Ziyafət Əsgərov Sərkisyan açıqlaması ilə aləmi qarışdırdı

27.04.2014 - 10:35

Ziyafət Əsgərov Sərkisyan açıqlaması ilə aləmi qarışdırdı

“Sərkisyan bilməlidir ki, onun kabineti Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir”
İlham İsmayıl: “Belə bir izləmə yoxdu, sadəcə populist və skandal yarada biləcək bir bəyanatdı…”
“Hətta belədirsə də, bu, çox ciddi məxfi tədbirdi, dövlət sirri hesab edilməlidi, açıqlanmamalıdır”
Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov “publika.az”a müsahibəsində bir çox məsələlərə, o cümlədən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitində Azərbaycan prezidenti Ilham Əliyevin məlum çıxışına və Serj Sərkisyana verdiyi cavaba toxunub.
Ancaq ən maraqlısı onun Sərkisyanın Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun öldürülməsi ilə bağlı tapşırıq verməsi barədə suala cavabında Ermənistan prezidentinin kabinetinin Azərbaycan tərəfindən izlənilməsi barədə dedikləridir: “Serj Sərkisyan da bilməlidir ki, onun oturduğu kabinet Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəqiq izlənilir. Sarkisyan bunu bilməlidir və nəzərə almalıdır”.
Bu açıqlama mətbuata yayılan kimi, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Kimisi Ziyafət Əsgərovun dediklərinin blef olduğunu deyir, kimisi də ümumiyyətlə, dövlət məmurunun bu cür açıqlama ilə çıxış etməsini yolverilməz sayır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl da “facebook” səhifəsində məsələ ilə bağlı fikirlərini bölüşüb: “Ziyafət Əsgərov deyib ki, “Sərkisyanın kabineti Azərbaycan Silahlı Qüvvələri tərəfindən izlənilir. O, bunu bilməlidi və nəzərə almalıdı”. Tutaq ki, izlənilir. O zaman, bu, çox ciddi məxfi tədbirdi, dövlət sirri hesab edilməlidi və Ziyafət Əsgərovun bu barədə məlumatı olmamalıdı. Amma belə bir izləmə yoxdu, sadəcə populist və skandal yarada biləcək bir bəyanatdı. Sabah Ermənistan bu məsələ barəsində yalançı hay-küy də qaldıra bilər, ölkəmizi istehza hədəfinə də çevirə bilər. Üstünlüyümüzü göstərmək istəyiriksə, sözlə, həm də yalan sözlə deyil, əməldə göstərməliyik”.
Ilham Ismayıl statusunun sonunu belə bitirib: “Bu sözü Mirqədirov deməyib, parlamentin müavini deyib…”.
Deputat Zahid Oruc isə Ziyafət Əsgərovun dediklərini təqdir edir. O, “Azadlıq”a açıqlamasında bunun informasiya savaşı nöqteyi-nəzərindən doğru addım olduğunu bildirib: “Birincisi, nəzərə alın ki, Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci müavinidir. Onun dövlətin yuxarı eşelonlarında olan hər hansı sirləri – dövlət sirləri kateqoriyasında olan informasiyaları, məxfi materialları bilmək imkanı var. Eyni zamanda, qanun da ona belə bir hüququ verir. Hər hansı məsələyə daha dərindən bələdçilik Ziyafət Əsgərovun konstitusion hüququdur. Məsələnin başqa bir tərəfi onun belə bir açıqlama ilə çıxış etməsidir. Nəzərə alın ki, Sərkisyanın Praqada məlum çıxışı, o cümlədən Ramil Səfərovla bağlı hədələyici və terror qrupunun başçısı kimi davranışları fonunda dövlətin yüksək səlahiyyət sahibləri də məhz informasiya döyüşündədir. Yəni, məsələyə informasiyanın açılması, bunun Azərbaycanın milli maraqlarına nə dərəcədə zərbə olub-olmamasından daha çox, qeyd etdiyim kontekstdən yanaşılmalıdır. Azərbaycanın hərbi strukturları, onun kəşfiyyat idarələri tərəfindən Sərkisyanın həyat fəaliyyəti, onun siyasi qərarları nə dərəcədə nəzarət altındadır, buna peyk rabitəsi necə imkan verir, bu artıq dərindən qiymətləndirilməli bir məsələdir. Ancaq hesab edirəm ki, Ziyafət Əsgərovun addımı informasiya savaşı nöqteyi-nəzərindən doğrudur”.
Zahid Oruc deyir ki, bu məsələnin Ermənistan cəmiyyətinə, xüsusən də qərar verən qurumlarına müəyyən təsiri olduğuna şübhə etmir: “Iddia etmirəm ki, onlar bundan çox böyük əndişələnəcəklər, ancaq hər halda, bunu sıradan bir adam, hər hansı QHT sektorunun təmsilçisi yox, dövlətin yuxarı qurumlarında təmsil olunan bir şəxs, bir hakimiyyət nümayəndəsi açıqlayıb. Ziyafət Əsgərovun bunu deməklə məxfi sirri açması, buna görə məsuliyyət daşıması barədə deyilənlər məsələnin ikinci tərəfidir. Hər halda, dövlətin rəhbərliyində olan insanlar addımlarını müəyyən mənada tənzimləyirlər, uzlaşdırırlar, milli maraqlarımıza zərbə gətirəcəyi təqdirdə onu etməzdilər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=6589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930