Gələn həftə sensasion həbslər gözlənilir…

26.04.2014 - 10:25

Gələn həftə sensasion həbslər gözlənilir…

Korrupsiya hesabatı hansı generalları bitirəcək?; İstintaqa nəzarət Vahid Əliyevin rəhbərliyi ilə aparılır və məruzə prezidentə təqdimat üçün tam hazırdır; Səfər Əbiyev Çexiyadan Bakıya qayıdır; Məhəmməd Beydullayev istintaqa çağırılması xəbərindən danışmadı; orduda həbslərin yeni dalğası başlayır
Müdafiə Nazirliyində total yoxlamaların nəticələri barədə məruzə prezidentə təqdimat üçün tam hazırdır və gələn həftə ölkədə yeni sensasion həbslər gözlənilir. “Yeni Müsavat”a daxil olan məlumata görə, istintaqın nəticələri artıq elə adları “qara siyahı”ya salıb ki, onların saxlanılması üçün mütləq siyasi hakimiyyətin qərarı olmalıdır.
Mənbənin sözlərinə görə, üzə çıxan korrupsiya faktlar o qədər irimiqyaslıdır ki, istintaq ya işinin yarımçıq saxlamalı və indiyədək tutulanlarla kifayətlənməli, yaxud da mütləq yeni həbslər olmalıdır. İstintaqa nəzarət Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin müdafiə məsələlər üzrə köməkçisi general-leytenant Vahid Əliyevin rəhbərliyi ilə aparılır. Qaynağımız güman edir ki, prezident Çexiyadan rəsmi səfərdən qayıtdıqdan sonra ordudakı korrupsiya faktları ilə bağlı həbslərin ikinci dalğası başlaya bilər.
Aydındır ki, bu mərhələdə Müdafiə Nazirliyinin sabiq rəhbərliyi olan generalitet istintaqın suallarına cavab verməli olacaq. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi də öz mənbələrindən belə bir məlumat əldə edib ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi keçmiş müdafiə nazir Səfər Əbiyevin 19 illik rəhbərliyini əks etdirən maliyyə hesabatı hazırlayır. Məlumata görə, araşdırma qrupunda maliyyə yeyintiləri və geniş miqyaslı korrupsiyaya aid ciddi faktlar var.
Qeyd edək ki, aprelin 23-də Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov Bakı Şəhər Hərbi Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib. Buna qədər isə HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant  Seyfi Hüseynov, sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, Gəmilərin Xilasetmə Dviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər.
Ş.Sultanov da daxil həbs edilən hərbçilər vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunurlar.
İddialara görə, ordudakı total yoxlamaların əsas hədəfi Səfər Əbiyevdir və sabiq nazirin hər an istintaqa çağırılması gözlənilir. Məlumatlarda deyilir ki, eks-müdafiə naziri vəzifəsindən azad olunandan sonra Çexiyada malikanəsində yaşayır. Bu barədə mediaya  S.Əbiyevin adının çəkilməsini istəməyən yaxın adamı məlumat verib. Növbəti həftə Müdafiə Nazirliyindəki yeyinti faktları ilə bağlı hərəkətlilik gözlənildiyi barədə xəbərlər S.Əbiyevin qohumunun dedikləri arasında bağlantı qurmaq mümkündür. Sabiq nazirin qohumu deyib ki, S.Əbiyev gələn həftə ölkəyə qayıdacaq. Onun qayıtmasının Ş.Sultanovun həbsi  və ya istintaqa çağırılması ilə bağlı olub-olmadığı bilinmir. Amma vitse-admiralın həbsi S.Əbiyevin istintaq cəlb olunacağı, hətta həbs ediləcəyi barədə xəbərləri intensivləşdirib.
S.Əbiyevin də istintaqa cəlb olunacağı realdır. Çünki məlumatlara görə, saxlanılanlar bütün qanunsuzluqları sabiq nazirin rəhbərliyi ilə həyata keçirdiklərini bildiriblər. Onlar bu işləri sadəcə əmr şəklində yerinə yetirdiklərini qeyd ediblər. İddia olunur ki, S.Əbiyev könüllü ölkəyə qayıtmasa, onun məcburi qaydada Azərbaycana dönüşü təşkil olunacaq və bütün açıq qalan suallara sabiq nazirdən cavab tələb olunacaq.
Başqa bir mənbə də təsdiq edib ki, Müdafiə Nazirliyinin bir neçə sabiq vəzifəli şəxsinə istintaqa gəlməklə bağlı artıq sorğu göndərilib. Həmin şəxslərin sırasında Müdafiə Nazirliyinin Baş İnspeksiyasının sabiq rəisi vəzifəsini tutmuş general-mayor Məmməd Beydullayevin adı da tez-tez çəkilir. Onun gələn həftə Hərbi Prokurorluqda dindiriləcəyi xəbəri yayılıb. Aprelin 25-də general-mayor Beydullayev istintaqa cəlb edilməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib. General publika.az-a açıqlamasında deyib: “Mən bu cür yazıların heç birini oxumuram və reaksiya da vermək istəmirəm. Təbii ki, mənim barəmdə yazılanlar yalandır”. Maraqlıdır ki,  M.Beydullayev “istintaqa çağırılmısınızmı” sualına cavab verməyib. O, “mən indi başqa yerdəyəm, danışa bilmirəm” deyərək, əsas sualla aydınlıq gətirməkdən yayınıb.
Qeyd edək ki, general-mayor Məmməd Beydullayev Zakir Həsənova qədər Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra istefaya göndərdiyi generallar içərisində onun da adı yer alıb. M.Beydullayevin eks-müdafiə naziri general-polkovnik Səfər Əbiyevin yaxın kadrlarından biri kimi tanınıb. Mart ayında o da S.Əbiyev kimi ordudan tərxis olunub.
Yeri gəlmişkən, vitse-admiral Ş.Sultanov da həbs edilənədək verdiyi açıqlamalarda ürəkli görünməyə çalışır və bu cür xəbərləri yalanlamaqla kifayətlənirdi.
Növbəti həftə yeni sensasion həbslərin gözləndiyi barədə “Yeni Müsavat”ın xəbərinin hərbi ekspertlər də təsdiqləyir. Hərbi ekspert Üzeyir Cəfərov  da deyib ki, böyük ehtimalla gələn gələn həftə Məmməd Beydullayevin həbsinin gündəmə gələcəyini deyib.
Axar.az-a açıqlamasında hərbi ekspert qeyd edib ki, HDQ-də baş verən korrupsiya barədə Müdafiə Nazirliyinin rəhbərliyi məlumatlı olub: “O zaman məxfi sənədlərlə bağlı yoxlama aparılıb. Yoxlamadan sonra onu aparan zabit nazirə məruzə edib. Bu günlərdə həbs olunan HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev vəzifədən azad olunub. Amma üzərindən bir gün keçəndən sonra Səfər Əbiyevin əmrini ləğv ediblər və həmin yoxlamada ortaya çıxan nöqsanları müəyyən edən şəxs Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə xidmətə göndərilib. Çox maraqlıdır ki, Hərbi Dəniz Qüvvələrində baş verən hadisələrlə bağlı Müdafiə Nazirliyinin xəbəri olub. Amma hansısa adamlar öz maraqları çərçivəsində müəyyən qanunsuzluqlara yol veriblər. Orada Beydullayevlə yanaşı digər adamlarında adı var. İndi istintaq gedir və onların adını çəksəm hər şey ola bilər”.
Uzeyir Cəfərov Səfər Əbiyevin də gələn həftə istintaqa çağırılma ehtimalının olduğunu deyib: “İstənilən halda böyük ehtimalla Səfər Əbiyevin istintaqa çağırılması gözlənilir. Şahin Sultanov bəzi məsələlərin onunla bağlı olmasını öz üzərindən atıb. Çünki bayaq dediyim məsələdə Səfər Əbiyev 1-ci dərəcəli kapitanın əmrini verib, ona görə də gələn həftə böyük ehtimalla S.Əbiyev istintaqa cəlb olunacaq. Çox maraqlıdır ki, həmin kapitan Səfər Əbiyevin zamanında vəzifədən uzaqlaşdırılıb və yenidən bərpa olunub. Amma son zamanlar onunla bağlı müraciətlərə və fəaliyyətinə yenidən nəzər salınıb. İstintaq bəzi ciddi məsələlərə aydınlıq gətirəcək”.
Ordudakı həbslərlə bağlı daha bir maraqlı məlumat da almışıq. Xəbərə görə, bu günlərdə Bakıdakı Qərb diplomatları ordudakı həbslərin səbəbləri ilə maraqlanıblar. Diplomatlardan biri deyib ki, onlara verilən izahat təəccüblərinə səbəb olub. Belə ki, Qərb dairələrinə izah edilib ki, “orduda Rusiyaya bağlı adamlar təmizlənir”. Bu versiyanın nə dərəcədə həqiqət olduğunu demək çətindir. Xəbəri şərh edən hərbi ekspertlərdən biri Ukraynada baş verən məlum hadisələrdən sonra ordumuzda belə bir təftiş aparılmasını real sayır: “Tutulan adamlara rəsmi ittiham verilib və hələ ki, bundan başqa nəsə demək olmaz. Amma Ukrayna nümunəsi Azərbaycan hakimiyyətinin də düşündürməyə bilməz. Çünki Krım hadisələri göstərdi ki, Rusiya Ukrayna ordusuna öz generallarını yerləşdirib və onlar ən kritik məqamda Moskvanın tərəfinin tutdular. Məsələn, yeni hakimiyyətin müdafiə naziri təyin etdiyi   Hərbi-Dəniz Qüvvələrinin  komandanı Denis Berezovski bu görəvdən imtina etdi və rusların tərəfinə keçdi”.
Gələn həftəni gözləyək…

Short URL: http://www.cumhuriyyet.net/?p=6566

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930