Gömrükdən yığılan pullar tam deyil
17.04.2014 - 10:03

Qubad Ibadoğlu: “Hesablamalarımız göstərir ki, gömrükdən dövlət büdcəsinə daxilolmalar milyon manatlarla deyil, milyard manatlarla ölçülməlidir”
Idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib”
Dövlət başçısı Ilham Əliyevin keçirdiyi son müşavirədə növbəti dəfə bir sıra maraqlı statistik rəqəmlər açıqlanıb. Vergilər naziri Fazil Məmmədovun müşavirədə açıqladığı rəqəmlər də bu qəbildəndir. F.Məmmədov vurğulayıb ki, bu ilin birinci rübü ərzində Gömrük Komitəsindən dövlət büdcəsinə 330.4 milyon manat vəsait daxil olub. Azərbaycan kimi idxalın hesabına yaşanayan dövlətdə belə bir statistikanın açıqlanması bir sıra şübhələr yaradır. Bu şübhələri gömrüklə bağlı açıqlanan əvvəlki ziddiyyət doğuran statistik məlumatlar da gücləndirir.
Azərbaycanın idxal və ixrac əməliyyatları barədə açıqladığı rəsmi məlumatlarla ölkəmizin əlaqə yaratdığı dövlətlərin hər il elan etdiyi rəsmi statistika arasında ciddi fərqlərin olduğu birinci dəfə deyil ki, aşkarlanır. Azərbaycan hökuməti 2012-ci ildə təkcə Gürcüstandan idxal olunan məhsulun dəyərini əslindən təxminən 5 dəfə az rəsmiləşdirib. 2012-ci ilin nəticələrinə görə, Azərbaycan gömrüyü Gürcüstandan idxal olunan malların hər 5 dollarından 1-ni qeydiyyata alıb. Gürcüstan milli statistika orqanının rəqəmlərinə əsasən, 2012-ci ildə qonşu ölkədən Azərbaycana 626.8 milyon dollar həcmində məhsul ixrac olunub. Azərbaycanın statistika qurumu isə həmin məbləği təxminən 5 dəfə az, yəni 129.9 milyon dollar göstərir.
Bundan başqa, Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarının araşdırması zamanı maraqlı mənzərə meydana çıxıb. Məlum olub ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.ГїIdxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib. Bəs hazırda gömrükdən büdcəyə birinci rübdə daxil olduğu qeyd edilən 330.4 milyon manat vəsait nə dərəcədə reallığı əks etdirir.
Ekspert Qubad Ibadoğlu bildirdi ki, əslində gömrükdən daxilolmalarda əvvəlki illərlə müqayisədə müəyyən artım var və bu alqışlanmalıdır. Amma göstərilən rəqəm yenə də reallığı əks etdirmir: “Gömrükdən daxilolmalarda əslində daha böyük potensial var. Real rəqəmlərin nədən ibarət ola biləcəyini söyləmək çətindir. Amma əvvəlki hesablamalarımız göstərir ki, gömrükdən dövlət büdcəsinə daxilolmalar milyon manatlarla deyil, milyard manatlarla ölçülməlidir. Hazırkı statistik rəqəmlər reallığı əks etdirə bilməz”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6215