ABŞ səfiri nələrin mesajını verdi?

24.04.2014 - 10:09

ABŞ səfiri nələrin mesajını verdi?

BTC olmasaydı, Azərbaycan müstəqil olmazdı”
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar mətbuata açıqlamasında Krım hadisəsinin Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin əhəmiyyətini artırdığını deyib. Onun sözlərinə görə, bu münaqişə Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Dağlıq Qarabağ münaqişəsinin həlli artıq bütün region üçün faydalıdır.
Səfir onu da bildirib ki, Ukraynada baş verən hadisələr Azərbaycanı enerji resurslarının mənbəyi kimi bir daha diqqət mərkəzinə gətirir. 
O qeyd edib ki, ABŞ Azərbaycan və digər tərəfdaş ölkələrlə öz işini davam etdirəcək ki, “Şahdəniz” layihəsi irəliyə getsin: “Obama administrasiyası maye qazın Avropaya lazım olan qədər ixrac edilməsi məsələsini dəstəkləyib. Bu, Azərbaycanın Avropaya qaz ixracına mənfi təsir göstərməyəcək”. 
Səfir bildirib ki, Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq olduqca mühüm məsələlərdən biridir: “Yeni layihələrdə də, yeni yataqların aşkar edilməsində də beynəlxalq tərəfdaşlıq vacib amillərdəndir. Məsələn, BTC layihəsinin uğurları məhz beynəlxalq tərəfdaşlıqdan irəli gəlib”.
Morninqstarın açıqlamasında qeyd olunan məqamlar Azərbaycan hakimiyyətinə və eyni zamanda Qarabağ münaqişəsinin həllində maraqlı olmayan Rusiyaya da mesaj kimi qəbul oluna bilər. Çünki bir qayda olaraq rəsmi Bakı Qərbi münaqişənin həlli prosesində passivlikdə ittiham edirdi. ABŞ səfirinin açıqlaması Vaşinqtonun münaqişənin tezliklə həlli tapmasında maraqlı olduğunu göstərir.
Vəfa Quluzadə: “Qarabağ məsələsini Rusiya yaradıb, sülhün əldə olunmasına imkan vermir, təxribat aparır”
Politoloq Vəfa Quluzadə səfirin açıqlamasında Azərbaycana mesajın ünvanlanmadığını deyir. Çünki ölkəmiz dəfələrlə sülhə hazırlığını nümayiş etdirib. Lakin Ermənistanın mövqeyi sülhə nail olmağa imkan verməyib. Ermənistanın mövqeyini isə bütövlükdə Moskva formalaşdırır: “Rusiya Ermənistanı elə mövqe tutmağa məcbur edir ki, sülh əldə olunmasın. Bu iyirmi ildə sülhün əldə olunmaması Rusiyanın dağıdıcı fəaliyyətinin nəticəsidir. Morninqstar görür ki, Rusiya həyasızcasına Krımı işğal edib. Üstəlik, Ukraynanın şərqində sabitliyi pozmaq üçün müxtəlif təxribat əməliyyatları aparır ki, Ukraynanı Avropa Birliyinə, yaxud NATO-ya buraxmasın”.
Ekspertin sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında müharibəni yenidən qızışdıra bilər. Bu da Amerikanın Azərbaycandakı maraqlarına böyük zərbə olacaq.  Çünki ABŞ və Avropanın ilk növbədə enerji maraqları var. Eyni zamanda onlar ümid edir ki, Rusiyanın neft-qaz monopoliyasının öhdəsindən Azərbaycan və Türkmənistan vasitəsilə gələ biləcəklər: “ABŞ başa düşməlidir ki, Rusiya gözləmədən bizə zərbə endirə bilər. Hər hansı təxribat gözləniləndir. Ona görə də ABŞ Ermənistan rəhbərliyinə deməlidir ki, Moskvaya qulaq asmayın və gedin Azərbaycanla sülh bağlayın. Əsas Ermənistanı razı salmaqdı, Ermənistanı Moskvaya tabe olmamağa məcbur etməkdir. Bu mümkün olsa, Qarabağ məsələsi həll oluna bilər. Amma gərək birinci növbədə Barak Obama Rusiyanı ittiham etsin ki, Qarabağ məsələsini o yaradıb, sülhün əldə olunmasına imkan vermir, təxribat aparır. Bu Rusiyaya deyilməsə, sülhə nail olmaq mümkün deyil”.
Ekspert bu günə qədər Qərbin Rusiyanı təmin edən siyasət yürütdüyünü deyir. ABŞ və Avropa Azərbaycan torpaqlarının işğalına göz yumublar: “Deyiblər ki, tərəflər dil tapsınlar. Tərəflər dil tapırlar, Moskvada oturan imkan vermir. Ermənistanı da, Azərbaycanı da sıradan çıxarırlar və Rusiyaya tabe edirlər. Qarabağ məsələsi ona görə 20 ildir həll olunmur. Necə olur ki, burda kimsə şıltaqlıq edir və ona təsir etmək mümkün deyil. Rusiyaya və Ermənistana açıq şəkildə təzyiq etmək lazımdır. Bunun başqa yolu yoxdur. Əgər onlar yenə köhnə siyasətlərini davam edib desələr ki, tərəflərin mövqeyi bir-birindən xeyli uzaqdır, bu halda Azərbaycanın da, ABŞ-ın da, Türkiyənin də, Fransanın da maraqları darmadağın olacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6487

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930