İlham Əliyevdən aprel zarafatları
17.04.2014 - 10:08

22 aprel 2009, NK-nın müşavirəsi, Ilham Əliyev: “…kəsilən ağacların yerində tikilən binalar səhəri gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaq”
14 aprel 2014, NK-nın müşavirəsi, Ilham Əliyev: “…Şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”
Dünyanın bir çox ölkələrində 1 aprel gülüş günü kimi qeyd olunur. Mentalitetə uyğun zarafatlar edilir. Bu günlə bağlı ta qədimdən xeyli misallar gətirmək, hökmdarların belə xalqla zarafatlarını xatırlatmaq olar. Misalları sadalamaq fikrində deyilik; bilməyənlər internet əsrində bunları çox asanlıqla tapıb oxuya bilər. Maraqlısı bizim ölkəmizdəki zarafatlardır.
Aprel ayı tarixə iməcilik ayı kimi də düşüb. Proletariatın dahi rəhbəri Leninin iməcilikdə çəkilmiş şəkli ən azı yaşlı və orta nəslin nümayəndələrinin yaddaşındadır. Bütün sovet respublikalarında aprel ayında ağac əkilirdi. Mərkəzin göstərişiydi, hamı iməciliyə çıxmalıydı. Bütün zabod-fabriklər, idarə və müəssisələr, təhsil ocaqları zorla bu işə öz “töhfələrini” verirdilər. Baxmayaraq ki, bəzi respublikalarda bu ayda artıq təbiət oyanmış olur, ağaclar çiçək açırdı, ancaq sovet rejiminin qarşısında söz deməyə kimin cəsarəti çatardı. Biz məktəbli olanda o qədər yaşıl ağacı budayıb əkmişik ki…
Təsadüfdür bəlkə də. Ilham Əliyevin ağac soyqırımı ilə bağlı hələlik axırıncı iki “son tapşırığı” aprel ayında olub. Dövlət başçısı düz 5 il qabaq – 2009-cu ilin aprelində də çox ciddi xəbərdarlıq etmişdi. Xatırlatmağa ehtiyac var: həmin tapşırıq da Nazirlər Kabinetinin iclasında olmuşdu. Beləliklə, 2009-cu il, 22 aprel, Nazirlər Kabinetinin iclası: “Əgər bundan sonra da eşidib, bilsəm ki, hardasa, hansısa iş adamı, ya da vəzifəli şəxs gedib yeri hasarlayıb, ağacları kəsib, özü üçün mülk tikir, kəsilən ağacların yerində tikilən binalar səhəri gün dağıdılacaq və təqsirkar şəxslər cəzalandırılacaq”.
Aradan ağac soyqırımı ilə zəngin 5 il keçib. Bu 5 ilin 4 ili Ilham Əliyevin ikinci prezidentliyi dövrünə düşüb. Yəni “ciddi tapşırıq” verən şəxs yenə də ölkədə birinci söz sahibi olub. O biri il isə artıq 3-cü prezidentlik dövrünə təsadüf edir. Heç nə dəyişməyib. Ilham Əliyev də prezident kimi yerindədir, onun “ciddi tapşırıq” verdiyi məmurlar da. Təkcə ağacların həyatında dəyişiklik olub, minlərlə ağac güc aldığı torpaqdan qoparılıb, ya material kimi tikintiyə, ya da odun kimi sobalara sərf olunub.
Ancaq ölkəyə 2003-cü ildən rəhbərlik edən şəxs bunları görməyib. Ola bilər görməsin, maşını şəhərdə çox sürətlə hərəkət edir, diqqətdən yayına bilər. Ancaq onun məmurları bu barədə dövlət başçısına bilgi verməyə məsuldular axı. Görünür, onlar bu “tapşırıqların” ciddi olmadığını avam xalqdan daha yaxşı bilirlər.
Gələk aprel ayına təsadüf edən sonuncu müşavirəyə. Məkan dəyişməyib. Bakı şəhəri, 14 aprel 2014-cü il, yenə də Nazirlər Kabinetinin müşavirəsi. Dövlət başçısı Ilham Əliyev: “…Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir… Şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Dünən uzağa getməyib elə 20 Yanvar həndəvərinə qısa “səyahətə” yarım saat vaxt sərf elədim. Bu şəkillərlə tanış olun. Hamısı yeni tikilən obyektlərdir. Yeni deyəndə, yəni 22 aprel 2009-cu ildə Ilham Əliyevin “ciddi tapşırığından” sonra tikilib. Bəzi tikintilərə qarşı ətraf ərazinin sakinləri mübarizə aparsa da, sonda məmurlara məğlub olublar. Yeri gəlmişkən, dövlət başçısı “bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz” dedi. Bu “rəy”in qiymətini bilirsinizmi? Şübhəsiz, şəhərdə yaşayan, hansısa ərazidə obyekt açmaq istəyən şəxs bunu bilir. Bir tanışım deyir ki, evinin yanında özü əkdiyi ağacı bir müddət sonra obyekt tikmək istəyilə kəsməyə qərar verib, ancaq nazirlik nümayəndələri ağacın kəsilməsi üçün ondan 3 min manat istəyiblər. Belə. Görünür, ağac soyqırımı zamanı həqiqətən özbaşınalıq olur və kəsintiyə görə yığılan pullar müxtəlif istiqamətlərə, ayrı-ayrı məmurların cibinə gedir. Bu “son tapşırığ”ı həmin vəsaitlərin bir əldə cəmləşməsinə, bir istiqamətə axmasına verilən göstəriş kimi anlamaq olar. Kiçik “ekskursiya” zamanı fotokameranın yaddaşına köçürdüklərimlə birlikdə tanış olaq. Yuxarıdan aşağı məmurların oxuması məsləhət deyil. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=6216