Azərbaycana Rusiyadan yeni aprel təhlükəsi

23.04.2014 - 10:14

Azərbaycana Rusiyadan yeni aprel təhlükəsi

Azərbaycana Rusiyadan yeni aprel təhlükəsi
Ölkə simmetrik işğal hədəsi ilə üz-üzə; 94 il öncəki kimi, bu gün də müstəqilliyimizə əsas təhdid şimaldan gəlir; Qarabağ problemi, “5-ci kolon” o vaxt da Kremlin əlinə işləmişdi; indi də hər iki amil “içəridən potensial sarsıdıcı zərbə” rolundadır… 
Putin Rusiyası SSRİ-ni bərpa eləmək yönündə cəhdlərini davam etdirir. Rusiyanın postsovet ölkələri ərazisindəki separatçı bölgələrin, o sırada Dağlıq Qarabağın erməni əhalisinə rus pasportları paylaması haqda intensivləşən xəbərlər, keçmiş müttəfiq respublikalarda yaşayan insanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran qanunun qəbulu bu cəhdlərin ciddiliyinə şəkk-şübhə saxlamır.
Tarixin arxivinə gömülmüş sovet imperiyasını təzədən reanimasiya eləmək yönündə Kremlin səyləri əlbəttə ki, çoxşaxəlidir və təkcə postsovet məkanı ölkələri ilə məhdudlaşmır. Bu səylər eyni zamanda fövqəlgücləri, öncəliklə Qərbi, ABŞ-ı qorxutmağa və fakt qarşısında qoymağa hesablanıb. Aşkar görünür ki, Kreml öz məqsədinə çatmaq üçün mövcud beynəlxalq hüquq sistemini də təftiş eləməyə, hətta dünyanı təzədən, zorla bölüşdürməyə çalışır. 
Ən qorxulusu da budur. Çünki İkinci cahan savaşından sonra Avrasiya məkanında, bütövlükdə dünyada sabitlik və təhlükəsizlik sistemi pis-yaxşı məhz ümumi qəbul edilmiş “Helsinki Yekun Aktı”na, ölkələrin ərazi bütövlüyü və toxunulmazlığı prinsiplərinə hörmətə əsaslanırdı. 
Şimal qonşumuzun son davranışları və Krım avantürası sözsüz ki, müstəqil Azərbaycan üçün də ciddi təhlükə kəsb edir. Tərs kimi, 94 il öncəki kimi bu gün də bir sıra reallıqlar və şərtlər xeyli dərəcədə oxşarlıq kəsb edir və heç də xeyrimizə deyil. 
Məsələn, ötən əsrin 20-ci illərinin sonlarında da mühüm enerji qaynağı kimi Azərbaycanın Rusiya və Avropa üçün önəmi böyük idi, indi də Moskva neft-qaz təhdidi ilə Avropanı diz çökdürmək üçün ilk növbədə Azərbaycanı tam nəzarətinə almağa çalışır. 
O vaxt – Cümhuriyyət dönəmində də Qarabağ problemi, gənc dövlətimizin qərb bölgələrimizə mütəmadi erməni hücumları AXC ordu birləşmələrinin səpələnməsinə və Rusiyanın şimaldan ölkəmizə hərbi təcavüzünə zəmin yaratmışdı, bu gün də Qarabağ kartı Kremlin əlində işlək vəziyyətdə qalmaqdadır. 
O zaman – 1920-ci ilin aprelində də Azərbaycan daxilində, onun çoxpartiyalı parlamentində “5-ci kolon”, ələlxüsus da separatçı və satqın ünsürlər, kommunist-bolşevik tör-töküntüləri müstəqilliyimiz əleyhinə altdan-altdan təbliğat aparır, xalqı rus işğalının zəruriliyinə inandırmağa çalışırdılar; indi də Cümhuriyyət varisi olan Azərbaycan Respublikasında Kremlin “5-ci kolon”u və gizli-açıq təbliğatçıları xalqın bəlli durumundan, üzücü Qarabağ məsələsindən süi-istifadə edərək hərəkətə keçiblər. 
Bu xüsusda ikicə yeni faktı qeyd eləməyə dəyər. Biri odur ki, dünən şimal rayonlarımızdan birində, əhalisinin əksəriyyəti ləzgi olan Qusarda hansısa separatçı ünsürlər Rusiya bayrağı qaldırmağa cəhd ediblər. Cəhdin qarşısı alınsa da, hər halda, bunu Kremlin Azərbaycana növbəti ismarışı kimi qəbul eləmək olar. Maraqlıdır ki, bu olaydan bir neçə gün öncə Rusiya daxili işlər nazirinin şimal bölgəmizə gizli səfəri barədə məlumatlar yayılmışdı. Təsadüfmü?
Onu da yaddan çıxarmayaq ki, 1920-ci ilin aprelində Rusiya işğalı öncəsi (həmin ilin yanvarında), AXC-nin müstəqilliyi əksər aparıcı dövlətlər tərəfindən tanınmış, bəzilərində hətta səfirlik mübadiləsi olmuşdu. Amma bu fakt şimal qonşumuzun təcavüzünə mane olmadı.   
Doğrudur, XXI əsrdə bir suveren dövlətin başqa suveren dövlətin ərazisinə qoşun yeritməsi kifayət qədər qəliz məsələdir. Üstəlik, Azərbaycan cəmi 2 il yox, 23 ildir daha etibarlı şəkildə beynəlxalq hüququn subyektidir, BMT və ATƏT-in üzvüdür. Fəqət, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, indi də Krımı sivil dünyanın gözü qarşısında ilhaq eləməsi göstərdi ki, Kreml 94 il öncəki kimi, yenə heç nəyə, heç bir beynəlxalq öhdəliyə məhəl qoymadan qonşu və suveren ölkənin ərazisinə soxula bilər.
Sözsüz ki, konkret olaraq Azərbaycanın təhlükəsizliyi NATO üzvü olan güclü Türkiyə amili fonunda xeyli zəmanətli təəssüratı bağışlayır, amma ortada artıq gözü çıxan Gürcüstanın nümunəsi ilə yanaşı, təptəzə və  qorxulu Ukrayna presedenti var. Hər necə olmasa, “şər deməsən, xeyir gəlməz”. 
Təhlillər göstərir ki, Azərbaycanın öz milli təhlükəsizlik konsepsiyasını regiondakı və dünyadakı yeni reallıqlara uyğun dəyişdirməsinə, orada suverenliyimizə və ərazi bütünlüyümüzə yeni təhlükələri, həmçinin də dost-müttəfiqlərimizi təzədən sıralamasına lüzum yaranıb. (musavat.com)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6422

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930