Libermanın Bakı səfərinin məqsədi
15.04.2014 - 10:06

Təbii ki, Liberman Ilham Əliyevdən Iran səfəri barədə soruşacaq və o da nə cavab verəcəyini bilir”
Israilin xarici işlər naziri Aviqdor Liberman yaxın günlərdə Bakıya rəsmi səfər edəcək. Virtualaz.org saytının xəbərinə görə, bu barədə Israil Xarici Işlər Nazirliyindəki yüksək rütbəli mənbə “Vestnik Kavkaza” portalı ilə əməkdaşlıq edən israilli jurnalist Petr Lyukimsona bildirib. Mənbə deyib ki, Liberman geniş tərkibli nümayəndə heyətinin müşayiəti ilə aprelin 30-da Bakıya yola düşəcək: “Əgər hansısa fövqəladə hadisə baş verməsə…”
Israil XIN-in əməkdaşı bildirib ki, səfərin yekun proqramı hələ işlənilir, ancaq indidən məlumdur ki, Liberman Bakıda prezident Ilham Əliyevlə və Azərbaycan dövlətinin rəhbərliyində yer alan digər şəxslərlə görüşəcək. Tərəflər Israillə Azərbaycan arasında kənd təsərrüfatı, səhiyyə, yüksək texnologiyalar, müdafiə sənayesi və iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması məsələlərini müzakirə edəcəklər. Qeyd edək ki, bir neçə gün öncə Ilham Əliyev Irana səfər etdi və iki ölkə arasında müxtəlif məsələlər müzakirə olundu. Səfər sonrası isə, Xamneyinin nümayəndəsi Həsən Amaili mətbuata açıqlamasında bildirdi ki, Azərbaycanla münasibətlər o zaman inkişaf edə bilər ki, Azərbaycan Israillə əməkdaşlığa son qoysun. Yəni yaranmış mənzərə onu göstərir ki, 2 ölkə arasında problemlər tam həll olunmayıb və Iran Azərbaycanın müəyyən addımlar atmasını tələb edir. Belə bir məqamda Libermanın Azərbaycana səfərinin məqsədi nədir və bu səfər Iranla münasibətdə hansı gərginliyi yarada bilər.
Vəfa Quluzadə: “Liberman Bakıda Ukrayna məsələsini müzakirə edəcək və Iranın bu səfərdən qıcıqlanmağa haqqı yoxdur”
Politoloq Vəfa Quluzadə hesab edir ki, Libermanın səfərində əsasən Ukrayna məsələsi müzakirə olunacaq və Iranın bundan qıcıqlanmağa haqqı yoxdur: “Ilham Əliyevin Iran səfərindən sonra səslənən fikirlər, Iranın dini lideri və ya prezidenti tərəfindən olmayıb. Ancaq bu Iranın arzusudur ki, Azərbaycan-Israil əməkdaşlığı korlansın. Bu isə çox məntiqsiz arzudur. Əvvəla, Azərbaycanın Israillə əlaqələri Irana qarşı yönəlməyib. Ancaq Iranın Ermənistanla əlaqələri Azərbaycan qarşıdır və işğalçı dövləti dəstəkləməkdir. Ona görə Iranın Azərbaycanın daxili işinə qarışmağa və belə tələblər irəli sürməyə haqqı yoxdur. Təbii ki, Liberman Ilham Əliyevdən Iran səfəri barədə soruşacaq və Ilham Əliyev də nə cavab verəcəyini bilir. Ümumiyyətlə, Israil Qərbin, ABŞ-ın müttəfiqidir. Bu səfərdə də müzakirə mövzusu əsasən Ukrayna olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6108