NIDA həyəcanı
22.04.2014 - 10:27

Azərbaycandakı yalana, yaltaqlığa, şər-böhtana, korrupsiyaya, hüquqsuzluğa nöqtə qoymaq istədikləri üçün NIDA-çı gəncləri həbs etdilər. Bir sözlə, cinayətin qarşısında susmayanlara cinayətkar damğası vuruldu. Uzun məhkəmə proseslərindən sonra sübut olundu ki, heç bir ittiham sübuta yetirilməyib. Elə buna görə də dövlət ittihamçısı NIDA-çılara üst-üstə 63 il iş istədi. Əzəmətli hüquq mühafizə orqanlarımız “cinayət işi”nin üstünü açdı.
Azərbaycan cəmiyyəti və beynəlxalq təşkilatlar isə, bu “cinayət”in üstünü gənclər tutulduğu andan açmışdılar. Bəli, hamı gözəl bilir ki, bu gənclər siyasi sifarişlə həbs olunub və onların məhkəmə prosesi siyasi şoudur. Təbii ki, daha dəqiqini hökumət bilir.
NIDA-çı gənclərə bu qədər yüksək cəza istənilməsi cəmiyyətdə böyük etirazla qarşılandı. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə bu etirazlara belə cavab verdi: “Azərbaycanda siyasi məhbus yoxdur, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxslər var. Vəssalam!”.
Bu adam hüquq elmləri namizədi, professordur. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını işləyib hazırlayan Komissiyanın işçi qrupunun üzvü olub. Azərbaycan Respublikasının Dövlət Qulluğunu Idarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvüdür. 1990- cı ildən Bakı Dövlət Universitetində konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. Hazırda konstitusiya hüququ kafedrasının professorudur.
Bioqrafiyasına nəzər salanda görürsən ki, bu adamın bütün fəaliyyəti hüquqla bağlıdır. Ancaq sərgilədiyi mövqeyə diqqət edəndə anlayırsan ki, bu adam hüquqa nifrət edir.
Hüquq təhsilli digər YAP-çı deputat Siyavuş Novruzov isə MM-in tribunasından kotletlə kokteyli qarışdıra-qarışdıra, hüququ qətlə yetirdi. Bəli, bu ölkədə hüquq təhsili almış adamlar hüquqsuzluğu təsdiqləməyə xidmət edirlər.
Səhv etmirəmsə Lixtenberqin sözüdü: “Ədalətli olmaq üçün çox şey bilməyə ehtiyac yoxdur, ədalətsizlik etmək üçün isə hüquq elmlərini əməlli-başlı öyrənmək lazımdır”.
Görəsən, 600 mindən çox üzvü olan, seçkidə səslərin 80-90 faizin qazanan, ölkəyə analoqsuz inkişaf bəxş edən bir partiya gənclərdən niyə qorxur? NIDA-çılara qarşı bu qədər nifrət, qəzəb hardan doğur? Axı, Rəşadət Axundov Ziyafət Əsgərovun obyektini əlindən almayıb, yaxud Zaur Qurbanlı Siyavuş Novruzovun biznesinə əl uzatmayıb.
Bu nə həyəcandır?
Bildiyiniz kimi NIDA həm də köməkçi nitq hissəsidir. Hiss və həyəcan bildirir. Görünür, bu ölkəni talan edib, sərvətlərini mənimsəyib sonra NÖQTƏ qoymaq istəyənlər üçün NIDA-çı gənclər həyəcan yaradır.
Indi ac millətin ləyaqətli gəncləri aclıq aksiyasına başlayıb. Hələ ki, bu ölkədə vicdanı tox olanlar, mənən ac olanlara aclıq aksiyası keçirməklə etiraz edirlər. Başı mədələşən adamlar, mədəsinə qul olmayanları heç vaxt sevə bilməz. Bu ölkənin gələcəyi üçün mübarizə aparan gənclər, rejimin bugünü üçün təhlükədir. NIDA-çı gənclər də mübariz təbəqənin təmsilçisi kimi hökumətin qarşısında cavabı çətin olan suallar qoyur.
Hakimiyyət çətin suallarla qarşılaşmamaq üçün NIDA-ları susdurmaq yolunu seçib. NIDA-ların tamamən susdurulmaması üçün isə, gəncliyin gur nidası eşidilməlidir. Pulun, vəzifənin hesabına şirə dönənlərin NIDA-lar qarşısında həyəcanlanması təbiidir. NIDA-lar sübut edir ki, özlərini şir kimi göstərənlərin əslində quzu cəsarəti də yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=6384