Düşmənini itə yedizdirən diktator

21.04.2014 - 10:08

Düşmənini itə yedizdirən diktator

Şimali Koreya lideri qəddarlıqda babasını və atasını üstələyir
O, atasının ölümündən “az kədərlənənləri” edam etdirib 
Dünyanın qapalı totalitarizm qoruğu olan Şimali Koreya ən müəmmalı ölkə adını qorumaqdadır. Bu ölkənin gündəlik həyatını əks etdirən fotolara da nadir hallarda rast gəlmək olur. Ölkədə baş verənlər və əhalinin həyatı barədə məlumatları diktatura rejimindən qaçıb yaxa qurtara bilənlərdən almaq mümkün olur. Cənubi Koreyaya qaça bilən bu xoşbəxtlər ölkədəki acınacaqlı durum haqda məlumat verə bilir. 
Şimali Koreya gündəmə bir qayda olaraq diktatorun qəddarlığı, yaxud qeyri-adi hərəkəti ilə gəlir. Bu mənada ölkənin hazırkı rəhbəri Kim Çen In onun əməllərini izləyənləri darıxmağa qoymur. Diktatorlar ailəsinin üçüncü nümayəndəsi olan Kim Çen In qəddarlıqda babası Kim Ir Seni və atası Kim Çen Iri də kölgədə qoymağı bacarıb. 
Baxmayaraq ki, Kim Çen Irin ölümündən sonra oğul diktatorun daha yumşaq və nisbətən liberal dövlət başçısı olacağını düşünənlər var idi. Bunun üçün isə onun guya Avropada təhsil aldığı əsas gətirilirdi. Ancaq bu gözləntilər özünü doğrultmadı. Hakimiyyətə gəldiyi gündən Kim Çen In amansız əməlləri ilə diqqəti özünə çəkdi. 
“Matəmdə” içkili olduğuna görə general tikə-parça edildi
 
Gənc diktator fəaliyyətinə atasının matəm mərasimində “fəal” iştirak etməyənləri cəzalandırmaqla başladı. Ölkə rəhbərliyində təmsil olunanlarla yanaşı sadə vətəndaşlar arasında da Şimali Koreyanın dahi rəhbərinin vəfatından “az kədərlənən” sərt şəkildə cəzalandırdı. Bəxti gətirənlər altı aylıq həbs cəzası və düşərgəyə göndərilməklə canını qurtara bilsə də, bu “laqeydliyə” görə həyatını itirənlər də oldu. Hətta generallardan biri matəm günlərində içkili olduğuna görə edam edildi. Adətən yüksək rütbəli məmurların hansı formada edam edilməsini də Kim Çen In özü müəyyənləşdirir. Qəzəbə gələn generala minaatanla atəş açılıb. Çünki diktator onun heç bir izinin qalmamasını istəmişdi. 
Ölkə yas mərasimindən çıxandan sonra gənc diktator hərbi elitanın onlarla nümayəndəsini repressiyaya məruz qoyub. Məqsəd isə ordu rəhbərliyinin gözünü bir qədər də qorxutmaq olub. Diktatorun atasının hakimiyyəti dövründə də ilk repressiya qurbanı məhz hərbçilər olub. O dövrdə hətta xırda qüsura görə yüksək rütbəli zabitlər ölüm hökmünə məhkum edilirdi. 
Milli bayram – diktatorun doğum günü
Qəddarlığı ilə seçilən Kim Çen Inin özü barədə çox az məlumat var. Onun hətta doğum tarixi də dəqiq məlum deyil. Müxtəlif mənbələrdə onun 1982, 1983, yaxud 1984-cü ildə doğulduğu göstərilir. Kim Çen Irin üçüncü oğlu olan Kim Çen In ölkəsində “dahi varis” titutulu daşıyır. Hazırda dünyanın ən gənc dövlət başçısı olan Kim Çen Inin xasiyyətinə hətta Isveçrədəki təhsil də təsir etməyib. Onun Avropada çox pis oxuduğu, dərslərini çatdırmadığı deyilir. Isveçrənin “Le Matin Dimanshe” nəşrinin yazdığına görə, ilk təhsil ilində o, 75 gün, ikinci ilində isə 105 gün dərsdə olmayıb. Dərslərə bir qayda olaraq nahardan sonra gəlib çıxırmış. Intellektual qabiliyyəti ilə seçilməyib, əksinə, hətta ən asan sayılan imtahanlardan zəif nəticə göstərib. Ingilis və alman dillərini pis bilən gələcək diktator özündən iki yaş kiçik uşaqlarla bir sinifdə təhsil alıb. Nisbətən yaxşı qiymətləri isə musiqi dərsindən olub. 
1999-cu ildə Isveçrədən qayıdan Kim Çen In o vaxtdan bəri bir daha Avropaya getməyib. Onun Avropada təhsili başa vurduğu barədə də dəqiq məlumat yoxdur. Ölkəsində babası Kim Ir Sen adına universitetdə təhsil alıb. Hələ 2007-ci ildən ölkə rəhbəri postuna hazırlanan Kim Çen In 2010-cu ildə rəsmi şəkildə varis elan edilib.
Koreyaya qayıdandan sonra Kim Çen Inin həyatı dövlət sirri kimi qorunurdu. Hətta onun şəkillərinə heç yerdə rast gəlmək mümkün deyildi. Hakimiyyətə gələnə qədər “sübh ulduzu kralı” titulunun daşıyan Kim Çen In heç bir dövlət postu tutmayıb. 
2011-ci ilin dekabrın 29-dan Şimali Koreyaya rəhbərlik edir və ali rəhbər, partiya, ordu və KXDR xalqının lideri, Koreya xalq ordusunun ali baş komandanı, Koreya əmək partiyasının mərkəzi komitəsinin katibi, marşal, KXDR-nin ali xalq məclisinin deputatı titullarını daşıyır. Ilk dəfə publika qarşısında 2012-ci ilin aprelin 15-də Kim Ir Senin 100 illik yubileyi münasibətinə keçirilən paradda çıxış edib. 2010-cu ildən Kim Çen Inin doğum günü, yanvarın 8-i ölkədə milli bayram kimi qeyd olunur. 
Hakimiyyətdə olduğu 2 ildən artıq müddətdə Kim Çen In beynəlxalq qanunlara, BMT-nin qətnamələrinə məhəl qoymur. Növbəti nüvə sınaqlarının keçirilməsi isə beynəlxalq qurumlarda da sərt etiraza səbəb olmuşdu. Lakin bu etirazlar diktatoru qətiyyən narahat etmir və cavab olaraq ABŞ-a nüvə zərbəsi endirəcəyini bəyan edir.
Ən sevimli əyləncə – edam… 
Şəxsi həyatı, ailəsi və övladları barədə dəqiq məlumat verilməyən Kim Çen In son vaxtlar qeyri-adi və qəddar hərəkətləri ilə gündəmə gəlir. Bir müddət əvvəl onun keçmiş sevgilisini edam etdirdiyi xəbəri yayıldı. Güllələnərək qətlə yetirilən müğənni xanımın günahı isə “Incil” kitabını özündə saxlaması olub. Kim Çen In keçmiş sevgilisini və onunla bir musiqi qrupunda oxuyan müğənniləri ailələrinin gözü qarşısında edam etdirib. Onların qohumları isə islah əmək düşərgələrinə sürgün edilib. Şimali Koreya qanunlarına görə, edam edilən şəxslərin qohumları uzunmüddətli həbsə məhkum edilir və düşərgələrə göndərilir. Maraqlıdır ki, Kim Çen Inin hazırkı həyat yoldaşı da vaxtilə edam edilən müğənni ilə bir qrupda oxuyub.
Kim Çen Inin növbəti səs-küylü edam əmri əmisi ilə bağlı olub. Dövlət çevrilişində və vətənə xəyanətdə ittiham edilən 67 yaşlı Çan Sonq Txek Şimali Koreyada ikinci rəhbər şəxs və diktatorun ən yaxın adamı sayılırdı. Məlumatlara görə, Kim Çen Ir bu şəxsin hakimiyyəti idarə etməkdə oğluna yardım etməyini istəmişdi. Lakin oğul diktatorun əmri ilə qısa müddətdə tutduğu bütün vəzifələrdən azad edilən bu şəxsin özü ilə yanaşı köməkçiləri də edam etdirildi. 
Ehtimallara görə, yeni iqtisadi islahatların tərəfdarı olan Çan Sonq Txenin vəzifədən uzaqlaşdırılmasında hərbçilərin də ciddi rolu olub. 
Hətta Kim Çen Irin əmisini ac itlərin qabağına atması və bu səhnəni şəxsən izlədiyi xəbəri də yayıldı. Məlumatda deyilirdi ki, diktator daha sonra əmisini parçalayan itlərin ətini yeyib. Bununla da düşmənini yediyini nümayiş etdirib. Lakin sonradan bu xəbərin bir qədər şişirdildiyi və həqiqətə uyğun olmadığı deyildi. 
Diktatorun daha bir qurbanı ictimai təhlükəsizlik naziri O Son Xon olub. bir müddət əvvəl xalq düşməni elan edilən nazir odsaçan silahla yandırılıb. Bundan sonra onun rəbərlik etdiyi nazirlik buraxılıb, ətrafı və yaxınları isə həbs edilib. 
Daha sonra 200 məmurun ölüm hökmünə məhkum edildiyi xəbəri yayıldı. Hökumət və ordu təmsilçisi olan məmurların hamısı diktatorun gözü qarşısında güllələnib. 
Kim Çen Inin bir neçə ay əvvəl həyata keçirdiyi kadr islahatları da edamla nəticələnib. 11 məmur bu islahatların qurbanı olub.
Kim Çen In hakimiyyətə gələn gündən yüzlərlə məmur və onların minlərlə qohumu edam edilib, düşərgələrə göndərilib.  
Hakimiyyətə gəldiyi gündən ölkədə həbs düşərgələrinin sayını artıran Kim Çen In atasından və babasından daha qəddar olduğunu nümayiş etdirib. Bu ölkədə məhkəmə prosesi bir neçə dəqiqə davam edə bilər. 25 milyon əhalisi olan ölkədə 120 mindən artıq məhbus var. O artıq insanlığa zidd hərəkətlər etməkdə ittiham olunur və beynəlxalq hüquq müdafiə təşkilatları diktatorun beynəlxalq məhkəmə qarşısına çıxarılmalı olduğunu deyir. Hələlik isə nüvə dövlətinin başında dayanan Kim Çen In ara-sıra dünyanı hədələməkdədir. 
Diktatordan konfet hədiyyəsi
Əksər diktatorlar kimi üçüncü Kim də ailə üzvlərinin, özündən əvvəl Şimali Koreyaya rəhbərlik edən atası və babasının ad günləri, ölüm tarixlərində geniş tədbir keçirməyi xoşlayır. Hər üç diktatorun doğum günü ölkədə milli bayram hesab olunur. Özünü “böyük şəxsiyyət, parlaq və müqayisəedilməz sərkərdə” elan edən Kim Çen Inin hakimiyyətə gəldiyi gün də dövlət bayramıdır. Kim Çen In son ad günündə ölkədə yaşı 10-dan aşağı olan bütün uşaqlara bir kiloqram konfet hədiyə edib. Dünyanın ən yoxsul ölkələrindən sayılan Şimali Koreya uşaqları üçün bu həqiqətən də böyük hədiyyədir. Bundan sonra yerli telekanalda bir neçə ay diktatora “təşəkkür məktubları” oxunurdu. Belə bir ənənənin əsasını diktatorun babası Kim Ir Sen qoyub. Kim Çen In atasından fərqli olaraq xalqa yeni il təbriki etməklə babasının daha bir ənənəsini davam etdirib. 
Bir neçə ay əvvəl özünü marşal rütbəsinə layiqə görən Kim Çen Inin şərəfinə təmtəraqlı mərasimlər təşkil edildi. Koreya mətbuatı “xalqın çoxdankı arzusunun reallaşdığını” və bunun “ölkənin tarixində əhəmiyyətli bir hadisə” olduğunu yazırdı.
Yoxsul, əhalisi aclıqdan əziyyət çəkən Şimali Koreya belə tədbirlərə milyardlarla dollar vəsait sərf edir. Təkcə Kim Ir Senin yüz illik yubileyinə 2 milyard dollar xərclənib. 
Diktatorsayağı saç düzümü
Kim Çen Ini dünyanın gündəminə gətirən son hadisə isə onun saç düzümü ilə bağlı oldu. Bir ay əvvəl Şimali Koreyada bütün kişilər saçlarını məhz diktator kimi kəsdirməyə məcbur edildi. Bu göstərişə əməl etməyənləri isə ağır cəza gözləyir. 
Bu günlərdə Londonda gözəllik salonlarından birinin Kim Çen Inin saç düzümü ilə bağlı zarafatı isə Şimali Koreya səfirinin Britaniya xarici işlər nazirliyinə şikayətilə nəticələndi. Gözəllik salonu Koreya diktatoru kimi saç düzümünə sahib olmaq istəyənlərə 15 faiz endirim elan etmişdi. Salonun girişində isə Kim Çen Inin şəkli vurulmuşdu. Gözəllik salonunun bu zarafatı Pxenyanı özündən çıxardı və Britaniya XIN-dən bunun qarşısının alınması tələb edildi.
Saç düzümü ilə bağlı bu hadisə Şimali Koreya üçün yenilik deyil. Bir müddət əvvəl ölkədə qadınlar üçün 18, kişilər üçün isə 10 “bəyənilən saç düzümü” açıqlanmışdı. Təbii ki, saç düzümlərini diktator şəxsən bəyənib. 
(azadliq.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=6339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930