Ziyafət Əsgərov dövlət sirrini yayıb?

doğrudan da Sərkisyanın otağı izlənir, o zaman bu, çox ciddi və məxfi
tədbirdir və dövlət sirri hesab edilməlidir”

doğrudan da Sərkisyanın otağı izlənir, o zaman bu, çox ciddi və məxfi
tədbirdir və dövlət sirri hesab edilməlidir”
Ərəstun Oruclu: “Milli Məclisin birinci vitse-spikerinin açıqlamasının nə məqsədə hesablandığını anlaya bilmirəm”
Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, parlamentin
təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov
publika.az-a müsahibəsində Ermənistan prezident Serj Sərkisyanın
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun qətlə yetirilməsi üçün
tapşırıq verməsinə münasibət bildirib.
Z.Əsgərov deyib ki, Serj Sərkisyanın bu tapşırığının çox sadə izahı
var. Çünki həm Ermənistan, həm də onun prezidenti Sərkisyan mahiyyətcə
terrorçudur: “Biz hər zaman demişik, indi də bəyan edirik ki, Ermənistan
mahiyyət etibarı ilə terrorçu dövlətdir. Təbii ki, bu terrorçu dövlətin
başında da terrorçu prezident oturub. Ona görə də Ramil Səfərovun
öldürülməsi ilə bağlı belə bir tapşırığın verilməsi terrorçunun
xislətinə xas olan məsələdir. Sadəcə, bunu bir daha dünya görsün ki,
Ermənistan prezidenti nə ilə məşğul olur. Mən Ermənistana dövlət deyə
bilmirəm. Ermənistan dövlət deyil, terrorçu qurumdur, onun başında da
Sərkisyan kimi cəllad və terrorçu oturub. Ermənistan rəhbərliyi, o
cümlədən prezidenti yaxşı bilməlidir ki, bu gün Azərbaycan dövləti
1990-cı illərin əvvəllərində olan ölkə deyil. Bu gün Azərbaycanın güclü
diplomatiyası var. Bu gün Azərbaycan çox güclü dövlətdir, onun güclü
ordusu var və Azərbaycanla artıq başqa dildə danışmaq mümkün deyil. Serj
Sərkisyan da bilməlidir ki, onun oturduğu kabinet Azərbaycan silahlı
qüvvələri tərəfindən dəqiq izlənilir. Sərkisyan bunu bilməlidir və
nəzərə almalıdır”.
Əsgərovun sonuncu açıqlaması ekspertlər tərəfindən birmənalı
qarşılanmayıb və ortaya bir sıra suallar çıxarıb. Azərbaycanın düşmən
ölkənin birinci şəxsinin kabinetini izləmək imkanı varmı? Əgər belə bir
imkan varsa və izləmə həyata keçirilirsə, bu barədə rəsmi şəxsin
ictimaiyyətə açıqlama verməsi doğrudurmu?
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik İlham
İmayıl sosial şəbəkədə şəxsi səhifəsində münasibət bildirib. İlham
İsmayıl bildirib ki, bu cür məxfi məlumatlardan Ziyafət Əsgərovun xəbəri
ola bilməz: “Tutaq ki, doğrudan da həmin otaq izlənir. O zaman bu, çox
ciddi və məxfi tədbirdir. Dövlət sirri hesab edilməlidir və Ziyafət
Əsgərovun bu barədə məlumatı olmamalıdır. Amma, belə bir izləmə yoxdur.
Sadəcə olaraq populist və skandal yarada biləcək bir bəyanatdır. Sabah
Ermənistan bu məsələ barəsində yalançı hay-küy də qaldıra bilər,
ölkəmizi istehza hədəfinə də çevirə bilər”.
Sabiq MTN əməkdaşı Ərəstun Oruclu isə “Yeni Müsavat”a açıqlamasında
Ziyafət Əsgərovun Ermənistan prezidentinin kabinetinin izlənməsi barədə
bəyanatının heyrət və gülüş doğurduğunu bildirdi: “Ümumiyyətlə, son
zamanlar parlament rəsmilərinin verdiyi bir sıra bəyanatları şərh eləmək
üçün daha çox satirik yazarlara müraciət etmək lazımdır. Milli Məclisin
birinci vitse-spikeri tərəfindən o cür açıqlamanın verilməsinin nə
məqsədə hesablandığını, belə bir açıqlamanın nə üçün verildiyini şəxsən
mən anlaya bilmirəm. Mənə elə gəlir ki, ola bilsin Ziyafət Əsgərovun
əhvalı yaxşı olub və qeyri-adi nə isə demək istəyib. Nəticədə məlum
açıqlama ortaya çıxıb. Məncə, Ziyafət müəllimin bu açıqlaması daha çox
əyləncə və zarafat xarakterlidir. Mən bilmirəm buna nə ad qoyaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6617