Masallının Xudayar bəyi: Rafil Hüseynovla şəriki rayonu Danabaş kəndinə çevirəcək
22.04.2014 - 10:23
Masallının Xudayar bəyi: Rafil Hüseynovla şəriki rayonu Danabaş kəndinə çevirəcək

Nəsir Muxtarlını müavin postuna qədər yüksəldən “Elnur-2” şirkətinin rəhbəri rayonda udmadığı tender qalmayıb
Bir neçə gün əvvəl Masallıda dövlət büdcəsindən ayrılmış 4,6 milyon manatın aqibəti barədə araşdırma yazı yayımlamışdıq. JAM.AZ-a verilən məlumatlarda vurğulanırdı ki, yolların asfaltlaşdırılmasını həyata keçirən “Elnur-2” şirkətinin gördüyü işlər artıq “çiçək” açıb.
Belə ki, bir sıra kəndlərə, habelə rayondaxili yolların çəkilişini həyata keçirən bu şirkətin keyfiyyətsiz işləri nəticəsində hazırda yollar dağılmağa başlayıb. “Elnur-2” şirkətinin rəhbəri Xudayar Rəhimov isə sabiq təhsil naziri Misir Mərdanovun ən yaxın adamlarından biri hesab olunur.
Ötən günlərdə Xudayar Rəhimovun kimliyi və onun Masallı icra başçısı Rafil Hüseynovun müavini Nəsir Muxtarlını necə irəli çəkdiyinə dair bir sıra məlumatlar əldə etmişik. JAM.AZ-ın əldə etdiyi məlumata görə, icra başçısının müavininin güvəndiyi əsas şəxs Xudayar Rəhimovdur. Hələ keçmiş icra başçısı Qəzənfər Ağayevin dövründən Nəsir Muxtarlıya “day-day”lıq edən şirkət rəhbəri onu sıravi işçidən müavin postuna qədər yükslətməyi bacarıb.
Məlumatda deyilir ki, Rafil Hüseynov Masallıya icra başçısı təyin olunandan sonra onunla Xudayar Rəhimovu tanış edən də indiki müavin olub. “Elnur-2” şirkətinin funksiyası isə rayonda həyata keçirilən bütün işləri görməkdən ibarətdir. Bu sırada bərbad yol çəkilişlərindən tutmuş, uşaq bağçaları və orta məktəb binalarının tikintisinə qədər hər şey var.
Məlumat verən mənbələr Rafil Hüseynovun demək olar ki, X.Rəhimovla iş ortağı olduğunu iddia edirlər. Məsələn, Ələt-Astara yolunun üzərində, Masallının girişindəki beton zavodunun şərikli inşa etdiklərinə dair məlumatlar var. Bir başqa şərikli layihə isə Masallı-Yardımlı yolunun üzərində yerləşən İsti Su ərazisi kimi tanınan yerdə istifadəyə verilmiş “REXO” İstirahət Mərkəzidir. Qeyd edilir ki, “REXO” əsasən icra başçısının qonaqlarını qəbul etmək üçün nəzərdə tutulub.
Məlumatlarda vurğulanır ki, Nəsir Muxtarlı Xudayar Rəhimovun sayəsində rayonda qismən “hörmətə” minsə də, sonradan “ulduzu sönməyə” başladı. Yuxarıdan gələn təlimata əsasən müavinlərdən birinin qadın olması məsələsi Muxtarlını humanitar məsələlər üzrə müavin postundan devrilməsinə səbəb oldu. Rafil Hüseynovun sərəncamı ilə nəsir Muxtarlı işdən çıxarıldı. Amma araya Xudayar Rəhimovun girməsindən dolayı onu əvavəlki müavinlik postuna qaytarmaq mümkün olmasa da, başqa bir müavinlik verildi. Və Nəsir Muxtarlı humanitar və ictimai-siyasi məsələlər üzrə müavinlikdən aqrar məsələlər üzrə müavin oldu.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan Nəsir Muxtarlının aqrar məsələlər üzrə müavin gətirilməsi sözün həqiqi mənasında biabırçılıqdır. Adamın kənd təsərrüfatı haqqında anlayışı olmadığı halda, ona əkin-biçin işlərini həvalə etmək Rafil Hüseynovun “uzaqgörən” siyasətinin hansı “bəhrələr” verəcəyini göstərir.
Xudayar Rəhimovun Nəsir Muxtarlıya jestləri isə az olmayıb. Məsələn, icra başçısının müavininin Masallıdakı evini məhz şirkət rəhbəri inşa etdirib. Hətta ötən il Nəsir Muxtarlı ilə Xudayar Rəhimov birlikdə Ukraynaya, Truskovetskiyə dincəlməyə də gediblər.
JAM.AZ-ın araşdırmalarına görə, arxası möhkəm yerə bağlanan Nəsir Muxtarlı isə Masallı İcra Hakimiyyətində əksər sahələri nəzarətinə almağa başlayıb. Məlumatlara görə, o, hal hazırda aqrar məsələləri bir kənara buraxaraq, təhsil, səhiyyə və mədəniyyət sahələrinə nəzarət edir. Müavin postunda əyləşdirilmiş qadının səlahiyyətlərini də demək olar ki, bu adam icra edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6383