Putin canlı yayımda Ukraynanı və Qərbi hədələdi
18.04.2014 - 10:28
Putin canlı yayımda Ukraynanı və Qərbi hədələdi

Kreml başçısı Rusiyanın ata biləcəyi növbəti təhlükəli addımların anonsunu verdi; “NATO-nun şərqə doğru genişlənməsindən qorxmuruq”, “Şərqi Ukraynaya qüvvə yeritmək hüququm var” dedi, şəxsi həyatından danışdı…
Dünən Rusiya prezidenti Vladimir Putin növbəti dəfə canlı yayımda ölkə gündəmini zəbt edən məsələlərə aydınlıq gətirib. Budəfəki mətbuat konfransı əvvəlkindən qismən az – 4 saat sürsə də Kreml başçısı regionda və dünyada gedən proseslərlə bağlı cəmiyyəti düşündürən mövzularda rəsmi Moskvanın münasibətini sərgiləməyə çalışıb.
Təbii ki, ən çox diqqət mərkəzində olan məsələ Ukrayna böhranı olub. Putin öz çıxışında bir daha nəinki Krımın ilhaqına haqq qazandırıb, eyni zamanda lazım gələrsə, Ukraynanın şərqinə qüvvə yeridə biləcəyini söyləyib. “Mənim belə bir hüququm var, lakin ümid edirəm ki, ondan istifadə eləməyə lüzum qalmayacaq və problemlər siyasi-diplomatik vasitələrlə yoluna qoyulacaq” – deyib Putin.
Ukraynanı, Qərbi hərbi güclə hədələməkdə davam edən Rusiya prezidenti ardınca bildirib: “Biz NATO-nun şərqə doğru genişlənməsindən qorxmuruq. Bundan heç kim qorxmamalıdır. Lakin eyni zamanda durumu soyuqqanlı dəyərləndirmək lazımdır”. Ancaq maraqlıdır ki, Putin Krımla bağlı qərarın qəbulunun səbəblərindən birini məhz NATO-nun şərqə doğru genişlənməsi ilə izah edib.
Sitat: “Mən deyəndə ki, NATO-ya yeni ölkələrin qoşulmasına ehtiyac yoxdur, təhlükəsizliyə dair ikitərəfli saziş əsasında əməkdaşlıq qurula bilər, bizə dedilər ki, bu sizin işiniz deyil. Ona görə də əgər birdən NATO qoşunları Sevastopolda peyda olsaydılar, bu, artıq Rusiya üçün geosiyasi əhəmiyyət kəsb edəcəkdi. Yəni Rusiya Qara dəniz bölgəsindən sıxışdırılıb çıxarılacaqdı. Odur ki, alyansın genişlənməsi məsələsində bütün amilləri nəzərə alacağıq və müvafiq addımlar atacağıq. Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üçün əlimizdən gələni edəcəyik”.
Qərbə ünvanlı təhdidlərinə davam edən Kreml rəhbəri Dnestryanı bölgənin “blokadasının” dərhal aradan qaldırılmalı olduğunu da dilə gətirib: “Dnestryanı və Ukrayna sərhədi arasında millətçilərin silahlı qruplaşmaları toplaşıb və bu vəziyyət şübhəsiz ki, dayandırılmalıdır. Lakin son nəticədə adamlara öz talelərini özləri həll etmələrinə icazə verilməlidir. Biz bunun üzərində öz tərəfdaşlarımızla işləyəcəyik”.
Ukraynanın devrilən prezidenti Viktor Yanukoviçlə bağlı sualı cavablandıran Putin onu dilayısıyla ölkəsinə sədaqətli olmamaqda qənayıb. “Bu gün birbaşa efirdə Yanukoviçin yerində olsaydınız, hansı hərəkəti edərdiniz” sualına o cavab olaraq bildirib ki, o, dövlətinə və xalqına olan sədaqətini nümayiş etdirib, öz vəzifəsini icra edərdi: “Kritik vəziyyətə düşən zaman insan öz həyat təcrübəsinə və dəyərlərinə uyğun olaraq qərar qəbul edir. Bilirsiniz ki, mənim ilk iş yerim xarici kəşfiyyatda olub və bizi orada müəyyən tələblərə uyğun olaraq tərbiyə ediblər. Bu da öz dövlətinə və xalqına inam, sədaqətdən ibarət olub”.
Putin bu xüsusda onu da əlavə edib ki, fevralın 21-də müxalifətlə saziş imzaladıqdan sonra onların istənilən tələblərini yerinə yetirməyə, hətta konstitusiya islahatlarına, dekabrda prezident seçkilərinin keçirilməsinə razı olub.
Krım tatarlarının probleminə toxunan Rusiya rəhbəri onların reabilitasiyası ilə bağlı fərman hazırlandığını bildirib. Krım tatarlarının Stalin repressiyalarından çox əziyyət çəkdiyini deyən Putin qeyd edib ki, “Krımın Rusiya Federasiyası tərkibinə daxil olması prosesi Krım-tatar xalqının haqlarının bərpası ilə paralel aparılmalıdır”.
Dünənki canlı teleçıxışında o, şəxsi planda da bəzi sualları cavablandırıb. “Ölkənin yeni 1-ci xanımını nə vaxt görəcəyik” sualını cavablandırarkən Rusiya prezidenti deyib: “Əvvəlcə keçmiş həyat yoldaşım Lüdmila Aleksandrovnanı ərə verməliyəm, sonra özüm haqda düşünərəm”.
Yadda qalan başqa suallardan birini isə 6 yaşlı uşaq prezidentə ünvanlayıb. “Obama ilə üzərkən batmaq təhlükəsi ilə üzləşsəniz, sizcə, Obama sizə kömək edər” sualını Putin öncə gülüşlə qarşılayıb, cavabı isə kifayət qədər orijinal olub: “Ümid edirəm ki, başıma belə bir iş gəlməz. Doğrudur, mənim ABŞ prezidenti ilə şəxsi münasibətlərim yoxdur. Ancaq düşünürəm ki, o mədəni və cəsarətli insandır, məni xilas edər…”
Short URL: http://www.cumhuriyyet.net/?p=6256