Putinin sirli gəmisi Obamanın "burnunun ucu"na gedib çıxdı
19.04.2014 - 12:40
Putinin sirli gəmisi Obamanın “burnunun ucu”na gedib çıxdı

İtaliyanın “Corriere della Sera” qəzeti Ukraynanın şərqində separatçı iğtişaşlarının başlamasından bu yana ABŞ-ın Florida ştatının sahillərində peyda olmuş Rusiya hərbi gəmisi haqda yazır.
Virtualaz.org saytı xəbər verir ki, Rusiya Hərbi-Dəniz Qüvvələrinin nəhəng xilasetmə yedək gəmisi “Nikolay Çiker” Florida sahillərində müəmmalı manevrlər edir.
Xəbərə görə, “Nikolay Çiker” bu il fevralın ortalarında Hibraltardan çıxıb və kifayət qədər tez bir müddətdə Karib adalarına çatıb. Gəminin göyərtəsində 50 nəfər var. Onlar sualtı işlər üzrə mütəxəssislərdən ibarətdir.
Gəmi müasir aparat və avadanlıqlarla təchiz edilib. Onun göyərtəsində vertolyot meydançası var. Gəmi uzun müddət avtonom şəkildə okean sularında üzmək üçün bütün zəruri ehtiyatlara malikdir.
Bədheybət vəhşini xatırladan “Çiker”in hündürlüyü ona buzlu Arktika sularında da üzməyə imkan verir. Gəmi bir çox mürəkkəb əməliyyatlarda, o cümlədən Rusiyanın “Kursk” atom sualtı qayığının dənizin dibindən çıxarılması əməliyyatında iştirak edib. “Nikolay Çiker” gəmisi atom sualtı qayıqlarını kölgə kimi müşayiət edir və onlara lazımi dəstəyi verir.
Bir çox hərbi ekspertlərin fikrincə, “Nikolay Çiker” gəmisi Moskvanın Ukrayna ətrafında yaranmış böhrandan sonra ABŞ sahillərinə göndərdiyi ən azı iki atom sualtı qayığına dəstək verir. Yedək gəmisi həmçinin başqa casus-gəmilərlə işləyir.
Karib adalarından sonra yedək gəmisi ABŞ-ın 7-ci donanmasının sualtı qayıqlarının bazasının yerləşdiyi Kinqs-Bey rayonundakı kvadrata daxil olub. Məlumata görə, “Nikolay Çiker” orada tək deyil, yaxınlıqda “Viktor Leonov” adlı Rusiya kəşfiyyat gəmisi də üzür.
Məqalədə deyilir ki, Rusiya hərbi gəmilərinin ABŞ sahillərində peyda olması Krımdakı böhranın ilk fazası ilə üst-üstə düşüb. Bundan sonra yedək gəmisi Kanevral burnu rayonuna yollanıb, ardınca yenidən Karib adalarına baş çəkib. Aprelin ikinci həftəsində gəmi yenidən Florida sahillərində peyda olub. Aprelin 15-də gəmi Kaneveral kosmodromunun yerləşdiyi rayona daxil olub. Məhz həmin gün Ukraynada böhran kəskinləşib.
Aprelin 17-də axşam “Nikolay Çiker” NASA-nın poliqonundan cənubda dayanıb və sanki yenidən gözləmə mövqeyi tutub. Ekspertlər gəminin Rusiya atom sualtı qayığını qarşıladığını təxmin edir. Gəminin Karib hövzəsində qəribə manevrləri Rusiyanın hansısa sualtı işlər gördüyünə dəlalət edir.
“Ola bilsin məqsəd Kanevreral kosmik mərkəzini izləməkdən, yaxud hansısa məxfi informasiyalarl toplamaqdan gedir” – deyə qəzet yazır.
(virtualaz.org)
Short URL: http://www.cumhuriyyet.net/?p=6301