İnsanlığa xəyanət Vətənə xəyanəti mühakimə edir
Adını haqq etməyə başlayan hava limanı
Adını haqq etməyə başlayan hava limanı
Qənimət Zahid
Rauf Mirqədirovun həbsi əlamətdar günlərdə baş verir. NIDA-çılara
ittihamı divara oxuyurmuş kimi davranan prokurordan ən ağır cəzalar
istənildiyi, Anar Məmmədliyə qarşı məhkəmə prosesinin və şübhəsiz ki,
NIDA-çılardan fərqli olmayan aqibətin hazırlandığı bir zamanda ölkənin
tanınmış qələm sahiblərindən olan Mirqədirov içəri atılır. Sözün hər iki
mənasında içəri. Əvvəlcə yaşadığı xarici ölkədən Azərbaycana gətirilir,
sonra da Azərbaycanın daha içərilərində saxlanılır.
Rauf Mirqədirov
vicdanını qələminin müqəddəsliyinə həsr edən jurnalistlərdəndir. Onun
tematikası daxili siyasəti az ehtiva edərdi. Buna görə də Rauf bəyin
Bakı aeroportunda yoxa çıxması sorağını aldığım an barmağımı dişlədim və
ona qarşı casusluq ittihamını irəli sürəcəklərini qət etdim. Türkiyədən
cibinə qumbara qoyub gəlməzdi, hava limanında əməkdaşlara qarşı
müharibə elan edə bilməzdi, çünki zatən deportasiya olunurdu. Nurçu
deyildi, “radikal müxalifət jurnalisti” deyildi. Amma onun nəyə görə
məhz casusluqda ittiham ediləcəyini özüm üçün izah edə bilmədim və indi
də bilmirəm…
Hərçənd, mən onun Ermənistanın xeyrinə casusluqda
ittiham ediləcəyini də heç cür ağlıma gətirə bilməmişdim. Sadəcə, belə
hesab edirdim ki, Mirqədirov Türkiyədə yaşadığı zamanlar onun Azərbaycan
hakimiyyətinin ən müqtədir çevrəsi ilə hansısa anlaşılmazlığı ola
bilərdi və bu anlaşılmazlıq üzündən də onu sifariş edə bilərdilər. Amma
indi aydın olur ki, Rauf Mirqədirovun həbsi kütləvi həbslər dalğasının
hazırlanması və həyata keçirilməsi üçün gərək imiş. Bu dalğada kimlərin
və hansı məqsədlərlə həbs ediləcəyi isə proqnoz məmulatı deyil.
Istədikləri adamları və istədikləri zaman həbs edə bilərlər. Artıq Bakı
hava limanı Heydər Əliyev adına, həm də, mənəvi baxımdan haqq etməyə
başlayırsa…
Xalq diplomatiyası, yoxsa xalqdan kənar diplomatiya?
“Xalq diplomatiyası” prosesi ilə işim yoxdur. Bunun nə lehinə, nə də
əleyhinə heç bir söz deyə bilməyəcəyəm. Amma xalqdan kənar
diplomatiyanın ölkəyə ancaq fəlakət və qeyri-müəyyən perspektivlər
yağdırmaqda davam etdiyini müşahidə ediriksə, deməli “xalq
diplomatiyası” tərəfdarlarını yox, xalqdan kənar diplomatiyanın
icraçılarını sorğu-suala çəkmək lazımdır. Hərçənd, Mirqədirovun, hətta
xalq diplomatiyası prosesinin içində olduğunu da birmənalı olaraq
söyləmək çətindir. Hansısa epizodlar üzrə bu prosesə qatıla bilərdi.
Azərbaycanda ziyalıların və jurnalistlərin böyük əksəriyyəti bu
proseslərin daxilində iştirakçıdılar. Qəzetlərdə Ermənistandakı və
Azərbaycandakı siyasi-iqtisadi vəziyyətin təhlililə bağlı çoxlu yazılar
dərc edilir. Bunlar da xalq diplomatiyası qəbilindəndir. Beynəlxalq
təşkilatların təşkil etdiyi çoxsaylı tədbirlərdə Azərbaycandan və
Ermənistandan olan ictimai fəallar, jurnalistlər birgə iştirak edirlər,
onların arasına divar çəkilmir və onlar eyni problemləri müzakirə
edirlər. Bu da xalq diplomatiyasının elementləridir. Dünyanın çeşidli
ölkələrində, xüsusilə də Rusiyada azərbaycanlıların və ermənilərin ortaq
biznes proyektləri var və onlar birgə işləyərək, pul qazanırlar. Bu da
xalq diplomatiyasının epizodlarıdır. Azərbaycanda Daxili Işlər
Nazirliyinin yüksək rütbəli əməkdaşlarından birinin (deyək ki, general)
övladları yay tətillərini xalası uşaqları ilə birgə ABŞ-da keçirməyi
sevirlər, bu uşaqların anaları ermənidir. Bu da xalq diplomatiyasıdır.
Xalq
diplomatiyasına dəxli olmayan proses isə Ermənistan və Azərbaycan
prezidentlərinin bağlı qapılar arasında keçirilən görüşləridir.
Onlar Vətən adlı dəyərə nifrət edirlər
Ölkəmizdə xalqa dəxli olan bütün proseslər cəzalandırılır. Vətəndaş
təşəbbüsü adına hər şey inzibati terrorun qəzəbi altına düşür.
NIDA-çılar vətəndaş təşəbbüsünə görə cəzalandırıldılar. Anar Məmmədliyə
qarşı tələ də vətəndaş təşəbbüsünə görə biçildi. Azərbaycanda vətəndaşın
olmağını istəmirlər. “Vətən” sözü ölkəni idarə edənlərdə allergiya
doğurur. Onlar Vətən adlı bir dəyərin mövcudluğuna nifrət edirlər.
Elçin Şıxlı
Rauf Mirqədirov rus dilli Azərbaycan mətbuatının ən vicdanlı və ən
sabit nümayəndələrindən biridir. O, az qala, bütün qəzetçilik karyerası
boyu Elçin Şıxlı ilə birlikdədir. Bu tandemdən Azərbaycana heç zaman
zərər gəlməz. Normal, ağlı başında olan bir ölkədə, hətta insan qatilini
də Elçin Şıxlı kimi bir ziyalının zaminliyinə verərdilər. Amma
Azərbaycanın inzibati hakimiyyəti Elçin Şıxlının böyründəki adamı Vətənə
xəyanət ittihamı ilə həbsə atır.
Sirr fenomeni
“İstintaq sirri”, “dövlət sirri”, “hərbiləşdirilmiş idarə sirri”,
“hərbiləşdirilməyən oliqarxların biznes sirri”, “prezidentin özəl biznes
imperiyasının sirri”… Bu sirlər Azərbaycan xalqının diplomatiyasına
aid deyil. Bu sirlər Azərbaycan xalqını istisna edən bir harınlığın
sirridir. Iki il əvvəl Türkiyədə bir söhbətimiz zamanı Rauf bəy mənə
irad tutmuşdu ki, çox sərt mövqedəyəm. Demişdi ki, Azərbaycanda
islahatlara doğru meyl hiss olunur və buna görə də hakimiyyətin dünya
standartlarının içəri girməsinə imkan verəcəyinə inanmaq mümkündür. Bu
standartlar hörmətli Rauf Mirqədirovu ən ağır ittihamla içəri atdı.
Elçin Behbudovun bəyanatı
Bizim hələ sındırılmamış ziyalılarımız var. Hələ qələmini öz iradəsi
ilə işlədə bilən jurnalistlərimiz var. Hələ özünü vətəndaş
adlandırmaqdan qorxmayanlarımız var. Inanmayın Azərbaycan hakimiyyətinin
islah olunacağına. Heç, inanmayın! Bu hakimiyyətin heç bir davranışının
arxasında ölkənin mənafeləri dayanmır. Heç vaxt da dayanmayacaq. Onlar
öz qurbanlarını bir-bir içəri atacaqlar, Elçin Behbudov gedib onlara baş
çəkəcək və çıxıb adamın “saxlanma şəraitindən heç bir şikayətinin
olmadığını” bəyan edəcək və beləcə biz azərbaycanlıların vətəndaşlıq
vicdanının məhv edildiyi sonuncu inzibati terror aktına qədər müşahidəçi
olaraq qalacağıq. Çünki biz siyasətlə məşğul deyilik və hesab edirik
ki, siyasət yalnız müxalifətçilərin işidir.
İnsan otlağı
Rauf Mirqədirovu Vətən xaini hesab edənləri bəşəriyyətə xəyanətdə
ittiham etmək lazımdır. Amma indi bir az da gecikmişik. NIDA-çılar
kütləvi iğtişaşlarda ittiham ediləndə bu qətiyyəti göstərmək lazım idi,
Anar Məmmədli həbs ediləndə gərək idi, bu sətirlərin müəllifi xuliqan
adı ilə həbsə atılanda lazım idi, cəbhəçi gənclər günün günorta çağı
evlərindən oğurlanan anlarda lazım idi,.. Inzibati terrorun sayı
minlərlə ölçülən aktların hər biri zamanı lazım idi…
Azərbaycanı
hər gün Şimali Koreyaya daha çox bənzədirlər. Hər ötən gün daha çox
azərbaycanlı üçün prezident qorxu və ölüm anlamı verən vahiməyə
çevrilir. Hər ötən anda daha çox adam belə hesab etməyə başlayır ki,
Allaha asi olmaq prezidentə asi olmaqdan asandır. Azərbaycanlılar beləcə
zombiləşdirilir və ölkənin taleyi üçün məsuliyyət daşımağa cəsarət
etməyən fərdlər halına gətirilirlər. Ictimai mahiyyətini itirən və
vətəndaşlıq siması olmayan insanları otarmaq çox rahatdır və onlar
Azərbaycanı belə bir kökə salmağı planlaşdırıblar. Çoxdan
planlaşdırıblar. Indi tam sürətlə həmin planı icra edirlər.
Müxalifətçilər də, müxaliflər də bu planın çərçivəsi daxilindədir. Hər
kəs!
Azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=6437