Gənclər və İdman Nazirliyində 1,2 milyon manatlıq korrupsiya
26.04.2014 - 10:43

Xarici İşlər Nazirliyində isə ezamiyyət xərci, yanacaq pulu və s. adlar altında 400 min manat vəsait mənimsənilib
Azərbaycanın İsveçdəki səfirliyinin işçiləri dövlətin pulu ilə öz evlərinə mebel alıb
Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda korrupsiya hallarından bəhs olunur. Hesablama Palatasının apardığı auditlərdən məlum olur ki, hətta ölkədən kənarda fəaliyyət göstərən məmurların da fəaliyyətində korrupsiya halları aşkarlanıb.
Qeyd edək ki, Hesablama Palatası Milli Məclisdə hər il hesabat verir, aparılan audit yoxlamalarının nəticələrini açıqlayır. Amma budəfəki hesabat əvvəlkilərdən daha sərt olub. Bunu Hesablama Palatasının son prezident seçkisindən sonra təyin olunan yeni rəhbərliyinin özfəaliyyəti kimi dəyərləndirənlər var. Ancaq o da məlum məsələdir ki, Azərbaycan kimi ölkələrdə hər hansı idarənin rəhbərinin “yuxarıların” “xeyir-duası” olmadan hansısa korrupsiya faktlarını açıqlaması sadəcə, mümkün deyil. Yəni, “yuxarı”dan tapşırıq gəlməsə, hər hansı göstəriş olmasa, ictimiyyətə bu qədər açıq mesajlar verməzlər. Elə qapalı iclaslarda bunu təqdim edərlər. Və yaxud, olsa belə, heç vaxt bu məlumatlar yuxarı ranqlı məmurları əhatə etməz.
Budəfəki hesabatda daha çox üç məmurun – xarici işlər naziri Elmar Məmmədyarov, gənclər və idman naziri Azad Rəhimov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun adı hallanır.
Hesablama Palatasının daha çox bu üç məmuru hədəfə alması onların tezliklə vəzifələrini itirəcəklərinə işarə kimi də qəbul oluna bilər. Adətən, belə hallarda öncə müvafiq qurumların vasitəsilə cəmiyyətə məlumatlar ötürülür, daha sonra fəaliyyətə keçilir.
“Bizim Yol”un məlumatına görə, Hesablama Palatasının hesabatında Xarici Işlər Nazirliyi Aparatının saxlanılması üçün ötən il ayrılan vəsaitlərin auditi zamanı 110 min manatdan çox pulun mənimsənilməsi faktı öz əksini tapıb. Müəyyən edilib ki, XIN aparatında çalışan bəzi dövlət qulluqçularına vaxtından əvvəl ixtisas dərəcəsi verilib və buna müvafiq olaraq, əməkhaqqı hesablanıb. Xarici ezamiyyətə göndərilən diplomatik əməkdaşlara artıq yol xərci, işçilərin məzuniyyət günləri üçün şişirdilmiş kompensasiyaların hesablandığı göstərilir. Həmçinin nazirliyin balansında əlavə xidməti avtomobillər saxlanıldığı və bu nəqliyyat vasitələrinə sərf edilən yanacağın həcminin çox göstərildiyi müəyyən edilib. Respublika səviyyəli tədbirlərin keçirilməsi zamanı 15,3 min manat mənimsənildiyi göstərilir.
Azərbaycanın Isveç Krallığındakı səfirliyində də ciddi korrupsiya faktları aşkarlanıb. Səfirliyin saxlanılması üçün təsdiqlənən smetadan artıq xərclərə yol verilib, dövlət rüsumu əlavə telefon danışıqlarına, abunə və internet xidmətlərinə yönəldilib.
Səfirliyin mühasibinin haqq-hesab ayı başa çatmamış vəzifədən geri çağırılmasına baxmayaraq, ona yanvar ayında əməkhaqqı tam həcmdə ödənilib. Səfirlikdə çalışanların öz mənzillərinə dövlət vəsaitləri hesabına mebel avadanlıqları aldıqları aşkar edilib. Avtomobillər üçün yanacaq sərfi şişirdilib, ziyafət tədbirlərinin keçirilməsi ilə bağlı xərclər smetası hazırlanmayıb. Bununla dövlət büdcəsinə təqribən 400 min manata yaxın ziyan dəyib.
Diasporla Iş üzrə Dövlət Komitəsində də 235,3 min manatlıq yeyinti aşkarlanıb. Komitənin ötən il təkcə Novruz bayramı çərçivəsində verilən ziyafətlərdən 21 min manat “yeyildiyi” müəyyən edilib. Məsələn, 1500 dəvətnamənin hazırlanması adı ilə büdcədən əlavə 11,2 min manat pul silindiyi üzə çıxıb. Azərbaycanın xarici ölkələrdəki müxtəlif nümayədəliklərində müəyyən edilən bütün bu korrupsiya faktlarına görə heç kim məsuliyyətə cəlb olunmayıb.
Hesabatda qeyd olunur ki, Gənclər və Idman Nazirliyinə həvalə olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının icrası zamanı isə 1,2 milyon manat vəsait mənimsənilib. Bu qədər mənimsəmə faktına görə isə şöbə müdirlərinə xəbərdarlıq etməklə kifayətləniblər.
Hesablama Palatasının hesabatında Təhsil Nazirliyi ilə bağlı faktlar yer alıb. Ancaq daha çox bu üç məmurla bağlı faktlar göz deşir.
Short URL: http://www.cumhuriyyet.net/?p=6569