"Azərbaycan hökumətindən izahat istəyirik"
Azərbaycanda insan haqlarının vəziyyətinə dair müşahidələrini açıqlayıb.
Bu sənəd Komissarın ötən il hazırladığı hesabata əlavə, yəni onun
yenilənməsi sayılır. Nils Mujnieks “Azadlıq” radiosuna müsahibəsində
hesabatı yeniləmək, müşahidələrini dərc etmək qərarını belə izah edir:
– Ona görə bu qərara gəldim ki, özəlliklə son bir neçə ayda durumun
ancaq pisləşdiyini müşahidə etdim. Düşündüm ki, son hesabatımda
qaldırdığım məsələləri Azərbaycan hakimiyyətinin yadına salmaq, durumun
pisləşməsini önləməyə çağırmaq faydalı olardı.
– Niyə məhz son bir neçə ay? Əsasən hansı sahələrdə müşahidə etmisiniz pisləşməni?
–
Son bir ildə bir sıra jurnalistlərin, internet fəallarının həbsini
gördük. Hakimiyyətin həyata keçirdiyi nəzarət barədə eşitdik.
Deffamasiyanın dekriminallaşdırılması yönündə heç bir irəliləyiş
görmədik. “Azadlıq” qəzetinə qarşı hüquqi təhdidlərin davam etdiyini
müşahidə etdik. Birləşmə azadlığı sahəsində qanunvericiliyə QHT-lərin
fəaliyyətini çətinləşdirən dəyişiklikləri gördük. Tanınmış QHT fəalı
barədə həbs qətimkan tədbirinin seçildiyini gördük. Sərbəst toplaşma
azadlığı sahəsində də heç bir irəliləyiş müşahidə etmədik. Bir sıra
etiraz aksiyalarının polis tərəfindən dağıdıldığını gördük.
TƏKRARLANAN ŞABLON
–
İfadə azadlığıyla bağlı deyirsiniz ki, narazı fikirlərini ifadə
edənlərə qarşı cinayət təqibi ədalətsiz aparılır, jurnalistlər,
bloqqerlər məhz bu fikirlərə görə təqibə məruz qalırlar. Ancaq
hakimiyyət jurnalistlərin peşəkar fəaliyyətə görə təqib olunmadığını
bildirir. Niyə hələ də mövqeyinizdə israr edirsiniz?
–
Çünki belə bir şablon var – hökuməti tənqid edənlər, tənqidi fotolar
yerləşdirilənlərin üstündən tezliklə ya narkotik maddə, ya silah
tapılır, dövlətə xəyanətdə, ya da polisi döyməkdə ittiham olunurlar. Bu
şablon o qədər sistematik baş verir ki, onu təsadüfi saymaq çətindir.
Əksər hallarda bu ittihamlar etibarlı, səhih görünmür. Bir sıra
jurnalistlərə və fəallara qarşı qurama ittihamlara son qoyulmalıdır.
–
Rəsmilər adətən bu iradlara qıcıqlanır, bənzər bəyanatları ölkənin
məhkəmə sisteminə müdaxilə kimi dəyərləndirilir. Razısınızmı bu fikirlə?
–
Xeyir. Biz Azərbaycanın yadına öhdəliklərini salırıq. Fərdlərə qarşı
əsaslandırılmış iddialar istəyirik. Fikirlərini ifadə etdiklərinə görə
həbsdə yatanların azadlığa buraxılmasına çağırırıq. Mənim işim
Azərbaycan hakimiyyətinə yardım etməkdir, onları acıqlandırmaq deyil.
–
Son günlərdə baş verən hadisələri izləyirsinizmi? Jurnalist Rauf
Mirqədirov dövlətə xəyanətdə ittiham olunur. Bir səbəb onun Dağlıq
Qarabağ münaqişəsi üzrə xalq diplomatiyası layihələrində iştirakı
göstərilir. Sizcə, jurnalistin həbsi ifadə azadlığına və həmin işə nə
dərəcədə təsir göstərəcək?
– Bu, həbslər seriyasından
axırıncıdır. Casusluq istənilən şəxsə, özəlliklə də öz peşəsiylə məşğul
olan jurnalist və fəala qarşı çox ciddi ittihamdır. Bu həbsi çox böyük
narahatlıqla qarşıladıq. Mirqədirovun tezliklə azadlığa çıxacağına ümid
edirik.
– NİDA hərəkatı üzvlərinə iş istənilib. Onlar və valideynləri aclıq aksiyası keçirir. Hakimiyyətə bununla bağlı mesajınız varmı?
–
Bakıda olanda NİDA üzvlərindən birilə görüşmüşdüm. Onlar dinc
dəyişiklik uğrunda mübarizə apardıqlarına güclü inanırlar. Bunun əksinə
elə bir ciddi sübut-dəlil görməmişəm. Bir daha öz fikrimdə qalıram ki,
bu gənclər də ictimai və siyasi fəalların hakimiyyət tərəfindən hədəfə
alınması modelinin bir hissəsidir və azadlığa buraxılmalıdırlar.
–
Ötən il Venesiya Komissiyası Azərbaycanın təqdim etdiyi qanun
layihəsini rədd edəndən sonra, Diffamasiya qanunu sahəsində hansısa
irəliləyiş varmı?
– Heç bir irəliləyiş görməmişəm.
Gördüyüm Azərbaycan rəsmilərinin Venesiya Komissiyası ilə əməkdaşlığa
hazırlıqları barədə davamlı bəyanatlarıdır. Ancaq diffamasiyaya görə
cinayət cəzasının ləğvi yönündə irəliləyiş görmürəm. Vədlərdən çox iş
görmək istərdim. Məncə bunu etmək elə də çətin deyil. Çünki son vaxtlar
diffamasiyaya görə cəza çox tətbiq olunmayıb. Yaxşı olardı ki, son 2
ildə verilən vədlər yerinə diffamasiyaya görə cəza ləğv olunaydı.
– Yəni son vaxtlar bu cəzanın verilməməsini yaxşı əlamət sayırsınız?
–
Son vaxtlar qeyri-mütənasib cərimənin tətbiq olunmaması yaxşı
əlamətdir. Düzdür, “Azadlıq” qəzetinin gələcəyi bu cərimələr üzündən
qeyri-müəyyəndir. Bu, yaxşı deyil. Ümid edirəm ki, Azərbaycan
hakimiyyəti bu addımı atacaq.
VERGİDƏN YAYINMA VƏ HƏBS QƏTİMKAN TƏDBİRİ
–
QHT-lərə dair qanunvericiliyə dəyişikləri hakimiyyət şəffaflığın təmin
olunmasıyla izah edir. Siz isə əksinə onların fəaliyyətinin
məhdudlaşdırıldığını düşünürsünüz. Niyə?
– QHT-lərin
üzərinə əlavə tələblər qoyulub- Ədliyyə Nazirliyinə hesabatlar,
pozuntulara görə cərimələr artıb. Dəyişikliklərin mətni də qeyri-müəyyən
səslənir. Mən bunu irəliyə deyil, geriyə addım sayardım. Anar
Məmmədlinin həbsi bu qanunları pozmaqla əlaqələndirilir. Öncə QHT-nin
qeydiyyatı çətinləşdirilir, daha sonra fəaliyyətinə məhdudiyyət qoyulur.
Üstəlik təhlükəli cinayətdə ittiham olunmayan şəxs barəsində həbs
qətimkan tədbiri seçilir. Anar Məmmədlinin işini götürək. Vergidən
yayınmaya görə niyə kiməsə qarşı həbs qətimkan tədbiri seçilsin? Bunu
etmək üçün elə də güclü səbəb yoxdur.
AÇIQLAMA İSTƏNİLİR
– Sərbəst toplaşma yerləri ilə bağlı hakimiyyətlə hər hansı
yazışmanız olubmu? Ötən il Sizə şəhər mərkəzində aksiyalar üçün yerlər
ayrılacağı vəd olundu. Daha sonra bu icazə ancaq seçki dönəminə aid
edildi. İndi isə siz hakimiyyətdən izahat istəyirsiz.
–
Hesabata dair müşahidələrin dərc olunmasının bir məqsədi dialoqu davam
edirməkdir. Hakimiyyət bəzi məsələlərə dair informasiya təqdim edib.
Ancaq bu məsələyə dair izahat yoxdur. Biz aydınlaşdırıcı açıqlama
istəyirik. Hökumətin cavabında bu yoxdur. Ümid edirik gələcəkdə təqdim
olunacaq. Hakimiyyət dialoqu davam etdirmək arzusunu bildirdiyinə görə
gələcəkdə bu izahatın veriləcəyinə ümid edirəm.
– Hesabatınızda
bir məqam da yer alıb. Jurnalistlər və insan haqları fəallarına qarşı
izləmə əməliyyatlarının artmasından narahatlıq bildirirsiniz. Yazırsınız
ki, bu zaman istifadə olunan Məsafədən Nəzarət Sistemi isə bir qayda
olaraq hökumətlərin ixtiyarında olur. Bu informasiya nə dərəcədə
etibarlıdır?
– İctimai açıq ekspert mənbəyinə əsaslanmışıq.
Nəzarət sistemindən istifadə barədə ayrı-ayrı fəallar və mediadan
məlumat almışıq. Azərbaycandan kənarda yerləşən İnternet ekspertlərində
də bu məlumatlar var və ictimaiyyətə açıqdır. Bu nəzarətin artdığı
bildirilir. Qərbdən bir mənbənin məlumatına görə, hakimiyyətin bu
texnologiyaya çıxışı var. Bu, onlara müxtəlif kommunikasiyalara, Skype,
elektron poçta gizli çıxış imkanı yaradır. Bu məqam narahatlıq yaradır.
DİALOQ VAR, NƏTİCƏ YOX
–
Hakimiyyətlə sıx əlaqə yarada bilirsinizmi? Ötən ilin mayında Bakıya
səfər etdiniz və avqustda hesabatınız dərc olundu. Tövsiyələrin yerinə
yetirilməsi uğrunda əməkdaşlıq necə gedir?
– Bugünkü
müşahidələri dərc etməyin səbəbi tövsiyələrin yerinə yetirilməsi yolunda
heç bir irəliləyişin olmamasıdır. Ona görə narahatlığımı hakimiyyətin
diqqətini çatdırmaq qərarına gəldim. Son əlaqəm buradakı səfirlə
(Komissarın ofisi Parisdədir- A.K.) olub. Bundan başqa Ədliyyə nazirliyi
və Ombudsman ofisinin təmsilçiləri İnsan Haqlarına dair Milli Fəaliyyət
Planına həsr olunmuş dəyirmi masaya qatılıb. Mən daha intensiv dialoq
və nəticə, iş görmək istəyirəm. İfadə, sərbəst toplaşma və birləşmə
azadlıqları ilə bağlı irəliləyiş görmək istəyirəm. Hələlik bu dialoqdan
konkret bir nəticə əmələ gəlməyib.
– İsmayıllı
məhbuslarına hökm oxundu. Anar Məmmədlinin məhkəməsi başlayıb.
Beynəlxalq çağırışlara baxmayaraq fəalların həbsinin, qorxudulmasının
davam etdiyi görünür. Bu prosesi necə izah edərdiniz?
–
Bu proses qəbuledilməzdir və dayanmalıdır. Avropa Şurasının üzvü kimi
Azərbaycan öhdəliklərinə əməl etmir. Mən bu dialoq vasitəsilə
hakimiyyətə öhdəliklərini xatırladır, onlara yardım təklif edirəm. Bu
kömək Venesiya Komissiyası, təkliflərlə həyata keçirilə bilər. Ancaq
hələlik heç bir irəliləyiş görmürəm.
XALQ DAHA ÇOX MƏYUS OLMALIDIR
– Beynəlxalq qurumların bəyanatları kəskinləşdikcə, ölkədə
hüquq və azadlıqlara qarşı kampaniya da güclənir. Bəlkə beynəlxalq
kampaniyada nəsə çatışmır? Çatmayan nədir?
– Məhkəmələr
var, insan haqlarının monitorinqi, dialoqlar həyata keçirilir, müxtəlif
növ yardım proqramları var. Ancaq görünən odur ki, bunlardan heç biri
qeyd etdiyimiz məsələlərə ciddi təsir göstərə bilmir. Bəli, biz buna
görə məyus oluruq, ancaq məncə bu, haqları pozulan Azərbaycan xalqını
daha çox məyus etməlidir.
– Nə etmək lazımdır?
– Hakimiyyət onu islahatlara çağıran, Avropa Şurası öhdəliklərini xatırladan səslərə diqqət verməlidir.
–
Öncəki müsahibələrinizdə Azərbaycanın Avropa Şurasında sədrliyi
ərəfəsində islahatlara çağırırdınız. Sədrliyə günlər qalır. Gözləntiniz
nədir?
– İnsan haqları sahəsində
irəliləyişlər, islahatlar sədrlikdən asılı deyil. Ümid edirəm hakimiyyət
bu imkandan yararlanaraq bu dəyişiklikləri həyata keçirəcək. Bu
çağırışları sədrlikdən asılı olmadan edirəm. Sədrliyə irəliləyişə nail
olmaq, Avropa Şurasındakı həmkarları ilə daha intensiv dialoq aparmaq
üçün bir imkan kimi baxıram. Azərbaycan xalqının mənafeyi üçün
irəliləyiş görmək istəyirəm. Saxlanan, cəzalandırılan insanlar var.
Onlar həbs olunmamalı, cəza almamalıdırlar. Bu, Azərbaycanda hüququn
aliliyi və insan haqlarına təhlükə yaradır.
Short URL: http://www.cumhuriyyet.net/?p=6476