Səhiyyə Nazirliyinə ağır ittihamlar
19.04.2014 - 16:58

Şəkər və yoluxucu xəstəliklər üçün alınmış dərmanlar niyə anbarlarda qalıb?
Millət vəkili Qənirə Paşayeva Hesablama Palatasının hesabatında səhiyyə ilə bağlı maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, Hesablama Palatası 2013-cü ildəki fəaliyyəti haqqında hesabatında Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin icrasının auditini aparıb. Auditin nəticələri açıqlandığı zaman isə məlum olub ki, 2013-cü ildə mərkəzləşdirilmiş xərclərdən alınmış qlükometrlərin şəkərli diabet xəstələrinə paylanması təmin edilməyib və audit dövrünün sonuna qədər mərkəzin anbarında saxlanıb.
Eyni zamanda yoluxucu xəstəliklərin immunoproflaktikası və 2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immunoproflaktikasına dair tədbirlər çərçivəsində alınmış vaksinlər və tibbi təyinatlı vasitələrin, 2010-2012-ci illərdə alınmış dərman preparatlarının, 2013-cü ildən qalmış vaksinlərin də anbarda saxlanıldığı göstərilir.
Onu da qeyd edək ki, 2008-ci ildə Azərbaycanda 72 min şəkərli diabet xəstəsi qeydiyyatda olduğu halda, bu gün onların sayı 250 minə çatıb. Şəkərli diabetlərin üzləşdiyi problemlərdən biri də onların dərmanla təchizatıdır. Bir çox hallarda dərmanların alınması prosedurundakı bürokratik əngəllər, şəkərli xəstələri pulsuz dərmanlardan istifadə etməkdən yayındırır. Nəticədə diabetdən əziyyət çəkənlər üçün nəzərdə tutulan və dövlət hesabına alınan dərmanlar anbarlarda qalır.
Bəs üzə çıxarılan bu qüsura görə kim məsuliyyət daşıyır və bu istiqamətdə hansı tədbirlər görülməlidir?
Müzəffər Baxışov: “Səhiyyə Nazirliyinin əməkdaşlırının burada səhlənkarlığı varsa, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”
Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, bu cür qüsurun baş verməsinin bir neçə səbəbləri ola bilər. Səbəblərdən birinin rəsmi qeydiyyatdan keçən şəkərli diabet xəstələrinin sayı ilə dövlətin ayırdığı pul vəsaitləri arasında mütanansibliyin pozulmasıyla bağlı ola biləcəyini söyləyən M.Baxışov qeyd etdi ki, başqa bir səbəb xəstənin müvafiq strukturlara müraciət etməsinə rəğmən, dərmanla təchiz edilməməsi ola bilər. Yəni bu səbəblər üzündən şəkərli diabetlər üçün ayrılan qlükometrlər, dərman priparatları anbarlarda qalıb: “Hər bir halda baş verənlərin məsuliyyətini Səhiyyə Nazirliyi daşıyır. Çünki ölkə ərazisində nə qədər şəkərli xəstənin olduğu qeydiyyatı və onların hansı dərmanlara ehtiyacı olduğu nazirlik tərəfindən rəsmiləşdirilir. Bu məlumatlar daha sonra Nazirlər Kabinetinə ötürülür. Nazirlər Kabineti də bu məlumata əsasən pul vəsaiti ayırır ki, həmin pul vəsaitinə də şəkərli diabetlər üçün nəzərdə tutulan dərmanlar alınır. Bu məsələ araşdırılmalı və əgər Səhiyyə Nazirliyinin əməkdaşlırının burada səhlənkarlığı varsa. Onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əgər anbarda qalan dərmanlar sonradan satılır və ya mənimsənilirsə, o zaman burada mənimsəmə cinayətindən söhbət gedə bilər. Hər bir halda bu hərəkətlərə görə onlar məsuliyyət daşıyırlar. Çünki bu məhsullar dövlət vəsaiti hesabına alınır. Onların hər bir manatı ölçülüb-biçilməlidir”. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=6312