"Rusiya Ukraynadakı hərbi taktikanı Azərbaycanda da tətbiq edə bilər"
ABŞ dövlət
katibi Con Kerri Rusiyanın Krımı ilhaq etməsini “XIX əsrə xas manera”
adlandırsa da Qərb hərbi ekspertləri Rusiyanın Ukraynada XXI əsrin
taktikasından istifadə etdiyini deyir.
“The New York Times” qəzeti Rusiyanın Krımda istifadə etdiyi, hazırda
Ukraynanın şərqində yenidən işə saldığı taktikanı hərbi baxımdan analiz
edib.
Qəzetin rəyini soruşduğu istisnasız olaraq bütün nüfuzlu hərbi
ekspertlər deyiblər ki, Qərb Krımda Kremlin tamamilə fərqli
strategiyasını və silahlı qüvvələrini gördü. Məlum oldu ki, Kreml XXI
əsrin müharibə taktikasını işə salaraq kiberməkanda aparılan müharibəni
yüksək hazırlıq keçmiş xüsusi təyinatlılarla uzlaşdırıb.
NATO qüvvələrinin keçmiş komandanı, istefada olan admiral Ceyms
Stavridis deyib: “Biz Krımda Rusiyanın piyada qoşun hissələrinin
fəaliyyətində ciddi dəyişikliklərin baş verdiyini gördük. Onlar öz
oyununu böyük incəliklə oynadılar”.
Ekspertlər hesab edirlər ki, yeni yanaşma və Rusiya ordusuna yeni
münasibət təkcə Ukraynada deyil, Moldova, Gürcüstan, Orta Asiya
respublikaları, hətta NATO üzvü olan Şərqi Avropa ölkələri üçün də
müəyyən nəticələrə səbəb ola bilər.
Hərbi ekspertlər Rusiya ordusunun Çeçenistandakı və Krımdakı
əməliyyatlarını müqayisə edirlər. Onlar hesab edirlər ki, bu iki hərbi
kampaniya arasında böyük fərq var. Çeçenistanda rus qoşunları
artilleriyadan, hava zərbələrindən və “yer-yer” raketlərindən istifadə
etməklə Qroznını ələ keçiriblər.
Ancaq 2000-ci ilin əvvəllərindən başlayaraq Rusiya öz qüvvələrinin
“yaxın xaricdə” tətbiqi üçün daha effektiv yollar işləyib hazırladı. Bu
zaman xüsusi təyinatlı qüvvələrə, aviasiyaya və dəniz piyadalarına
üstünlük verildi.
Hərbi ekspert Rocer Makdermotun sözlərinə görə, məhz bu yeniliklər
Krımda tətbiq olundu. Bununla belə ekspert hesab edir ki, Krımdakı
heyrətamiz uğur Rusiya ordusunun hələ bütövlükdə bu cür peşəkar olduğunu
deməyə əsas vermir. Çünki ordu əsasən çağırışçılardan formalaşıb.
“Krımdakı əməliyyat Rusiya ordusunun indiki vəziyyəti barədə çox az
məlumat açır. İndi onların real qüvvəsi yaxşı kəşfiyyatla kombinə
edilmiş gizli aksiyalardadır” – deyə R.Makdermot bildirib.
ABŞ Ordu Kollecinin professoru Stefan Blank isə deyir ki, Moskva
Ukraynaya qarşı “yumşaq və sərt güc” kombinasiyasından istifadə etdi.
Belə ki, Krıma müdaxilə üçün Rusiya Ukraynanın şərq sərhədləri boyu
böyük miqdarda hərbi qüvvə cəmləşdirdi: “Hansısa səviyyədə bu, aldadıcı
manevr idi. Bunun ardınca xüsusi təyinatlı dəstələr tanınma nişanı
olmadan sürətlə Krıma daxil oldu və strateji obyektləri tutdu. Bundan
başqa, onlar telefon kabellərin kəsdilər, kommunikasiyaları yararsız
hala saldılar və Ukrayna ilə onun Krımdakı hərbi hissələrini ayırmaq
üçün kiberhərbi vasitələrdən istifadə etdilər”.
NATO Silahlı Qüvvələrinin komandanı, general Filip Bridlav da qeyd
edir ki, ruslar Krımdakı Ukrayna hərbi hissələrini təcrid etdilər,
onları komanda-nəzarət məntəqələrindən ayırdılar.
Qərb ekspertləri Moskvanın Krımda media kampaniyasını da uğurla
apardığını etiraf edirlər. İdeya bundan ibarət idi ki, Rusiya Krıma
rusdilli əhalini ekstremistlərdən və xaosdan xilas etmək üçün müdaxilə
edir.
Ekspertlər deyirlər ki, Rusiya Krım kampaniyasını başa çatdırandan
sonra Ukraynanın şərq və cənub rayonlarına xəncər zərbələri vurmağa
başladı. Rusiya kiçik, ancaq yaxşı silahlanmış və hazırlıq keçmiş
komandaları bu regionlara yeritdi. Onlar inzibati binaları tutmağa, daha
sonra bu binaları “yerli özünümüdafiə qüvvələrinə” təhvil verməyə
başladılar. Yerli rus əhalisinin dəstəyi hesabına Rusiya bu regionları
tutmaq üçün böyük sayda yaxşı təlim keçmiş döyüşçülərsiz də keçinə
bildi.
Hərbi müşahidəçilərin qənaətinə görə, Kreml hələ də Ukraynanın
şərqinə irimiqyaslı hücum vəzifəsini saxlayır. Digər tərəfdən, Ukrayna
sərhədlərində cəmləşdirilmiş böyük sayda hava və quru qüvvələri Ukrayna
ordusunun ölkənin şərqində əks-zərbələr endirməsinə və orada Kiyevin
hakimiyyətini bərpa etməsinə imkan vermir. Həmçinin Ukrayna
sərhədlərində cəmləşdirimiş qüvvələr ABŞ-ın da Kiyevə hərbi yardım
göstərmək üçün əl-qolunu bağlayır.
Hərbi ekspertlər deyirlər ki, Kremlin Ukraynada istifadə etdiyi
strategiya etnik rus azlığın mövcud olduğu digər regionlarda da uğur
qazana bilər. Söhbət Rusiya ilə qonşu ölkələrdən gedir. Belə olan halda
Rusiya öz qoşunlarını sürətlə cəmləşdirə və təchiz edə, həmçinin xüsusi
təyinatlıları işə salardı.
NATO-nun keçmiş baş müşaviri Kris Donelli hesab edir ki, Rusiya
strategiyasının Ukrayna variantının Gürcüstana, Moldovaya, Ermənistana,
Azərbaycana, Orta Asiya respublikalarına, Baltik ölkələrinə qarşı da
tətbiqi tamamilə mümkündür.
K.Donellinin fikrincə, Rusiyanın srategiyası o zaman işləyərdi ki,
əgər onun hədəfində olan obyektdə “Rusiyaya simpatiyası olan böyük sayda
sakin” olsun.
Lakin ekspert deyir ki, Rusiya silahlı qüvvələrindəki proqressi
təkcə onun yaxın xaricdə tətbiqi baxımından nəzərdən keçirmək düzgün
deyil. Onun sözlərinə görə, NATO Rusiya xüsusi təyinatlarının və adi
qoşunlarının kiberhücumlarını diqqətlə öyrənməli, bundan sonra öz
planlarına yenidən baxmalıdır.
Virtualaz.org
Short URL: http://www.cumhuriyyet.net/?p=6407