Ziya Məmmədov üçün sonun başlanğıcı
15.04.2014 - 10:17
Ziya Məmmədov üçün sonun başlanğıcı

Nazirliyin əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin daşınmasının təşkili funksiyası Bakı Şəhər İcra Hakimiyyətinə verildi; son 2 ildə 3 əsas maliyyə qaynağı və bir bankı əlindən çıxan Ziya Məmmədov itirə-itirə gedir
Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Qərarın tam mətni Nazirlər Kabinetinin rəsmi saytında yerləşdirilib.
Qərarda deyilir ki, MMC Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi ilə yaradılır.
Qərarda göstərilir ki, MMC-nin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin müəssisəyə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılsın, Maliyyə Nazirliyi ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin.
Bundan başqa, Nəqliyyat Nazirliyinin Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərinin müəyyən edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəmiyyətin nizamnaməsinin təsdiq edilməsi, dövlət qeydiyyatına alınması və icra orqanlarının yaradılması qərarda əksini tapıb.
Bakı Şəhər İcra Hakimiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etmək tapşırılıb.
İndiyə qədər paytaxtda sərnişin daşınması xidmətini Nəqliyyat Nazirliyi təşkil edirdi. Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında idi. Nazirlər Kabinetinin sözügedən qərarı ilə sərnişin daşınma xidməti meriyanın nəzarətinə keçir. Bununla da Ziya Məmmədovun daha bir maliyyə qaynağı qapadılıb. Bir qədər öncə Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi. Qısa müddət ərzində Ziya Məmmədov iki böyük maliyyə qaynağından rəsmən məhrum edilib.
Nazirliyin əsas müəssisəsi olan “Azəryolservis” ASC də faktiki olaraq Z.Məmmədovun təsir dairəsindən çıxarılıb. Düzdür, formal olaraq ASC-nin səhmlərinin 100 faizi Nəqliyyat Nazirliyinə məxsusdur. Ancaq ASC-nin sədri Cavid Qurbanovun ölkənin hakim elitasında mövqeyi hazırda nazirinkindən daha güclüdür. O, artıq yuxarı instansiyalara birbaşa hesabat verir. Yəni onun Z.Məmmədova tabeçiliyi formal xarakter daşıyır. Vaxtilə ASC Z.Məmmədovun əsas maliyyə qaynağı sayılırdı. Yol tikinti və təmirinə ayrılan dövlət investisiyalarına “Azəryolservis” nəzarət edir. Yeri gəlmişkən, son 8 ildə “Azəryolservisə” 7 milyard manat, bu il isə 1,3 milyard manat ayrılıb. İndi bu nəhəng pulların xərclənməsinə nəzarət Ziya Məmmədovun əlindən çıxıb.
Ümumiyyətlə, son dövrlər Ziya Məmmədov itirə-itirə gedir. Bir qədər öncə onun ailə üzvlərinə məxsus olan “Bank of Azərbaycan” ASC də onlardan alınaraq “Bakı” futbol klubunun prezidenti, “Hafka” ləqəbli Hafiz Məmmədovun mülkiyyətinə keçirilib. Bu onu göstərir ki, Z.Məmmədovun hakimiyyətdəki mövqeləri getdikcə zəifləyir. Bu gedişlə ölkənin ən böyük oliqarxlarından sayılan Ziya Məmmədov karyerasını tezliklə bitirə bilər. Eyni aqibəti 2005-ci ildə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, daha sonra Heydər Babayev, onlardan sonra isə Misir Mərdanov da yaşayıblar. Hər üç naziri işdən çıxartmaq ərəfəsində onların səlahiyyətlərinin, maliyyə qaynaqlarının, bank və xəstəxanalarının, digər varidatlarının əllərindən alınması prosesinə start verilmişdi.
Eyni tendensiya gedir və sonda Z.Məmmədovun kreslosu ilə vidalaşacağı çox real görünür. Oliqarxları vurmazdan öncə təsir dairəsindən olan rıçaqları əllərindən alırlar ki, onları sakitcə yola sala bilsinlər.
Obyektivlik naminə qeyd edək ki, sərnişin daşınması işinin meriyaya tapşırılması düzgün addımdır. Dünya təcrübəsində sərnişin daşınması işi Nəqliyyat Nazirliyinin kurasiyasında deyil, bu anormallıq yalnız Azərbaycanda mövcud idi. Bu işlə ya bələdiyyələr, ya da meriya məşğul olmalıdır. Ancaq təbii ki, bu qərar dünya təcrübəsinə istinadla, anormallığı aradan qaldırmaq məqsədi ilə verilməyib. Bu, nəqliyyat nazirinə tətbiq edilən sanksiyadır və böyük ehtimalla növbəti sanksiyalar da olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6110