Hərbi ekspertdən şok açıqlama

28.04.2014 - 10:22

Hərbi ekspertdən şok açıqlama

Üzeyir Cəfərov: “Bəzi yüksək rütbəlilər Azərbaycan ordusu ilə bağlı real vəziyyəti Rusiyaya ötürürlər” 
Müdafiə Nazirliyi sistemində yüksək rütbə və vəzifələr tutmuş şəxslərin həbsi davam edir. Aprelin 23-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vitse-admiral Şahin Sultanov Bakı Şəhər Hərbi Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib. 
Buna qədər isə HDQ-də nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant  Seyfi Hüseynov, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev və hərbi birləşmənin ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev, Gəmilərin Xilasetmə Diviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov, HDQ-nin Hidroqrafiya bölməsinin rəisi, 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev həbs olunub. Hərbi birləşmənin Mənzil İstismar Sahəsinin rəisi, Elxan Hacıyevin oğlu Rövzat Hacıyev isə işdən çıxarılaraq, istintaqa cəlb ediliblər.
Ötən həftənin sonunda isə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi, cəmiyyətdə daha çox zəlzələşünas kimi tanınan Elçin Xəlilov həbs edilib. Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, E. Xəlilov Cinayət Məcəlləsinin 308.2. və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Prokurorluqdan bildirilib ki, aparılan yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib. Müəyyən olunmuş qanun pozuntuları ilə bağlı Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 308.2. və 341.1. maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddətdə vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.
Həbslərin yaxın günlərdə davam edəcəyi haqda informasiyalar gəlməkdədir. 
Bəs, Müdafiə Nazirliyi sistemindəki həbslər genişlənə, daha yuxarı səviyyələri əhatə edə bilərmi? Bu həbslər ordunun xeyrinədirmi? 
Hərbi-ekspert Üzeyir Cəfərov bildirdi ki, həbslər daha geniş çevrəni əhatə edə bilər və əhatə etməlidir. Onun dediyinə görə, hazırda Müdafiə Nazirliyi sistemində yüksək vəzifələrdə işləyən bir sıra şəxslərin də barəsində ciddi tədbirlər görülməlidir: “İndi söhbət konkret olaraq, Şahin Sultanovdan və onun əməllərindən gedir. Bu prosesdə yeni həbslər olacaq. Bu şəxslər cinayəti özbaşına etməyiblər. Onlara bunu etməkdə yardımçı olan konkret şəxslər var. Artıq bir sıra şəxslər həbs olunublar. Elçin Xəlilov uzun illər Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin rəhbəri olub. Onun rəhbərlik etdiyi hərbi təşkilata dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılıb. Həmin vəsaitlər düzgün istifadə olunmayıb. 
Bu, müəyyən olunandan sonra Elçin Xəlilovun həbs olunması barədə qərar verilib. Hərbi ekspert olaraq biz, media olaraq “Yeni Müsavat” illərlə deyirdi ki, Müdafiə Nazirliyi sistemində çox ciddi qanun pozuntuları var. O zaman təəssüf ki, bunu deyənləri məhkəməyə verirdilər. Qanunsuzluqları indi həbs olunanlar özbaşına həyata keçirməyiblər. Bu gün də Müdafiə Nazirliyində xidmətini davam etdirən general Çingiz Məmmədov ən çox məsuliyyət daşıyan şəxslərdən biridir. Şahin Sultanovdan öncə general Məmməd Beydullayev həbs edilməli idi. Bu adam dəfələrlə Hərbi Dəniz Qüvvələrini yoxlayıb və real vəziyyəti gözəl bilib, ancaq heç bir tədbir görməyib. Bu yaxınlarda o istintaqa çağırılıb, onu dindiriblər və istintaqın verdiyi suallardan yaxasını qurtara bilməyəcək. Bu gün Hərbi-Dəniz Qüvvələri ilə bağlı olan bir sıra məlumatlar Azərbaycana düşmən olan dövlətlərə ötürülür. Bəzi yüksək rütbəli adamlar Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə, ümumiyyətlə ordusu ilə bağlı real vəziyyəti Rusiyaya ötürürlər. Azərbaycanın suverenliyinə ən böyük təhlükə əslində dəniz istiqamətindəndir. Belə bir strateji nöqtə barədə informasiyalar Rusiyaya ötürülür. Çox təəssüf ki, ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri ilə bağlı olan çox məlumatlar düşmən əlinə keçir, dəhşətli məlumat sızıntısı var. Mən bunu tam məsuliyyətimlə deyirəm. Mən hər şeyi tam şəkildə açıb-ağartmaq istəmirəm. Sabah Müdafiə Nazirliyi bunu da təkzib etsə, mən konkret adları da ictimaiyyətə açıqlayacağam ki, kimlərdir satqınlıqla məşğul olanlar”.   
Üzeyir Cəfərov bəyan etdi ki, belə adamların hamısı Müdafiə Nazirliyi sistemindən uzaqlaşdırılmayınca və həbs edilməyincə, bir neçə nəfərin həbsinin vəziyyəti dəyişəcəyinə, orduya xeyir verəcəyinə inanmır: “Azərbaycanın müdafiəsi ilə bağlı yanlışlığa, qanunsuzluğa yol verən adamlar birdəfəlik anlamalıdırlar ki, onlar çiyinlərində gəzdirdikləri general və admiral rütbəsi ilə özlərini sığortalaya bilməzlər. Onlar qanun qarşısında mütləq cavab verməlidirlər. Şəxsən mən yaxın günlərdə prezident İlham Əliyev ictimaiyyətə açıqlamayacağım qapalı müraciət göndərəcəyəm. 
Mən çox istərdim ki, yaxın zamanlarda Ali Baş Komandan generalları, admiralları yığsın və onlarla qapalı bir müşavirə keçirsin. Mən inanıram ki, onların bir çox Ali Baş Komandanın sualları qarşısında aciz duruma düşəcəklər. Azərbaycanın ordusunu bəziləri tədricən Ukrayna ordusunun vəziyyətinə salmaq istəyirlər. Ukrayna ordusunun hansı vəziyyətdə olduğu son vaxtlar ortaya çıxdı. İnanıram ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı belə bir vəziyyətin bizim orduda da yaranmasını qətiyyən istəmir. Ona görə də biz gözləyirik ki, ciddi tədbirlər görüləcək”.
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=6608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930