Ruhani Əliyevi İrana ona görə dəvət etdi ki…
14.04.2014 - 15:52
Azərbaycanın dövlət başçısı İlham Əliyevin İrana səfərinin məqsədi ilə bağlı müxtəlif fikirlər söylənməkdədir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu səfərə maraqlı bir yanaşma da Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğludan gəlib. Onu qeyd etmək yerinə düşər ki, hakimiyyətin bir qayda olaraq İranla bağlı xarici siyasəti ilə bağlı müəyyən məqamlara qeyri-rəsmi şəkildə məhz Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi tərəfindən aydınlıq gətirilir. “İran regional siyasətini dəyişmək niyyətindədir. Eləcə də İranın ali dini lideri Seyid Əli Xamneyi “müqavimət iqtisadiyyatı” adı ilə İranda qeyri-neft iqtisadiyyatını qurmaq istəyir. Azərbaycan Prezidentinin indiki dövrdə İrana dəvət olunmasının əsas səbəbi də budur”, deyə M.Əhmədoğlu “Trend”ə açıqlamasında bildirib.
Mübarizə Əhmədoğlu: “İrana səfərin səbəbi Azərbaycanın potensialının İranın “müqavimət iqtisadiyyatı”na cəlb edilməsi idi”
Politoloq qeyd edib ki, Azərbaycan İranla bu istiqamətlərdə əməkdaşlıq etməyə hazır olduğunu dəfələrlə bəyan edib. M.Əhmədoğlunun fikrincə, İranın təşəbbüskarlıq etməsinə baxmayaraq “top hələ də İranın meydançasındadır”. Politoloqun fikrincə, İranın regional mesajları əvvəlkilərdən tam fərqlənir: “Onlardan biri “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikilməsidir. Prezidentlərin görüşündən sonra imzalanan sənədlərdən biri “Ordubad” (Azərbaycan Respublikası) və “Marazad” (İran) iki su elektrik stansiyasının tikilməsini nəzərdə tutur”.
Fuad Qəhrəmanlı: “İrana səfərdə məqsəd gələcəkdə Rusiyadan Azərbaycana ola biləcək təzyiqlərə bu dövlətin qoşulmasının qarşısını almaq idi”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, İ.Əliyevin İrana səfəri Tehranın istəyindən daha çox Azərbaycanın təşəbbüsü ilə gerçəkləşib. İ.Əliyevin İrana səfərindən öncə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu dövlətə səfər etməsini xatırladan F.Qəhrəmanlı vurğuladı ki, bu səfərin məqsədi İ.Əliyevin İrana gedişinə hazırlıq idi. İ.Əliyevin İrana səfərində Azərbaycanın müəyyən gözləntilərinin ollduğunu deyən AXCP yetkilisi qeyd etdi ki, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycanla Rusiya arasında müəyyən gərginlik yaranıb: “Bu gərginliyin daha da artacağı gözlənilir. Belə bir vəziyyətdə mövcud hakimiyyət çalışır ki, regional baxımdan münasibətləri normalaşdırmaq istəyir. Məqsəd gələcəkdə Rusiyadan Azərbaycana qarşı ola biləcək təzyiqlərə İranın qoşulmasının qarşısını almaqdır. İranın Rusiya ilə birgə Azərbaycana təzyiq etməsi ölkəmizi çətin vəziyyətə sala bilər. Ona görə də İranla soyuq olan münasibətləri normalaşdırmaq üçün təşəbbüs göstərilib”.
Amma Azərbaycanın təşəbbüsünün baş tutmadığını düşünən F.Qəhrəmanlı hesab edir ki, buna bariz nümunə İranın ali dini rəhbərinin açıqlamasıdır. F.Qəhrəmanlının qənaətincə, hazırda müzakirə predmeti İranla Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi deyil, Azərbaycana qarşı irəli sürülən şərtlərdir: “Əgər İran Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olsaydı və İlham Əliyev İrana bu məqsədlə dəvət olunsaydı, ali dini rəhbərin bu cür açıqlaması olmazdı. Çünki o, açıq şəkildə bildirib ki, Azərbaycanla münasibətlərin inkişafı məhz islamçıların azad olunmasından, İsrail ilə münasibətlərdə atılacaq addımlardan asılıdır. Bu diplomatik baxımdan o deməkdir ki, şərt qarşı tərəfin nəsə istəməsi zamanı irəli sürülür. Bu Azərbaycanın istəyinə İran tərəfindən irəli sürülən şərtdir”.
Bu baxımdan İrana reallaşan səfərin uğursuz olduğunu düşünən F.Qəhrəmanlı bildirdi ki, İrandan istənilən dəstək reallaşmadı. Çünki Azərbaycan qarşısında şərt irəli sürülüb və münasibətlərin gələcək inkişafı bu şərtlərin yerinə yetirilməsindən asılıdır: “Bu şərtlərin isə yerinə yetirilməsi mümkün deyil. Çünki seçim qarşısında qaldıqda Azərbaycan İsrail ilə münasibətlərə önəm verir”.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=6092