"Forbes"in siyahısındakı 4 azərbaycanlı milyarder…
19.04.2014 - 10:33
“Forbes”in siyahısındakı 4 azərbaycanlı milyarder…

Onlardan yalnız biri Azərbaycan vətəndaşıdır; yerdə qalan üçünün ölkəmizə və millətimizə bir qəpiklik faydası yoxdur
Aprelin 17-də “Forbes” jurnalı 2014-cü il üçün Rusiyanın ən varlı iş adamlarının siyahısını açıqlayıb. Ən varlı iş adamlarının reytinq cədvəlinə 18 milyard 600 milyon ABŞ dolları dəyərində var-dövlətə sahib olan özbək Əlişir Usmanov başçılıq edir. Onun sərvəti ötən illə müqayisədə 1 milyard dollar çoxalıb.
Reytinq cədvəlinin ikinci pilləsində “Alfa-qrup”un müşahidə şurasının sədri Mixail Fridman (17 milyard 600 milyon dollar), üçüncü pilləsində isə “Renova” qrupunun direktorlar şurasının sədri Viktor Vekselberq (17 milyard 200 milyon dollar) dayanır.
“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov (13 milyard 600 milyon dollar) Rusiyanın imkanlı iş adamları siyahısının 7-ci pilləsində qərarlaşıb.
Reytinq cədvəlində Vahid Ələkbərovdan başqa daha 3 azərbaycanlı iş adamının da adı var. 56-cı pillədə 1,8 milyard dollarlıq sərvətlə “Krokus Siti”nin rəhbəri Araz Ağalarov gəlir. AST şirkətlər qrupunun prezidenti və atasının şərəfinə adlandırdığı Türkiyədə yerləşən “Mardan Palace”nin sahibi Telman İsmayılov 0,75 milyard dollarla 137-ci yerdədir.
Xeyriyyəçi iş adamı, professor İlham Rəhimov isə 0,5 milyard dollarla sıralamada 187-ci pillədədir. İlham Rəhimov 2012 və 2013-cü ildə Rusiyanın ən varlı 200 biznesmeninin yer aldığı siyahıya düşməmişdi.
* * *
Zəruri arayış: “Forbes” ayda iki dəfə nəşr olunan biznes jurnalıdır. Jurnalın qurucusu 1917-ci ildə Şotlandiyadan ABŞ-a köç edən BC Forbesdir. Onun ölümündən sonra oğlu Bruce şirkətin başçısı olub. Bruceun də ölümündən sonra sıra ilə jurnalı Malcolm Forbes, Steve Forbes, Timothy C.Forbes idarə edib. “Forbes”-in mərkəzi Nyu-Yorkda 5-ci Küçə adlanan yerdədir.
“Forbes” ingilis dilindən başqa daha yeddi dildə nəşr olunur. “Forbes”in internet saytı Forbes.com-dur. Forbes müxtəlif mövzular haqqında hazırladığı sıralamalarla dünya səviyyəsində tanınmışdır. Bunların arasında ən məşhur olanları ən zəngin iş adamları və milyarderlər siyahısıdır.
Bununla belə, zənginlərin sərvəti haqda məlumatlar bəzən reallıqla uzlaşmır. Məsələn, son siyahıda yer alan azərbaycanlı iş adamı, professor İlham Rəhimovun sərvəti ən azı, 2 dəfə az göstərilib. Bu barədə “Yeni Müsavat”-a iş adamının biznesini bilən mənbələrdən məlumat daxil olub. Yada salaq 2012-ci ildə də jurnalla azərbaycanlı oliqarx arasında anlaşılmazlıq yaranmışdı. Həmin vaxt “Forbes” İ.Rəhimovun 500 milyonluq əmlaka Rusiya prezidenti Vladimir Putinlə dostluğu sayəsində nail olduğunu yazmışdı.
Bununla bağlı İ.Rəhimov qəzetimizə açıqlamasında bildirmişdi: “Həmin yazıda bizneslə məşğul olduğuma dair bir çox məqamlar doğrudur, internetdə də var, məlumdur, hamısı da leqaldır. Amma bunu necə təqdim etmək başqa məsələdir. Əgər mən Rusiyada hansısa neft, qaz, kömür yataqlarının sahibi, yiyəsi olsaydım, məni Putinlə əlaqələndirmək olardı ki, bunu İlham Rəhimova Rusiya prezidenti verib. Halbuki mən bu işlərlə məşğul deyiləm. Yaxud da belə bir fakt olsaydı ki, mən Rusiya dövlətindən hansısa bir kvota alıb, dövlətin pulu hesabına hansısa işlər görmüşəm, yenə də haradasa bir iddia qoymaq olardı ki, buna Rusiya rəhbərliyi şərait yaradıb. Bunların heç biri yoxdur”.
“Forbes”-in Rusiyanın ən zənginləri siyahısında yer alan 4 azərbaycanlıdan yalnız biri – İ.Rəhimov Azərbaycan vətəndaşıdır. Qalan üç nəfər (Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılov) isə Rusiya vətəndaşlarıdır. Bəlkə elə bu amilə görə zənginlərdən yalnız İ.Rəhimov ölkədə xeyriyyə işləri həyata keçirir, eyni zamanda Rusiyada Azərbaycan icmasına maddi dəstək verir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6292