Azərbaycan, Güncüstan və Türkiyə Rusiyaya qarşı
23.04.2014 - 17:50

Hər üç ölkənin başçısının qatılacağı təhlükəsizlik sammiti nəyə hesablanıb?
Mayın əvvəllərində Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə təhlükəsizlik sammiti olacaq. Bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. Onun sözlərinə görə, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunacaq: “Bizim Avropaya inteqrasiya yolunda apardığımız siyasət mühümdür”.
Regionda olduqca ciddi proseslərin cərəyan etdiyi bir zamanda belə bir tədbirin keçirilməsi maraq doğurur. Belə olan halda Tiflisdə 3 ölkə prezidentinin biraraya gəlməsi nə məqsəd daşıya bilər? Bu görüşün pərdəarxası məqamları nədən ibarətdir?
Bəs belə bir görüşün keçirilməsinə Rusiya necə reaksiya verə bilər? Ekspertlər hesab edir ki, Rusiyanın Ukraynaya müdaxiləsi regionda yerləşən dövlətlərin ciddi narahatçılığına səbəb olub. Putin Rusiyasının açıq şəkildə beynəlxalq normaları pozması beynəlxalq təhlükəsizlik sisteminə çox ciddi zərbə oldu. Məlum olduğu kimi Rusiya həmişə bu regionu öz təsir dairəsində saxlamağa çalışıb. Bu baxımdan ən azı Azərbaycan, Türkiyə və Gürcüstanı bir çox parametrlər üzrə eyni mövqeydən çıxış etməyə vadar edən amillər var. Keçiriləcək müzakirələr nəticəsində Rusiyanın regionda mövqelərinin zəiflədilməsinə gətirib çıxaracaq qərarlar veriləcəyi halda, Putin sərt addımlar ata bilər. Amma mövcud vəziyyəti nəzərə alaraq hələlik belə addımların atılmasını proqnozlaşdırmaq üçün əsas yoxdur.
Elxan Şahinoğlu: “Keçiriləcək tədbir Azərbaycanın yerləşdiyi bölgədəki proseslər nəzərə alınarsa olduqca əhəmiyyətlidir”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, keçiriləcək tədbir Azərbaycanın yerləşdiyi bölgədə baş verənlər nəzərə alınarsa olduqca əhəmiyyətlidir. Rusiyanın Gürcüstan ərazisinin bir hissəsini işğal edərək orada separat rejimlər yaratması ilə bu ölkəyə təzyiqlər etdiyini deyən E.Şahinoğlu bildirdi ki, Kremlin bu subyektlərin müstəqiliyini də tanıması hadisələri kritik nöqtəyə gətirib: “Rusiya bundan başqa Ukraynanın Şərqində də ekspansiyasını davam etdirir. Rusiyanın getdikcə iştahı artır və bu dövlət qonşu ölkələr üçün böyük təhlükəyə çevrilir. Rusiyanın passportların verilməsi prosesini sadələşdirməsi də qonşu ölkələr üçün bir xəbərdarlıqdır. Ona görə belə bir ərəfədə Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi müttfiqlik məsələlərini gündəmə gətirməsi birmənalı deyil. Bu təşəbbüs Azərbaycan üçün çox önəmlidir. Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi də dövlətin maraqlarına cavab verir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6467