Sanksiyalar Putini dayandıracaqmı?
21.04.2014 - 10:11
Putinin 40 milyard dollar puluna həbs qoyulacaq?
Ingiltərənin “Times” qəzeti ABŞ-ın Rusiyaya qarşı yeni sanksiya planları barədə sensasion məlumat yayıb. Qəzetin yazıdığına görə,ABŞ-ın qərar verdiyi yeni sanksiyalar paketində bilavasitə Rusiya prezidenti Vladimir Putin də hədəf seçilib.
Yeni sanksiyalar işə salınacağı təqdirdə Putinin 40 milyard dollar məbləğində gizlədilmiş maliyyə vəsaitinə həbs qoyulacaq. Bu arada Ağ evin sözçüsü Cey Karni bildirib ki, ABŞ aktiv şəkildə yeni sanksiyalara hazırlaşır.
Putinin yürütdüyü siyasətin yanlış olduğunu və Rusiyanın çöküşünə səbəb olacağını rus politoloqları da bəyan edir.
“Vladimir Putin Rusiyanı faktiki olaraq sonuncu müttəfiqlərindən də məhrum etdi. Indi hətta Belarus, Qazaxıstan və Azərbaycan da Putin Rusiyasına həddən artıq ehtiyatla və inamsızlıqla baxırlar”.
Bunu Rusiyanın müxalifətçi “Solidarnost” hərəkatının lideri Boris Nemtsov “Amerikanın səsi”nə açıqlamasında deyib.
“Aydın məsələdir ki, Rusiyanın ətrafında indi yalnız düşmənlərdir. Hər tərəfimiz düşmənlərdir. Hətta o dinc, sülhsevər çinlilər də hazırda Uzaq Şərqə ərazi iddiaları irəli sürürlər. Putinin yürütdüyü siyasət prinsip etibarilə Rusiyanın parçalanmasına aparır” – deyə müxalifət lideri bildirib.
B.Nemtsov hesab edir ki, Putinin Qafqazın korrupsiyalaşmış klanları ilə gizli sövdələşməsinə əsaslanan sistem də bir gün qəfildən çökəcək: “Çünki bu sövdələşmə “mən sizə qan qoxulu pullar verirəm, siz isə mənə loyal olursunuz” formulu əsasında qurulub. Rusiya Putinin indi Ukraynada separatçıları dəstəkləməsinin də çox ağır zərbələrini alacaq. Çünki Rusiyanın özünün də xeyli separatçısı var – Qafqazda da, Tatarıstanda da, hətta Sibirdə də”.
Vəfa Quluzadə: “Qərb qətiyyətli addımlar atmasa, Rusiya dünya üçün təhlükəyə çevriləvək”
Politoloq Vəfa Quluzadə hesab edir ki, nə xırda sanksiyalar, nə də Nemtsovun bəyanatları Putini dayandırmaq üçün kifayət deyil: “ABŞ Putinin 40 milyardını dondursa da, bu, Putinin məhvi demək deyil. Çünki Rusiyanın nefti, qazı, almazı və digər sərvətləri Putinə məxsusdur. Putin özünü 150 milyonluq rus xalqının sahibi hesab edir. Nemtsov isə, müxalifət lideridir və onun fikirlərini də tam obyektiv hesab etmək olmaz. Qərb ortaya kəskin mövqe qoymalıdır. Ya da sanksiyalar elə miqyasda olmalıdır ki, Rusiya imperiyası çöksün. Indi Putini Hitlerlə müqayisə edirlər. Bu düzgün müqayisədir və Putin öz mövqeyini açıq şəkildə ifadə edir. Hitlerin atom silahı yox idi, Putin isə bu silaha da sahibdir. Qərb düşünürdü ki, Rusiya bütün parametrlər üzrə geri qalır və Putinə gülürdülər. Putin isə, bütün bu vaxt ərzində müharibəyə, keçmiş sovetlər birliyini yaratmağa hazırlaşırdı. Əgər Qərb Rusiyaya qarşı əməli addımlara keçməsə, Putin dünya üçün böyük təhlükəyə çevriləcək. Qərbin yalnız sanksiyalarla kifayətlənməsi o deməkdir ki, Rusiya Ukraynanı tamam parçalayacaq və başqa ölkələri də asanlıqla işğal edəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6340