Bakı "QAİ"sinin rəisi Bakıda restoran açıb?

15.04.2014 - 10:45

Bakı “QAİ”sinin rəisi Bakıda restoran açıb?

Kütləvi informasiya vasitələri paytaxtda özbaşınalıqdan xəbər verən maraqlı şəkil yayıb. 
Bu şəkildə Bakının düz mərkəzində, şəhərimizin siması və simvollarından olan Fəvvarələr meydanında çox bahalı, dövlət nömrə nişanları olan bir neçə dəbdəbəli avtomobilin saxlandığı görünür. Bu bahalı maşınların saxlandığı dəqiq yer “Azərbaycan” kinoteatrının qarşısıdır.
Bakı Şəhər Dövlət Yol Polisinin görmədiyi təkcə bu deyil. Paytaxtda digər yol hərəkəti qaydalarının pozulmasını ANS TV-nin əməkdaşı müşahidə edib.
Gözümüzdən yayınmayan, yollarda baş verən qanunsuzluqlardan biri qara plyonkalı avtomobillərə hələ də paytaxt yollarında rast gəlinməsidir. Baxmayaraq ki, bu barədə prezidentin hələ ötən il sərt göstərişi olub.
Azərbaycan prezidenti İlham Əliyev: “Mən dəfələrlə bu məsələyə toxunmuşam ki, plyonkalar maşınlardan sökülsün. Hansısa ikinci-üçüncü dərəcəli məmurlar özlərini gizlədirlər. Kimdən gizlənirlər, nədən gizlənirlər. Xalq onları görsə, əriyəcəklər, nə olacaq ki?”.
Təəssüf ki, Bakı Şəhər Yol Polis İdarəsi ölkə başçısının bu göstərişindən bir il keçməsinə baxmayaraq hələ də pəncərələrində qara plyonkalarla avtomobil idarə edən sürücülərin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir. Amma magistral yollarda paytaxt yolları ilə müqayisədə vəziyyət bu sarıdan daha yaxşıdır. Çünki Respublika Baş Dövlət Yol Polis İdarəsinin mütəmadi apardığı tədbirlər nəticəsində magistral yollarda şütüyən qara plyonkalı avtomobillərə qarşı tədbirlər görülür. Bəlkə elə bu səbəbdəndir ki, magistral yollarda paytaxta nisbətən daha az sayda qəzalar baş verir və yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı da azdır. 
Amma müşahidələrimiz göstərdi ki, Bakı yollarında problem təkcə bu deyil. Günorta saatlarında paytaxt küçələrində ağır tonnajlı yük avtomobillərinə rast gəlinir. Halbuki mövcud qaydalara görə, onlar yalnız saat 20:00-dan sonra paytaxta daxil ola bilərlər.
Mövzunun mətbuatda dəfələrlə işıqlandırılmasına baxmayaraq Bakı Şəhər Yol Polisi İdarəsi nədənsə yük avtomobillərinin öhdəsindən gələ bilmir.
Elə hamının dilində əzbər olan tıxac və parketmə problemi də həll edilməmiş qalır. Günün günorta çağında bahalı avtomobil sahibləri maşınları qadağan olunmuş yerlərdə park edirlər. 
Amma Bakının yol polisi niyəsə onları görmür, evakuatorlarla gəlib maşını aparmır, sürücüyə cərimə yazmır. Nəticədə yol daralır, tıxac yaranır. Normalda belə tıxac olan kimi yol polisi gəlib hərəkəti tənzimləməli, yolu açmalıdır.
Amma bizim bu gün (aprelin 14-də-red.) adətən tıxac olan ərazidə apardığımız müşahidələr zamanı gözümüzə yol polisi avtomobili dəymədi. Bəzi yerlərdə isə qanunsuz parketmə adət halını alıb. Məsələn, Nərimanov heykəlinin yaxınlığındakı restoranlardan birinin qarşısı axşam saatlarında qeyri-qanuni park edilmiş avtomobillərin əlindən keçilməz olur. Amma bahalı avtomobil sahiblərinin bu cür kobud qayda pozuntusunun qarşısını alan yoxdur. Deyilənə görə, bu restoranın sahibi Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovdur. 
Bakı şəhərində yol hərəkəti qaydalarının kobud surətdə pozulması və paytaxtın yol polisinin buna göz yumması ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik (ANS TV).

Short URL: http://www.cumhuriyyet.net/?p=6115

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930