Naftalanın icra başçısı və deputatın adı "qara siyahıda"
Onlarla bağlı araşdırmalar başladı
Prezident
İlham Əliyevin vəzifəli şəxslərin özbaşınalıqlarına və korrupsiyaya
qarşı mübarizə tədbirlərini gücləndirmək haqda göstərişləri, nəhayət ki,
hüquq-mühafizə orqanlarını qismən də olsa hərəkətə gətirib. Artıq DİN,
MTN və Baş Prokurorluğun müvafiq strukturları ayrı-ayrı vəzifəli
şəxslərin və onların yaxın qohumlarının qanunsuz əməllərinin və
irimiqyaslı korrupsiya cinayətlərinin araşdırılması istiqamətində
fəaliyyətə başlayıblar. Qəzetimizə daxil olan məlumatda bildirilir ki,
hüquq-mühafizə orqanlarının “araşdırma siyahısı”nda xüsusən də
əyalətlərdə hakimiyyətin üst qatına mənsub şəxslərin adlarından
sui-istifadə edərək özlərinə böyük iqtisadi imperiya qurmuş icra
başçılarının adları öncüllük təşkil edir. Deyilənə görə, son 3-4 il
ərzində hakimiyyətin aidiyyəti qurumlarının əyalətlərdə apardığı məxfi
sorğu-hesabat üzə çıxarıb ki, əhalinin hökumətdən kütləvi şəkildə
narazılığına səbəb olan əsas amillər icra başçılarının rəhbərlik
etdikləri rayonların gəlir gətirən sahələrini ələ keçirmələri və
özlərini qeyri-məhdud səlahiyyətlərə sahib “balaca padşah”lar kimi
aparmalarıdır. Qaynağımızın dediyinə görə, hesabatda əsasən turizm üçün
əlverişli olan rayonların icra başçılarının həm də mərkəzi hakimiyyətdə
təmsil olunan hansı vəzifəli şəxslərin adlarından istifadə edərək,
özlərinə böyük biznes imperiyaları qurmaları haqda da kifayət qədər
faktlar öz əksini tapıb.
Bu icra başçıları sırasında hələ də latın
əlifbası ilə doğru-düzgün yazıb-oxumağı bacarmayan, elementar riyazi
əməlləri bilməyənlər də var, adı hansısa məişət xarakterli cinayət
işlərində keçənlər, tərcümeyi-halını büsbütün saxtalaşdıranlar, hətta
fərarilər də…
Məsələn, siyahıda adı “ən gənc icra başçılarından biri”
kimi çəkilən və Qərb bölgəsində ən gəlirli rayonlardan biri olaraq
göstərilən Naftalanın icra başçısı Natiq Aslanov haqda belə bir qeyd
diqqətimizi çəkdi: “Aslanov Natiq Musa oğlu 22 avqust 1976-cı ildə
Naftalan şəhərində doğulsa da, əslən Goranboyun Qaşaltı kəndindəndir və
indi də orada yaşayır. Orta məktəbi hədsiz dərəcədə zəif oxuyub və onun
Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına necə daxil
olduğu ciddi araşdırılmalıdır. Çünki, rəsmi sənədlərdə onun bu ali
məktəbə nə zaman daxil olduğu göstərilməyib və 1993-1994-cü illərin
qəbul sənədlərində də adına rast gəlinmir. Yalnız 1998-ci ildə ali
məktəbi bitirdiyi qeyd olunub. Onun hərbi xidmətdən də boyun qaçırdığı
haqda təkzibedilməz məlumatlar var. Belə ki, vaxtilə Azərbaycan Kənd
Təsərrüfatı Akademiyasınının hərbi kafedrası olsa da, Natiq Aslanovun
həmin hərbi kafedranı bitirib-bitirmədiyi haqda hər hansı məlumat
verilmir. Əksinə, əhali arasında onun “hərbi xidmətə yararsız”lığı
barədə o vaxtkı hərbi komissar Asif İmanovun imzası ilə sənəd aldığı
haqda fikirlər var. Bu hal da ciddi araşdırılmalıdır. Çünki, hərbi
xidmətə yararsız sayılan şəxsin İcra başçısı postunu tutması qanunla
yasaqdır”.
Qeyd edək ki, Natiq Aslanov haqdakı arayışda onun
tərcümeyi-halında əmək fəaliyyəti ilə bağlı da qeyri-dəqiq
informasiyaların yer aldığı və biznes imkanları, ARDNŞ rəhbərliyinin
adından necə istifadə etdiyi göstərilir: “Rəsmi məlumatlarda Natiq
Aslanovun 1998-ci ildə ali məktəbi bitirdiyi, 2000-2004-cü illərdə
“Kəpəz” firmasında alqı-satqı üzrə menecer işlədiyi qeyd olunsa da,
yerli şahidlər onun uzun müddət qohumunun mebel sexində dülgər
işlədiyini bildirirlər. “Kəpəz” firması isə onun əmisi oğlu, 96 saylı
Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir
Aslanova məxsusdur. Qanun deputata biznes fəaliyyəti ilə məşğul olmağı
qadağan etsə də, Mahir Aslanovun bu holdinqinə geniş hotel və mebel
satışı mərkəzləri şəbəkəsi daxildir. Paytaxt Bakıda da bu holdinqə
məxsus firma və şirkətlər geniş fəaliyyət göstərir. Faktiki olaraq,
Goranboy və Naftalan ərazisindəki əsas gəlir mənbələri Aslanovların və
onların son vaxtlar ARDNŞ-də sürətlə irəli çəkilən Bədəl Bədəlovun
nəzarətindədir.
Bu iki əmioğlunun – icra başçısı Natiq Aslanovla
deputat Mahir Aslanovun sürətli yüksəlişində də Bədəl Bədəlovun xüsusi
əməyinin olduğu bildirilir. İcra başçısı Natiq Aslanovla yeznə-qayın
olan Bədəl Bədəlov hazırda ARDNŞ-in Sosial İnkişaf İdarəsinə rəhbərlik
edir. Elə Aslanovlar da Bədəl Bədəlovla qohumçuluq əlaqələrindən
istifadə edərək, Naftalan və Goranboy ərazisindəki biznes obyektlərini,
xüsusən də Naftalandakı sanatoriyaları, ticarət mərkəzlərini və
restoranlar şəbəkəsini bütövlükdə ARDNŞ rəhbərliyinin adına
bağlayırlar…”.
Onu da qeyd edək ki, məlumatı bizə verən mənbənin
sözlərinə görə, icra başçısı ilə bağlı təfsilatlı hesabat-arayış ARDNŞ
rəhbərliyi ilə də tanış edilib və nəticədə Naftalan İcra Başçısının
məqsədli şəkildə, öz biznesini qorumaq üçün ARDNŞ prezidentinin adından
istifadə etdiyi aşkarlanıb, bundan sonra isə hüquq-mühafizə orqanlarına
Naftalandakı vəziyyətlə bağlı göstərişlər verilib. Gözlənilir ki, yaxın
vaxtlarda Naftalanda kütləvi həbslər də aparılsın.
Biz isə yaxın
günlərdə siyahıda olan digər icra başçıları və vəzifəli şəxslərin
olduqca “maraqlı və zəngin” bioqrafiyalarından bəhs edəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=6391