Rusiya indi də Qazaxıstanı işğalla hədələyir
15.04.2014 - 10:23
Rusiya indi də Qazaxıstanı işğalla hədələyir
Krımı işğal edən, Şərqi Ukraynanı ilhaq etməyə hazırlaşan Rusiya MDB məkanında olan digər əraziləri də zəbt etməyə hazırlaşır. Artıq Qazaxıstana qarşı ərazi iddiaları irəli sürülür.
Kreml açıq şəkildə bəyan edir ki, SSRİ zamanı RF-nin beş vilayətinin Qazaxıstana verilməsi qanunsuzdur və bu ərazilər təkrar Rusiyaya qaytarılmalıdır.
Rusiya Şərqi Qazaxıstanın Moskvanın nəzarətinə qaytarılmasını tələb edir. Putin belə hesab edir ki, SSRİ dönəmində Qazaxıstanın ərazisi olduqca kiçik olub və odur ki, Omsk vilayətinin bir hissəsi 1936-cı ildə qazaxlara peşkəş edilib və nəticədə Qaraqanda yaradılıb. Rus şovinistlərinin fikrincə, Rusiyanın qazaxlara verdiyi beş vilayət nəticəsində Qazaxıstan muxtar vilayətdən muxtar respublikaya çevrilib.
Kreml bəyan edir ki, həmin beş vilayətin vətəndaşları yenidən Rusiyanın tərkibinə daxil olmaq istəyirlər və odur ki, bununla bağlı Putinə müraciət ediblər.
Ümumiyyətlə, Rusiyada hesab edirlər ki, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan birləşdirilməli və Orta Asiya vilayəti kimi Rusiyanın tərkibinə daxil olmalıdır.
Orta Asiyaya qarşı ərazi iddiaları ilə çıxış edən Rusiya Moldova, Latviya, Litva, Estoniyaya qoşun yeridə biləcəyi ilə hədələyir. Moskva növbəti hədəfdə isə Çexiya və Polşa olacağını gizlətmir.
Lakin Rusiya belə davranışı ilə özü üçün ciddi problemlər yaradır. Rusiyanı siyasi təcrid və iqtisadi sanksiyalar gözləyir. Bunu Putin də anlayır. Odur ki, Avropanı “qaz şantajı” ilə qorxudur. Avropa ölkələri Rusiya ilə gərgin münasibət yaşamaq istəmirlər. Avropa başa düşür ki, Rusiyanın qaz təzyiqinə duruş gətirə bilməyəcək. Məsələ bundadır ki, hazırda avropalılar mavi yanacağın 33 faizini Rusiyadan alırlar. Bu isə ildə 117 milyard kubmetr qaz deməkdir. Şərqi Avropanın bəzi ölkələri isə demək olar ki, Rusiyadan 100 faiz asılı vəziyyətdədirlər. Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün 117 milyard kubmetr qazın alternativ mənbələrdən alınmasına ehtiyac var.
Təhlilçilər əmindirlər ki, Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün “Transxəzər” layihəsinin işə düşməsi vacibdir.
Xəzərin dibi ilə çəkiləcək “Transxəzər” qaz boru kəməri Türkmənistan qazını Azərbaycan ərazisindən daşımaqla Avropaya nəql edəcək.
Bu isə Avropanı Rusiyanın əsas şantaj alətindən məhrum edə bilər. Bu layihə birbaşa ABŞ-ın dəstəyi ilə həyata keçirilir. Ona görə də ABŞ tərəfləri narazılıqları kənara qoyaraq bu layihəni gerçəkləşdirməyə çağırıb. Layihə Azərbaycan və Türkmənistanı Rusiyanın təhdidlərindən qoruyacaq və hər iki ölkənin təhlükəsizliyini təmin edəcək bir gücə malikdir.
Göründüyü kimi, ABŞ Rusiyaya qarşı qaz alyansı formalaşdırmağa çalışır. Bu layihənin də əsas oyunçularından biri Azərbaycandır. Ötən ilin sonlarında – Ukraynada qarşıdurma pik həddinə çatanda Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo bildirmişdi ki, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması Avropanın daha güclü enerji təhlükəsizliyinə qapı açmağa imkan verir.
Xatırladaq ki, Türkmənistan təbii qaz ehtiyatına görə dünyada 4-cü yeri tutur. Türkmənistanda ildə 32 milyard kubmetr qaz hasil olunur və bu qazın böyük hissəsi qonşu ölkələrə – Gürcüstana, Ukraynaya, Rusiya Federasiyasına göndərilir. Türkmənistanda təbii qazı ixrac etmək üçün hələlik yalnız bir boru kəməri (Rusiyaya) mövcuddur. ABŞ xeyli vaxtdır Türkmənistan qazının Avropaya nəqli üçün “Transxəzər” qaz boru kəmərinin reallaşmasına çalışır. Rusiya ilə Qərb arasındakı qarşıdurma isə layihəni yenidən aktuallaşdırıb.
Putin anlayır ki, Azərbaycan və Türkmənistan Avropanı Rusiyanın vəd etdiyi “soyuq qışdan” xilas edə bilər. Elə bu səbəbə də hər iki ölkəni işğalla qorxudur. Ehtimal etmək olar ki, “Transxəzər” reallaşmaq üzrə olarsa, Moskva hər iki ölkəyə qoşun yeridə bilər. Artıq aylardır ki, Kreml beynəlxalq hüquq normalarını dəyərsiz bir sənəd toplusu adlandırır.
Göründüyü kimi, Putin gerçəkdən özünü “yeni Hitler” hesab edir. Lakin onun Hitlerdən bir fərqi var – nüvə silahına malik olmaq. Əgər Hitler nüvə silahına malik olsaydı, dünya daha böyük faciələr yaşaya bilərdi. Hitlerdən daha qəddar və sərsəm olan Putindən isə istənilən addımı gözləmək olar…
(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=6111