Tağı Əhmədovu kim xilas etdi?
Yeni rəis işçilərin uniformasını da dəyişir
Hakimiyyətin ən koloritli və tipik məmurlarından olan Tağı
Əhmədovun işdən çıxarılmasından xeyli vaxt keçsə də, metropoliten
mövzusu öz aktuallıgını qoruyur. Bu da təkcə sözügedən nəqliyyat
vasitəsindən istifadənin kütləviliyi ilə bağlı deyil, həm də bu sahənin
uzun illər ona rəhbərlik edən Tağı Əhmədovun sayəsində “populyar”, daha
dəqiq desək, fəaliyyəti cəmiyyətdə ən çox müzakirə olunan qurumlardan
birinə çevrilməsindən irəli gəlir.
Ticarət obyektlərinin kimə işlədiyini yuxarılar da bilirdi…
İlk vaxtlarda Tağı Əhmədovun korrupsiyada ittiham olunaraq həbs
ediləcəyi ilə baglı söhbətlər əksər media orqanlarını dolaşdı. Əslində,
bu məlumatlar əsassız deyildi. Dotasiya ilə dolanan bir qurumun
Azərbaycan kimi ölkədə təmiz, korrupsiyasız fəaliyyət göstərməsini iddia
etmək nagıl həvəskarlarının işidir. Sahil metrosu üzərindəki
eyni adlı ticarət mərkəzi yanarkən həmin binanın üst mərtəbəsindən
qürurla yanğın yerinə baxan Tağı Əhmədovun o binada (həm də təkcə o
binada deyil) necə çoxotaqlı mənzil sahibi olduğunu bilmək üçün də
Eynşteyn olmaga ehtiyac yox idi. Demək istədiyimiz odur ki, onu
korrupsiyada ittiham edərək həbs etmək çox da çətin iş deyildi. Bizdə
olan məlumata görə, hətta yeni rəhbərlik qısa müddətdə metrodakı
yeyintilərlə baglı ölkə rəhbərliyinə ciddi faktlar da təqdim etmişdir.
Nəzərə alsaq ki, Zaur Hüseynov uzun illər Azərbaycanın ən böyük
müəssisələrindən birində baş mühasib kimi çalışıb, bu faktları
aşkarlayıb ortaya qoymaq onun üçün elə bir çətinlik törətməzdi. Təsadüfi
deyil ki, yeni rəisin ilk olaraq dəyişdiyi kadrlardan biri baş mühasib
olub. Burada metrodakı tikinti işlərindən tutmuş stansiyalardakı ticarət
obyektlərinə kimi, o qədər mənimsəmə mənbələri var ki, onları sayıb
qurtarmaq mümkün deyil. Deməli, bu obyektlərdən və reklamlardan yığılan
pulların hara getdiyini “yuxarılar” da gözəl bilir. Ancaq bildirilir ki, bütün faktlara rəğmən, “yuxarılar” keçmiş rəisi cəzalandırmamaq qərarına gəlib.
Sual yaranır – NİYƏ? Tağı Əhmədovu kimlərin himayə etdiyi barədə heç
nə demək istəmirik, bu barədə çox deyilib və yazılıb. Ancaq ən
acınacaqlısı odur ki, səmimi olaraq korrupsiya ilə mübarizə aparmaq
qararına gələn bir hakimiyyət hamının gördüyü faktlara necə göz yuma
bilər? Nə qədər sadəlövh səslənsə də, bu sualı verməmək olmur.
Nə isə, reallıq odur ki, hansısa əl, bəlkə də əl deyil, hansısa
səbəb Tağı Əhmədovu yığdıqları ilə bərabər sakit və qayğısız günlərə
qovuşdurdu. Ancaq bugünkü metropolitenə aid xırdalıqlarına
varmadan bircə faktı qeyd etmək kifayətdir: Baxın, metrodakı bütün
reklamlar və ticarət obyektləri yığışdırılıb. Hansı ki, buradan daxil
olan gəlirlər milyonlarla ölçülür. Ancaq bu gəlir mənbələrinin yoxa
çıxması metro işçilərinin əmək haqları və digər təminatlarında heç bir
fərq yaratmayıb. Əksinə, 8 mart qadınlar bayramında bütün qadın
əməkdaşlara 50 manat, Novruz Bayramında isə bütün işçilərə adambaşına 50
manat pul verilmişdir. Tağı Əhmədovun vaxtında belə şey yox idi. Bu,
böyük məbləğ olmasa da, hər halda yüksək maaşı olmayan metro işçiləri
üçün müəyyən mənada köməkdir. Ancaq ən əsası odur ki, maaşlarda və digər
məsələlərdə heç bir ciddi dəyişikliyin olmaması bir daha sübut edir ki,
metrodakı ticarət obyektləri və reklamlardan yığılan pulların metro
işçilərinə heç bir aidiyyatı olmayıb və həmin pullar məlum ciblərə axıb.
Yəni həmin obyektlər oldu-olmadı bunun metro işçisinə nə xeyri, nə də
ziyanı olub.
2 ayda metroda müsbətə və mənfiyə doğru nə dəyişib?
Nə
isə, Tağı Əhmədov getdi. Bəs metroda nə dəyişib? Əgər söhbət
sərnişinlərə xidmət və ya qatarların sayı, qrafiki, hərəkət intensivliyi
və digər texniki məsələlərdən gedirsə, burda elə bir ciddi yenilik
yoxdur. Qatarlar yenə də gecikir, özünü relslərin üzərinə atanlar da ki
öz yerində…
Nəzərə alsaq ki, yeni rəisin bu sahə ilə əvvəllər heç bir əlaqəsi
olmayıb, belə dəyişikliyi tezliklə gözləmək də mənasız olardı. Ancaq
sırf kollektivdəki atmosfer (metroda 5 mindən çox insan çalışır) və
insanlara münasibət baxımından müəyyən yeniliklər var. Məsələn, deyilənə
görə, Zaur Hüseynovun qəbuluna düşmək Tağı Əhmədovun qəbuluna düşməkdən
daha asandır. Yeri gəlmişkən, bir hadisəni nəzərinizə çatdıraq. Sən
demə Zaur Hüseynov təyinat alandan bir neçə gün sonra metropolitenin
idarə rəisləri onun qəbuluna gələrək yeni rəisi təbrik etmək istəyiblər.
Yəni təsəvvür edin ki, nazirlər yıgışib yeni baş naziri təbrikə
gəliblər. Bu barədə yeni rəisə məlumat veriləndə isə o, bu cür səmimi
insanları pərt edərək, işlərinin başına dönmələrini və lazım olanda
özünün onları çağırtdıracağını bildirib. Necə də kövrək səhnədir!
Mövzudan yayınmayaq…
Daha bir yenilik metro işçilərinə aid yeməkxana ilə bağlıdır. İşçilər
insaf xatirinə bildirir ki, əvvəlki vaxtla müqayisədə yeməklərin
keyfiyyəti, çeşidi və təmizliyi baxımından böyük dəyişikliklər var.
Qiymətin ucuzluğu da nəzərə alınsa (1 nəfərin naharı 1-1.5 manata başa
gəlir) bu hal kifayət qədər təqdirə layiqdir. Hətta deyilənə görə bəzi
idarə rəisləri də burada nahar etməyə başlayıblar.
Ancaq metroda çalışanların narazı qaldığı məqamlar da var. Məsələn,
T.Əhmədov işçilər təqaüdə çıxandan sonra da metroda qalıb 70 yaşına
qədər işləməyə şərait yaradırdı. Yəni həm təqaüdlərini, həm də
maaşlarını 70 yaşa qədər ala bilirdilər. Lakin deyilənə görə, yeni rəis
bu yaşı 65-ə endirib ki, bu da yaşlı işçilər üçün heç də sevindirici
xəbər deyil.
Zaur Hüseynov metro işçilərinin uniformasını dəyişmək əmri
verib. Artıq Emiland firması metro işçilərindən sifarişlə ölçü
götürərək, yeni dizaynda kostyumların tikilməsinə başlayıb. Və bununla
da Tağı Əhmədovu simvolik də olsa xatırladan bütün əlamətlər metrodan
silinməkdədir.
Sədaqətli kadrın sonu…
Vəzifəsindən
qovulandan sonra T.Əhmədov ilk olaraq hakimiyyətə və hakimiyyətdəkilərə
sədaqətindən danışdı, başqa bir vəzifə gözlədiyinə eyham vurdu.
İstər-istəməz bir hadisəni xatırlamalı olduq.
2003-cü ilin prezident seçkilərində bir çox seçicilər öz adlarını seçici
siyahılarında tapa bilməmişdilər. O vaxt çıxış yolu ancaq məhkəmələrə
müraciət edərək elə həmin gün məhkəmədən seçici hüququnu təsdiqləyən
arayışı almaq idi. Təbii ki, bununla baglı müraciət edənlər də əsasən
müxalif namizədə səs vermək istəyən seçicilər idi. Həmin gün
məhkəmələrin qarşısında izdihamlar yaşanırdı ki, bunlardan biri də
Yasamal Məhkəməsi qarşısında oldu. O vaxt məhkəmə binasından çıxan Tağı
Əhmədovu tanıyan camaat ondan səsvermə hüququnu bərpa etmək üçün kömək
istəyib. Bu insanların kimə səs verəcəyini təxmin edən T.Əhmədov isə “səsıız gözııza girsin” deyərək, maşınına minib qaçıb.
İndi T.Əhmədovun sədaqəti həmin seçicilərin səsinə dönüb və heç kimə lazım deyil…
CƏLAL
“Azpolitika”
Short URL: http://www.cumhuriyyet.net/?p=6563