Rusiyanı Qarabağdan gözləyək…
27.04.2014 - 10:47
Rusiyanı Qarabağdan gözləyək…

Azərbaycan müharibə hazırlıqlarına start verib ; İkinci Qarabağ savaşı hər an başlaya bilər; Rusiyanın təhriki ilə Ermənistanın yeni işğal təhdidinə qarşı ordumuzun döyüş planına dəyişikliklər edilib; Tərtərdəki postlara müddətdən artıq hərbi xidmət keçənlər və hazırlıqlı keçmiş döyüşçülər çıxarılıb; Kreml isə “Turan ordusu” layihəsinə Moskva-İrəvan-Minsk “hərbi birliyi” ilə cavab verdi
Azərbaycan müharibə hazırlıqlarına start verib və əvvəlki planlarına ciddi dəyişikliklər edib. “Yeni Müsavat”a bu barədə mötəbər mənbələrdən daxil olan məlumata görə, artıq Tərtərdə cəbhə xəttindəki döyüş postlarında müddətli xidmətdə olan gənc əsgərlər deyil, “sverxsroçnik”lər, yəni müddətdən artıq xidmət edən yetişkin və daha hazırlıqlı şəxslər dayanır. Bunlar əsasən yaxşı hazırlıqlı və daha əvvəl hərbidə olmuş gənclərdir. Onları hərbiyə müddətdən artıq xidmət üzrə hərbi qulluqçu kimi götürür və rütbələrinə uyğun olaraq Azərbaycan reallığında normal maaş verirlər.
Məlumatda bildirilir ki, bu, sırf müharibə hazırlıqlarıdır; yeni başlayıb; buna baxmayaraq bu şərtlərlə orduya yazılmaq istəyənlərin sayı hər gün artır.
Qeyd edək ki, bu qaydadan – Milli Ordu sıralarına yüksək maaşla xidmətə götürməkdən – 1992-93-cü illərdə istifadə olunub və yaxşı effekt verib.
Bir qədər əvvəl Müdafiə Nazirliyi orduda təsərrüfat işlərinə mülkü şəxslərin cəlb ediləcəyi, sürücülərin müddətdən artıq xidmət edənlərdən olacağı haqda xəbərlər yaymışdı.
İndi isə gələn məlumatlar göstərir ki, artıq döyüş postlarına Türkiyədə olduğu kimi, daha yetişkən və təcrübəli döyüşçülər çıxır, onlar buna görə yaxşı maaş alırlar.
Azərbaycanın savaş hazırlıqları planlarına belə dəyişiklik etməsi isə səbəbsiz deyil. Məlumatlara görə, ölkə rəhbərliyi uzun müddət Moskva ilə anlaşmağa çalışıb ki, Rusiyanın Ermənistana hərbi dəstəyi olmadan cəbhə bölgəsində qısa müddətli hərbi əməliyyatlar keçirərək, işğal altındakı rayonlardan ikisini qaytarsın. Danışıqlar masasında ipə-sapa yatmayan, öz əhalisinin təpkisindən çəkinən Ermənistan rəhbərliyini kompromisə vadar etmək üçün bu, çox vacib element kimi qəbul olunurdu. Çünki Ermənistan cəmiyyətində ölkə rəhbərliyinin Dağlıq Qarabağ məsələsində hər hansı güzəştli mövqeyinə sərt təpki var. Ermənistanda hakimiyyətdə olan qüvvələr bilir ki, cəmiyyətin razılığı olmadan güzəşt istiqamətində atılan hər hansı addım onların iqtidarının sonunu gətirə bilər. Lakin hərbi əməliyyatlar başlasa və bir neçə iri məntəqə geri alınsa erməni ictimaiyyətinin müqavimət göstəriciləri sıfırlanar və proseslərin sonrakı gedişatı danışıqlar masasında da uğurla davam etdirilə bilər.
“Lokal müharibə” taktikası barədə əvvəl də yazdığımız kimi, bu layihə üçün Azərbaycan neftdən toplanan sərvətləri də ortaya qoymağa hazır idi…
İlk dəfə 2008-ci ildəki Gürcüstan-Rusiya müharibəsi ilə gündəmdən çıxan bu layihə daha sonra yenidən gizli gündəmə daşındı; son aylara qədər də vardı; lakin hazırkı dünya konyukturu onu yenidən arxa plana itələməkdədir…
Rusiyanın bütün dünyanı qarşısına alaraq, Ukraynanın torpaqlarını işğal etməsi, daha sonra isə Moldova və Azərbaycanı ən müxtəlif formada təhdidə məruz qoyması vəziyyəti əks işarə ilə dəyişdirib. Rusiyanın başındakı yeni “I Pyotr” dünyanı heyrətləndirərək, imperiya ambisiyalarını Rusiyanın “əhatə dairəsi”nə yaymaqdadır.
Gömrük və Avrasiya İttifaqına qoşulmaq üçün Ukraynanı “başa saldığı” dillə Azərbaycanla da danışacağı gün sanki uzaqda deyil. Azərbaycanda Krım yoxdur, ruslar da muxtariyyət yaradacaq qədər, sıx yaşamırlar; lakin bədbəxtlikdən torpaqlarımızda ermənilər yaşayır və onlar da məhz Rusiyanın bilavasitə dəstəyi ilə torpaqlarımızı işğal edərək, orada qondarma dövlət elan ediblər. İndi Rusiya Azərbaycanı bu faktorla təhdid edir. Dağlıq Qarabağda, Krım və Ukraynanın şərqindəki kimi, Rusiya pasportlarının paylanması, bu regionu işğal edən ermənilərin Rusiyanın tərkibinə qatılmaq təşəbbüsü ilə çıxış etməsi barədə iddiaların irəli sürülməsi vəziyyəti daha da dramatikləşdirir. Rusiyanın müxtəlif statuslarda olan bir sıra şəxslərinin dilindən də açıq təhdidlər səsləndirilir.
Azərbaycan, istənilən halda, Rusiya təhdidi ilə üz-üzə qalacaq və bu an hər gün yaxınlaşır. Azərbaycan iqtidarının ermənilərlə sərhəd xəttini sürətlə gücləndirməsi, Türkiyə ilə ortaq ordu layihələrini gündəmə gətirməsi onu göstərir ki, rəsmi Bakı gedişatın fərqindədir. Üstəlik, onun davranışı cəmiyyətə informasiya da sızdırır: Rusiyanı Qarabağdan gözləmək lazım gələcək…
Anlaşılan budur ki, Ermənistan Rusiyanın təhriki və hərbi dəstəyi ilə cəbhənin Tərtər istiqamətindən Azərbaycana hücum edərək yeni işğal planı həyata keçirə bilər. Buna iddia etmirik; yazdıqlarımızın bu qismi mülahizədir; lakin bu dəqiqdir ki, Azərbaycan rəhbərliyi müharibə hazırlıqlarını intensivləşdirib. Bu prosesdə Türkiyə Silahlı Qüvvələrinin iştirakına dair də söyləntilər almaqdayıq.
Bundan əvvəl də yazdığımız kimi, Azərbaycan, Qazaxıstan, Monqolustan və Türkiyə ortaq hərbi birlik qurublar; Avropa mediası bunun adına “Turan ordusu” deyir; Türkiyə mediası “Osmanlı ordusu dirilir” başlıqları verir; lakin Azərbaycan ictimaiyyəti bu mühüm olaydan olduqca gec xəbərdar edilib.
Görünən budur ki, rəsmi adı təsisçi ölkələrin adlarının baş hərflərindən (Anadolu ləhcəsində) oluşan TAKM adlı hərbi birlik formatında əməkdaşlıq İrəvan və Moskvanı da narahat edib. Sanki buna – bir müddət əvvəl Naxçıvanda keçirilən hərbi təlimlərə – tətbiqatlara – bir cavabmış kimi indi Rusiya, Belarus və Ermənistanın hərbi qüvvələrindən ibarət bir heyət Ermənistan ərazisində hərbi təlimlərə başlayıb. Hətta bəzi Rusiya televiziyaları 25 apreldə bu təlimləri canlı da yayıblar. Bu da Azərbaycana qarşı açıq təhdid və şantajdır.
Rəsmi Bakı bütün potensialını işə salıb ki, Rusiya Azərbaycanı hədəf siyahısından çıxartsın. Lakin yeni “I Pyotr” öz layihələrində inad göstərir. Bu baxımdan, mümkündür ki, yaxın zamanlarda Azərbaycanın dünya birliyi tərəfindən ciddi himayəyə ehtiyacı yaranacaq. Dünya birliyi isə, əslində Ukraynada aciz qaldı – Amerika çox uzaqda, Rusiya isə lazım olandan daha yaxındadır. Bu düstur Azərbaycan üçün də keçərlidir. Buna görə də ölkəmizin Rusiya ilə toqquşma ehtimalında tək ciddi tərəfdaşı Türkiyə olacaq.
Azərbaycan rəhbərliyi yaxşı bilir və Ukrayna olayları da göstərdi ki, bizi Rusiyanın ehtimal olunan aqressiyasından qoruya biləcək yeganə qüvvə Türkiyədir.
“Yeni Müsavat”a Türkiyənin müəyyən dairələrindən çatan iddialı bilgilərdə deyilir ki, əgər Ermənistan Rusiyanın təhriki və hərbi dəstəyi ilə Tərtər istiqamətindən hücuma keçərsə, Türkiyənin iştirakı ilə buna cavab olaraq, eyni zamanda balans yaratmaq üçün Naxçıvandan Mehriyə hücum ediləcək.
Bu məlumatın mabədində isə iddia edilir ki, əgər Rusiyanın təhriki ilə Ermənistanın Azərbaycanın ərazilərinə hərbi müdaxiləsinə dair təhdidlər geriyədönməz hal alsa, Azərbaycan qabaqlama taktikası həyata keçirəcək. Məlumatın daha dərin qatlarında belə bir bilgi də var: artıq Dağlıq Qarabağ ərazilərinə, yarpaqlanmış Qarabağ meşələrinə Türkiyə və Azərbaycan kommandoslarından ibarət 10 nəfərlik qruplar olmaqla, xüsusi dəstələr yerləşdirilib. Ermənistan-Rusiya hərbi birləşmələri miqyaslı hərbi əməliyyatlara başlasa, cavab gedişi olaraq, işğal altındakı ərazilərdə partizan müharibəsi başladılacaq…
***
Bu məlumatları yoxlamaq, yaxud da dəqiqləşdirmək imkanımız yoxdur. Lakin biz ən bəsitini edirik – məlumata inanırıq və onu da yayırıq.
***
Ən sonda… Yaxşı ki, Türkiyə var və Azərbaycanla eyni qanı, dini, həm də eyni maraqları daşıyır…
(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=6590