Kreml Əliyevlərdən nə qopardıb?
15.11.2013 - 10:00

Rusiya və Azərbaycan arasında hava hücumundan vahid müdafiə sisteminin yaradılması haqda məlumat vermişdik. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyasının Müdafiə Nazirliyinin rəsmi saytı məlumat yayıb. Bu barədə qərar MDB ölkələri Baş Qərargah rəislərinin Bakıda keçirilən iclasında verilib.
Iclas iştirakçıları MDB ölkələrinin hava hücumuna qarşı vahid müdafiə sistemi yaratmaq haqqında razılaşıblar. Həmçinin nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını razılaşdırıb. Iclasın gedişində Qərargah rəhbərləri arasında minalardan təmizləmə haqqında razılaşma da əldə olunub.
Belə bir razılığın əldə olunmasını bir çoxları müsbət qarşılasa da, bəzi ekspertlər bunu müstəqilliyə təhlükə kimi qiymətləndirir. Məsələn, millət vəkili Zahid Oruc bildirib ki, bu saziş Azərbaycanın milli maraqlarına zərbə vurmur və bununla Ukrayna əleyhinə heç bir şərait yaratmırıq.
Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Azərbaycan və Rusiya arasında imzalanan hərbi saziş Azərbaycanın təhlükəsizliyi baxımından ziyanlı deyil, əksinə, xeyirlidir.
Politoloq Vəfa Quluzadə isə, belə bir sazişin imzalanmasına inanmadığını və bunun suverenliyimiz üçün təhlükə olduğunu bildirir. Hərbi ekspert Cəsur Sümərənli isə belə bir sazişin imzalanmasının NATO ilə əməkdaşlığa ziyan verəcəyini söyləyir.
Ancaq Azərbaycan tərəfinin belə bir razılaşmaya imza atması rəsmi şəkildə təsdiqlənməyib. Məlum olan odur ki, aprel ayının 8-də Bakıda MDB ölkələri Baş Qərargah rəislərinin iclası keçirilib. Iclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib. Iclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, müzakirə olunmuş məsələlərlə bağlı nazirliyin saytında məlumat yerləşdirilib və bəzi jurnalistlər dəqiqləşdirilməmiş məlumatlar yazıblar. Nazirliyin saytındasa yazılır: “Iclas iştirakçıları tərəfdaşlıq münasibətləri əsasında hərbi sahədə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə 2020-ci ilədək MDB-nin üzvü olan dövlətlərin hərbi əməkdaşlığının inkişafına konseptual yanaşma məsələlərini razılaşdırıblar. Birlik çərçivəsində çoxtərəfli hərbi əməkdaşlığın prioritet istiqamətlərindən biri MDB hava hücumundan müdafiə sahəsində araşdırmalar və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin maraqları üçün geoməkan məlumatların mübadiləsi sahəsində əməkdaşlıq iştirakçılar tərəfindən xüsusi qeyd edilmişdir”.
Afiq Muradov
Short URL: http://www.cumhuriyyet.net/?p=6106