Sumqayıt şəhər 11 saylı məktəbdə Baba Vəziroğlu və Şeyx Əbdüllə görüş
Azərbaycan təhsil sistemində son illər keyfiyyət və kəmiyyət istiqamətində inkişaf hiss olunur. Təhsil naziri Mikayıl Cabbarovun təhsilə müasir tələblərlə yanaşması bu prosesdə əvəzsiz rol oynayır. Eyni zamanda yerlərdə məktəb rəhbərliyinin və pedoqoji kollektivin fərdi təşəbbüsləri sayəsində göstərdiyi nümunələr də qeyd edilməlidir. Bu baxımdan orta məktəblərdə ölkəmizin tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları, ziyalılarımızla görüşlər mühüm əhəmiyyət kəsb edir. Belə görüşlərdən biri də bu gün Sumqayıt şəhərində baş tutdu.
Sumqayıt şəhəri 11 saylı məktəbdə şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu və Əməkdar İncəsənət Xadimi, aktyor, rejissor Şeyx Əbdül Mahmudbəyovla görüş keçirildi. Tədbiri məktəbin Azərbaycan dili və Ədəbiyat müəllimi Təranə Hüseynli açaraq qonaqları salamladı və onların yaradıcılığı haqda məlumat Verdi. Sonra şagird və müəllimlərin ifasında B.Vəziroğlunun şeirləri səsləndi, sözlərinə yazılmış mahnılar ifa olundu. Şairin həyat yoluna sənədli kadrların vasitəsilə nəzər yetirildi.
Tədbirdə məktəbin direktoru Şəhla Bağırova çıxış edərək B.Vəziroğlunun şerlərindən nümunələr gətirərək onun Azərbaycan ədəbiyyatındakı mövqeyindən bəhs etdi və tanınmış sənətçi Şeyx Əbdülün Azərbaycan mədəniyyətinə təhvələri haqda iştirakçılara məlumat Verdi. Məktəbin direktoru çıxışını bitirərək sözü qonaqlara verdi. B.Vəziroğlu şagird və müəllimlərin səmimi hisslərindən təsirləndiyini bildirərək, göstərilən diqqətə görə təşəkkürünü bildirdi. Şeyx Əbdül isə istedadlara özlərini qorumağı tövsiyyə etdi. İştirakçıların təkidləri ilə Şair özü də şeirlərindən nümunələr söylədi. Alqışlarla müşayət olunan şeirlər şagirdlərin Baba Vəziroğlu yaradıcılığına sevgisini bir daha nümayiş etdirdi. Məktəb xorunun ifasında Şairin ölməz əsəri “Xalq Heydər söyləyəcək” lə görüş başa çatdı. Şagirdlər şeirlərini sevib, nəğmələrini dinlədikləri, televiziya ekranından tanıdıqları şairi yaxından görməyə şad oldular.
Short URL: http://www.cumhuriyyet.net/?p=65274