Türkiyə və Azərbaycan siyasilərindən Ərdoğana sərt təpki
25.04.2014 - 10:16
Türkiyə və Azərbaycan siyasilərindən Ərdoğana sərt təpki

Atilla Kaya: “Çox təəssüf, Türkiyə dövlətinin baş naziri türk millətinə yaraşmayan hərəkət edib”; Sabir Rüstəmxanlı: “Bir çox məsələlərdə olduğu kimi erməni məsələsində də Ərdoğan Türkiyə dövlətinin apardığı siyasətə qarşı çıxır; Fəzail Ağamalı: “Türkiyə rəsmilərinin ermənilərə yönəlik istənilən yumşaq ifadəsi onları soyqırım iddialarından geri çəkə bilməyəcək”
“Baş nazir dərhal prezidentliyə namizədlikdən çəkilməlidir”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Osmanlı dövlətinə qarşı “soyqırım” iddiaları səsləndirən ermənilərə başsağlığı verməsi Milliyyətçi Hərəkat Partiyası sədri Dövlət Baxçalı belə bir tələb irəli sürməsinə səbəb olub.
MHP sədri aprelin 24-də partiyanın millət vəkilləri ilə keçirilən toplantıda baş naziri ermənilərin mövqeyini müdafiə etməkdə ittiham edib: “Bəzi çevrələr “hamımız erməniyik” deməkdədirlər. Hörmətli baş nazir də bu baş sağlığı ilə “hamımız erməniyik” dedi. Bu bir müsibətdir. Bu şəxs dərhal prezidentliyə namizədlik iddialarını geri götürməlidir”.
“Yeni Müsavat”a açıqlama verən Milliyyətçi Hərəkat Partiyasından Türkiyə Böyük Millət Məclisinin üzvü Atilla Kaya bildirir ki, baş nazirin ermənilərə baş sağlığı verməsini türk ictimaiyyət çox böyük təpki ilə qarşılayıb: “Türkiyə dövlətinin baş nazir kürsüsünü işğal edən bir şəxsin hər imkan düşəndə türk millətinə ağır zərbələr vurması, onun tarixini, əcdadını ləkələməyə çalışması ölkəni ciddi bir problemin içərisinə sürükləməkdədir. Cümhuriyyət qurulandan bəri Türkiyə dövlətinin erməni məsələsi ilə bağlı bir duruşu var. Baş nazirin birdən-birə belə bir başsağlığı mesajı yayınlaması Türkiyə dövlətinin bu siyasətini yerlə bir edib. Baş nazirin bu açıqlamasından sevinən yalnız bir tərəf var – İrəvan. Erməni diplomatiyası hər nə qədər soyuqqanlı davranmağa çalışsa da dünəndən bəri keçirdikləri məmnuniyyəti sezmək o qədər də çətin deyil. Bu durum təkcə Ermənistan dövlətini deyil, bütün dünya ermənilərini cəsarətləndirib. Ermənilərin bundan sonra “soyqırım”ın tanınması və digər iddialarında daha ümidli olacağı şübhəsizdir. Çox təəssüf, Türkiyə dövlətinin baş naziri türk millətinə yaraşmayan hərəkət edib”.
Həm Türkiyədə, həm də Azərbaycanda milliyətçi kəsim Rəcəb Tayyib Ərdoğanın bu mesajının bir nəbz yoxlaması olduğunu, cəmiyyətin təpkisi sərt olmasa 2015-ci ildə başsağlığı mesajında “soyqırım” ifadəsinin belə yer alacağı ehtimallarını irəli sürür. Bu versiya haqqında fikirlərini bölüşən Atilla Kaya deyir ki, belə davam etsə, yaxınlarda Türkiyə Ermənistanla sərhədlərini açacaq: “Biz bu başbakanın yüzminlərlə vətəndaşın yığışdığı meydanlarda çox vədlər verdiyini, ancaq sonradan tam tərs siyasət yürütdüyünü dəfələrlə görmüşük. Belə bir insan sərhəd qapılarını da aça, qondarma soyqırımını da tanıya bilər. Bir daha təəssüf hissi ilə bildirirəm ki, Ərdoğanın söylədikləri türk millətinə baş nazirlik edəcək insanın sözləri deyil”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirir ki, baş nazir Ərdoğan bir çox məsələlərdə olduğu kimi erməni məsələsində də Türkiyə dövlətinin uzun illər apardığı siyasətə qarşı çıxır: “1915-ci il I Dünya Savaşının ən qızğın vaxtı idi. II Nikolay Doğu Anadoluya ordu göndərəndə ermənilərə müraciət etmişdi ki, silahlanın, Osmanlı torpaqlarında sizə dövlət quracağıq.
Bu müraciətdən sonra təxminən 200 minə yaxın erməni silahlanmışdı. Həmin qüvvələr Doğu Anadoluda dinc müsəlman əhaliyə – türklərə, kürdlərə divan tutdu. Üstəlik, Osmanlı ordusunda olar erməni paşalar, əsgərlər, eləcə də erməni çetələri Osmanlıya arxadan zərbə vurdular. Osmanlı qoşunları çar Rusiyası ilə vuruşduğu, türk kişiləri ön cəbhədə olduğu zaman, onlar arxa cəbhədə qadın-uşaq, yaşlı demədən dinc əhaliyə divan tutdular. Buna görə də Osmanlı erməniləri Doğu Anadoludan Osmanlını digər torpaqlarına köçürdü. Bu hərbin tələbi idi, çünki ermənilər arxa cəbhədə dövlətə xəyanət eləmişdi.
Bu köç zamanı təbii ki, ölüm-itim olub. Ancaq Osmanlıda ermənilər məhz erməni olduğu üçün öldürülməyib, belə bir qəsd olmayıb. Köçün ağır şərtləri ilə yanaşı yolda ermənilər kürd aşirətləri ilə savaşmalı oldu. Ötən əsrin 20-ci illərində bu rəqəmləri şişirdib deyirdilər ki, Osmanlıda 300 min erməni itib. Halbuki həmin savaşlarda ermənilərin əli ilə Osmanlının 700 min müsəlman əhalisi qətlə yetirilib.
Bu tarixi gerçəkliyi sübut edəcək yüzlərlə fakt olduğu halda necə erməniləri zərərçəkmiş kimi tanımaq olar? Burada üzr istəniləcək daha çox Osmanlının türk, müsəlman əhalisidir. Özü də bu üzr borcu Türkiyə dövlətinin üzərində deyil, bu qətllərin məsuliyyəti I Dünya Savaşı başlayan Rusiyanın, Avropa ölkələrinin üzərindədir. Əgər üzr istəniləcəksə, həmin dövrdə əcdadları həlak olan bütün xalqların üzr istənməlidir”.
Sabir Rüstəmxanlı bildirir ki, Türkiyə dövlətinin siyasətinə qarşı olmasın baxmayaraq bu başsağlığını birmənalı pisləmək niyyətində deyil: “Ərdoğan sırf insani baxımdan o zaman ölənlərin nəvə-nəticələrinə başsağlığı verir. Ancaq bu başsağlığı təkcə ermənilərə aid edilməməlidir. Karsda, Vanda, Ağrıda, Ərzurumda ermənilərin öldürdüyü, toplu məzarlıqlara gömülən yüz minlərlə türk-müsəlman əhalinin nəvə-nəticələrinə də başsağlığı vermək lazımdır. O ərazilərdə ermənilərin bir dənə də toplu məzarlığı yoxdur. Ermənilər sağ-salamat oradan çıxıb getmişdilər. Əgər ermənilərin kökü kəsilmişdisə, o zaman Qarabağda, Gəncədə, Bakıda bolşeviklərə qoşulub türklərə qıran kimlər idi? Bu gün Suriyada, Yaxın Şərqin digər ölkələrində, Avropada, ABŞ-da yaşayan ermənilər o torpaqlara haradan gedib çıxıb?
O zaman Anadolu, Qafqaz daxil olmaqla bu bölgədə 1 milyon 200 min erməni yaşayıb. Bu gün Türkiyədə soyadını dəyişən, dəyişməyən yüzminlərlə erməni yaşayır, yaxın çevrədəki hansı ölkədəki erməniləri dindirsən, deyirlər Anadoludan gəlmişik. Soyqırım varsa, bu qədər erməni 100 ildə necə arta bilər? Türkiyədə bütün sənədlər saxlanıb, bu ölkə arxivlərin açmağa hazır olduğunu dəfələrlə bəyan edib. Ancaq çox təəssüf, bu gün dünya həqiqəti axtarmır, siyasi qərarlar qəbul olunur. Türkiyə baş nazirinin bu iddiaların üzərindən ermənilərə başsağlığı verməsi də Türkiyəyə qarşı olan bütün güclərə qol-qanad verir”.
Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı isə düşünür ki, Türkiyə baş nazirinin bu açıqlaması erməniləri və onları dəstəkləyən dövlətləri tərksilah etmək məqsədi daşıyır: “Bu mesajın 2014-cü ildən daha çox, 2015-ci ilə yönəlik olduğunu düşünürəm. Açıqlamada yetərincə diplomatik, ölçülüb-biçilmiş ifadələr seçilib, Ərdoğan yalnız ermənilər deyil, həmin dövrdə digər xalqların da yaşadığı əzablardan söz açıb, bundan üzüntü keçirdiyini bildirir, sonra da bu məsələnin siyasi spekulyasiya vasitəsinə çevrilməsinə qarşı çıxdığını bildirərək məsələni tarixçilərin ixtiyarına buraxır. Mən hesab eləmirəm ki, bu açıqlama erməniləri məmnun edib.
Ermənilər belə yumşaq davranışın qarşılığında heç zaman uzun illər səsləndirdikləri soyqırım iddialarından geri çəkilməyəcəklər. Ermənistanın konstitusiyasında, dövlət atributlarında Türkiyəyə qarşı ərazi iddiaları yer alır, Ermənistanın herbində Ağrı dağı təsvir olunub, yüz ildir Daşnaksütyun partiyası ermənilərin Doğu Anadoluda dövlət yaratmasına çalışır. Ancaq ermənilər bu iddiaların reallaşdıra bilməyib, əminəm ki, bundan sonra da bunu bacarmayacaqlar. Türkiyə rəsmilərinin dilindən ermənilərə yönəlik səslənən heç bir yumşaq ifadə onları erməniləri soyqırım kimi sərsəm iddialardan geri çəkə bilməyəcək”.
Fəzail Ağamalı bu başsağlığı ilə dünyanın bir sıra aparıcı dövlətlərinin – ABŞ-ın, Fransanın, Almaniyanın Türkiyəyə qarşı münasibətin düzəldəcəyinə də inanmadığını bildirir. Onun fikrincə, Ərdoğan bu addımı atmaqla dünya dövlətlərinə əl uzadıb: “Ancaq mən inanmıram ki, Ərdoğanın əli sıxılacaq. Ərdoğan bu addımı atmaqla ola bilər Türkiyənin dövlət maraqlarını qorumağı, 2015-ci ildə erməniləri müdafiə edən dünya ölkələrinin Türkiyənin üzərinə gəlməsinin qarşısını almağı düşünüb, ancaq bunun effekt verəcəyinə inanmıram”.
F.Ağamalı düşürür ki, bu başsağlığından sonra türk dünyası yenə də heç bir addımla ermənilərin Türkiyəyə qarşı iftiralardan, ərazi iddialardan imtina etməyəcəyinin şahidi olacaq. (musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=6530