Ziya Məmmədovun "vurulması"na qərar verildi
22.04.2014 - 14:25
Ziya Məmmədovun “vurulması”na qərar verildi

Nazirin əsas biznes şərki “Hafka” ləqəbli Hafiz Məmmədov da ona qarşı çıxdı
Nəqliyyat naziri Ziya Məmmədovun zəiflədilməsi yönündə iş gedir.
Bu haqda Avropa.info-nu məlumatlandıran mənbənin sözlərnə görə, nazirin əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının Bakı şəhər İcra Hakimiyyətinə verilməsi ilə başlanan proses davam etdiriləcək.
Nazirlər Kabinetinin 14 aprel 2014-cü il qərarını xatırladan mənbə bildirir ki, həmin qərara kimi, Paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında olub. Bununla da Ziya Məmmədovun çox önəmli maliyyə qaynaqlarından biri əlindən alınıb. Bundan başqa, bir müddət öncə, Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.
Mənbənin dediyinə görə, əslində, Ziya Məmmədovun çökdürülməsinə hesablanan bu addımların davam etdiriləcəyi gözlənilir. “Artıq Ziya Məmmədovun biznes ortağı “Hafka” ləqəbli Hafiz Məmmədovla da aralarında olan narazılıq pik həddə çatıb. Hafiz Məmmədov uzun müddətdir ki, Ziya Məmmədovla biznes tərəfdaşlığına son vermək istəyir. Artıq bir çox sahələrdə onların biznes şərikliyinə son qoyulub. Bir müddət öncə, iflasa uğrayan, Ziya Məmmədova məxsus “Bank of Azərbaycan” bankında onların biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov dövr edən pullarını , bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın iflasına səbəbkar oldu. “Transqeyt” şirkətində də, təsisçi Hafiz Məmmədov olsa da, icraçı direktor Ziya Məmmədovun oğlu Anar Məmmədov idi. Nazirlər Kabinetinin son qərarı ilə bu şirkətin də artıq iflasa uğradığını demək olar.”
Mənbə bildirir ki, Ziya Məmmədovla Hafiz Məmmədov arasında narazılıqlardan biri də “Hafka”nın prezident olduğu “Bakı” futbol klubunda nazirin oğlu Anar Məmmədovun fəxri prezident olmasıdır. Nazir oğlunun mütəmadi olaraq klubun işlərinə müdaxilə etdiyini deyən mənbənin sözlərinə görə, futboldan kifayət qədər başı çıxan Hafiz Məmmədov bunu xoşlamır. ” Ziya Məmmədovun “vurulacağı” təqdirdə Hafiz Məmmədovun nazirlə bütün biznes ilişgilərinə son verəcəyi gözləniləndir.”
Mənbə qeyd edir ki, son dövürlər mətbuatda Ziya Məmmədovun yaxın qohumlarının bahalı avtomobillərlə, olduqca dəbdəbəli həyat şəraiti ilə gündəmə gəlmələri nazirin mövqelərini xeyli dərəcədə zəiflədib. “Hakimiyyətin yuxarı pillələrində prezident İlham Əliyevin “qudurğan məmur balaları”na barmaq silkələməsinə baxmayaraq , məsələn, Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun bahalı avtomobillərlə ötüş yarışına çıxmasını qəzəblə qarşılayırlar. Bundan başqa Ziya Məmmədovun nəqliyyat sektorundakı fəaliyyəti də qənaetbəxş sayılmır. Bütün bu amillər nazirin süqutunu şərtləndirən amillərdəndir.”
Nəqliyyat nazirinin biznesinə artıq əl qoyulduğunu deyən mənbənin sözlərinə görə, onun yaxın qohumlarının da “vurulacağı” gözlənilir. Onun bildirdiyinə görə, nazirin kurasiyasında olan və icra başçıları da, onun yaxın qohumlarından ibarət olan, bir neşə rayonun icra başçısının işdən çıxarılacağı gözlənilir. “Ziya Məmmədovun kurasiyasında olan bir neçə deputatın da , 2015-ci ildə keçiriləcək parlament seçkilərində deputat mandatından məhrum ediləcəkləri ehtimal olunur. Bundan başqa ilk öncə, fəaliyyətindən onsuz da ciddi narazılıqlar olan, Ziya Məmmədovun əmisi oğlu Mənsur Məmmədovun da işdən azad ediləcəyi gözlənilir.”
Ziya Məmmədov üçün karyerasının ən kritik dövrü olduğunu bildirən mənbənin sözlərinə görə, nazirin biznesinə əl qoyulması, onun vəzifəsini itirməsi ilə də nəticələnə bilər. “Hər zaman məmur oliqarxlar işdən azad olunmazdan öncə, onların biznes sahələrinə əl qoyulur və bu yolla onlar zərəsizləşdirilirlər. Mümkündür ki, Ziya Məmmədov da , zəiflədildikdən sonra, sakitcə yola salınsın, ya da səlahiyyətsiz nazir qismində fəaliyyətini davam etdirsin”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6397