Deputatın qohumuna korrupsiya ittihamı
Lerik rayon sakini Muxtarov Həsənağa
təhsil sektorundakı yeyinti haqda redaksiyamıza məktub göndərib. O, bu
məktubu müxtəlif dövlət qurumlarına göndərdiyini, ancaq tədbir
görülmədiyini bildirir. Redaksiyamıza yazmaqda məqsədi məktubun dövlət
başçısına çatmasına inamıdır, bəlkə bu yolla şikayəti oxundu və tədbir
görüldü.
“Cənab prezident, yazıb sizə bildirirəm ki, mən 50 il rayonda rəhbər
vəzifələrdə işləmişəm, o cümlədən 20 ilə yaxın rayon kənd təsərrüfatına
rəhbərlik etmişəm. Işlədiyim bütün bu müddətdə çalışmışam ki, dövlət
qanunlarına əməl edim. Rayonda olan bir çox məmurlar rayon təhsil
idarəsində qanuna zidd fəaliyyət göstərir və sizin verdiyiniz
tapşırıqları pozaraq, öz şəxsi məqsədlərini həyata keçirirlər. Rayon
təhsil idarəsinin müdiri Balaşirin Nəsirov xalqın gözü qarşısında, açıq
şəkildə saxtakarlıq edir, mənimsəmələr həyata keçirir. Təkcə 2013-cü
ildə Bakı və digər rayonlarda olan şirkətlərə 900000 manat pul
köçürərək, inventar avadanlıqlar almaq adı ilə mənimsəyib.
1.Belə ki, Bakı şəhərində olan “Qızıl-Qala” MMC-yə 120000 manat
kompüter və blencer almaq üçün pul köçürülmüşdü. “Xəzər ulduzu” MMC-yə
93000 manatlıq kompüter və televizor, “Affari” MMC-yə 20000 manatlıq
yumşaq inventar, “Vinetor” MMC-yə 90000 manatlıq şkaf, asılqan, müəllim
masası, “Ceyhun” MMC-yə 21000 manatlıq yumşaq inventar “Parlet” MMC-yə
80000 manatlıq stul, “Şturman” MMC-yə 21000 yumşaq inventar, Masallı
rayonunda olan bir MMC-yə müəyyən avadanlıqlar almaq üçün 240000 manat
köçürülərək mənimsənilib.
Rayonda olan məktəblərdə yuxarıda göstərilən avadanlıqlar demək olar
ki, yoxdur. Alınmış inventar və avadanlıqları dəyərindən artıq
şişirdərək, bir çox məktəb direktorlarına və digər müəssisə rəhbərlərinə
qəbul etdiklərinə dair sənəd imzaladıblar.
Məsələn, 1 ədəd əl topunua 120 manat, 1 ədəd saniyəölçənə 60 manat
yazıblar. Rayon təhsil şöbəsinin müdiri peşə məktəbində işləyərkən 40000
manat mənimsəmə etmişdi. Hər ay orta məktəb direktorlarından 50 manat,
natamam orat məktəb direktorlarından 30 manat pul yığır. Rayonda 16 uşaq
bağçasının olmasına dair hesabat verilir və ayrılan vəsait
mənimsənilir.
Bu adam təhsil nazirinin xəbəri olmadan 25 nəfər müəllimi işə qəbul
edib, əlbəttə ki, tamah məqsədilə. Yaxını Süleyman Rzayevin mövcud
olmayan tikinti şirkəti vasitəsilə dövlət vəsaiti mənimsənilir. Əgər bu
şirkət mövcuddursa, bunun işçi qüvvəsi hardadır?
Bu dərs ilində rayonun 3 kəndində 160 şagirdlik natamam orta məktəb
binası tikilib. Halbuki həmin məktəblərdə 40 nəfərdən artıq şagird
yoxdur. 160 nəfərlik məktəbin tikintisinə sərf olunmuş vəsait süni
şəkildə şişirdilərək, 1 milyon 800 min manat dəyərində sənədləşdirilib.
Xahiş edirəm bu tikinti işlərini etibarlı mütəxəssislərə yoxlatdırıb,
tədbir görəsiniz.
Son 4-5 tədris ilində şagirdlərin sayı 13000 olsada, 2011-2012-ci
dərs ilində bu rəqəm 8000-ə endirilib. Beləliklə, 5000 şagird üçün külli
miqdarda vəsait mənimsənilib. Sual ortaya çıxır 5000 şagird hara yoxa
çıxıb.
Nəsirov həmişə intriqa yaradaraq adamları bir-birinə qarşı qoyur.
“Təhsil problemləri” qəzetində B.Nəsirovun qanunsuz hərəkətləri barədə
xeyli yazı çap olunub. Işçilərə göstəriş verib ki, onun əməllərini
tənqid edən qəzetin Lerikdə yayımına imkan verilməsin. Çox hörmətli
prezident, hər hansı bir dövlət məmurunun xalqa, ictimaiyyətə
hörmətsizliyi “gedin kimə istəyirsiniz deyin, mən belə edirəm”
deməsindədir. Onda həmin məmur dövlətə və prezidentə xəyanət etmiş olur.
O, xalqda dövlətə qarşı kin-küdurət yaratmağa çalışır. Rayon rəhbərliyi
onu müdafiə edir, korrupsiya əməllərinə göz yumur.
Bu Nəsirov kasıb ailədən olan bir şəxsdir. Lakin qısa müddətdə özünə 2
ədəd 100-150 min manatlıq xarici maşın alıb, Bakıda Mərdəkan
qəsəbəsində və rayon mərkəzində dəbdəbəli ev tikdirib. Vaxtının çoxunu
deputat qohumu Hüseynbala Mirələmovun “1001 gecə” istirahət zonasında
keçirir. Çox təəssüf ki, Nəsirovun belə əməllərinə sipər çəkməli olan
icra başçısı R.Bağırov və Hüseynbala Mirələmov onun müdafiəçisi kimi
çıxış edir.
P.S. Redaksiya məktub müəllifi ilə əlaqə saxlayıb və Həsənağa Muxtarov məktubun ona məxsus olduğunu bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=6150