İşsizliklə bağlı növbəti rəsmi yalan
20.04.2014 - 09:58

Məhəmməd Talıblı: “Işsiz statusunda olanları hesablayarkən metodoloji spekulyasiyaya yol verilir”
Bu il aprelin 1-nə olan ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4 765,9 min nəfər olub, onlardan 4529,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. “APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il martın 1-nə muzdla işləyənlərin sayı 1 494,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 898,1 min nəfər, qeyri-dövlət bölməsində isə 596 min nəfər təşkil edib.
Iqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1 458,9 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 451,3 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8%-i məhsul istehsalı sahələrində, onlardan 6,5%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.
Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində
fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Bu il aprelin 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olub, onların 41%-ni qadınlar təşkil edib. Işsizliyə görə müavinətin orta məbləği 246 manat olub.
Məşğul əhalinin və işsizlərin sayı ilə bağlı rəqəmlər nə dərəcədə reallığı əks etdirir?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, ölkədə məşğul əhalinin bu həddə olmasına yox, elan olunmasına iki faktor mühüm təsir göstərir. Birincisi, əmək qabiliyyətli əhali işsizliklə bağlı dövlət qurumlarına rəsmi müraciət etmir. Yəni dövlət qurumları işsizliklə bağlı müraciət edənləri qeydə alıb, iş tapana qədər onları işsiz statusunda qəbul edirlər. Işsizliklə bağlı rəsmi müraciət etməyənləri isə işləyən insanlar kimi qəbul edirlər. Bu müddət ərzində respublika üzrə işsizliklə bağlı cəmi 35 min nəfər müraciət edib ki, dövlət qurumları da bu statistikadan çıxış edərək işsiz statusunda olanları müəyyənləşdirir. Ikincisi, işsiz statusunda olanları hesablayarkən metodoloji spekulyasiyaya yol verilir.Məsələn, kənd yerlərində yaşayanların torpaq sahəsi olduğundan onlar məşğul əhali kimi qeydə alınır: “Məşğul əhalinin 47 faizi kənd yerlərində yaşayır. Onların isə daha çox məşğul olduğu aqrar sahənin ölkə üzrə istehsalda payı olduqca aşağı səviyyədədir. Ölkə üzrə məşğul əhalinin çalışdığı aqrar sektorun ölkənin illik ÜDM-də payı 6 faizi ötmür. Bu isə o deməkdir ki, ölkənin 38 faizinin kənd təsərrüfatı sektorunda çalışdığı məşğul əhalinin ölkə üzrə istehsal olunan mal və xidmətlərin 201-in təşkil edir. Bu olduqca aşağı rəqəmdir. Yəni məşğul əhalinin ölkə iqtisadiyyatına qazandırdığı dəyər əmək ehtiyatlarının mövcud potensialına adekvat deyil”.
Ekspertin sözlərinə görə, işsizliyə görə müavinətlərin ortalama 246 manat olması reallıqdan tamamilə uzaqdır: “Necə ola bilər ki, işsizliklə bağlı bəzi sosial qrupların faydalandığı ən böyük müavinətin olduğu ünvanlı sosial yardımın məbləği bu rəqəmdən azdır? Ölkədə səhiyyə və təhsil sahəsində orta aylıq əməkhaqqı belə işsizlərə verilən müavinətdən çoxdur? Orta məktəblərdə orta aylıq əməkhaqqı 120-177 manat, ali məktəblərdə isə 270-320 manat arasında dəyişildiyi halda, işsizliyə görə müavinət alanlara ortalama olaraq necə 246 manat verilir? Işləyən əhali qruplarının sayının iqtisadiyyatda rolu və qatqıları haqqında da danışmaq lazımdır. Xüsusilə neft sektorunda çalışan 35 min nəfərin iqtisadiyyatda roluna gəlin diqqət edək.
Əvvəla, ARDNŞ-in strukturunda çalışanların sayı 60 mindən artıqdır. Bu zaman belə çıxır ki, 25 min nəfər qeyri-neft sektoru hesab edilir. Eyni zamanda cəmi 35 nəfər də üzərinə gələk xarici işçilərin neft sənayesində çalışanaları da əlavə etsək, məlum olacaq ki, təxminən 70 min əmək qabiliyyətli əhalisidə ölkənin ümumi istehsalında payı 53 faizdir. O zaman belə qənaətə gəlirik ki, əmək qabiliyyətli əhalinin ölkə iqtisadiyyatında yaratdıqları dəyər disproporsional yerləşdirilib. Ona görə əmək resurslarını və istehsalı olunan ÜDM-in düzgün bölgüsünə və effektiv idarə edilməsinə böyük ehtiyac var”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6315