də Azərbaycan hökuməti Gülən camaatına düşmən mövqe sərgiləmək istəmir. Ancaq təbii ki, Ərdoğanı da tam incik salmaq niyyətində deyil. Gülən camaatının Bakıdakı dayaqları tam sıradan çıxarılmayacaq, sadəcə bir qədər zəiflədiləcək, Elnur Aslanovun timsalındakı kimi – Prezident Administrasiyasında şöbə müdiri vəzifəsindən nazirliyin şöbə müdiri səviyyəsinə qədər gücləri azaldılacaq. Ərdoğan isə Bakıdan daha radikal addımlar gözləyir. Düzdür, R.Abdullayevin qurban veriləcəyi istisna deyil və bunu hər an gözləmək olar. Ancaq bu da radikal formada olmayacaq”.
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=6064

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930