Beynəlxalq miqyaslı fırıldaqçının Azərbaycan bankında 1,5 milyardı olub

28.04.2014 - 21:11

Avstraliya mətbuatı qalmaqallı maliyyəçi, adı beynəlxalq
miqyaslı maliyyə fırıldaqlarında keçən Roland Bleyerlə bağlı yeni
araşdırma yayıb

Avstraliya mətbuatı qalmaqallı maliyyəçi, adı beynəlxalq
miqyaslı maliyyə fırıldaqlarında keçən Roland Bleyerlə bağlı yeni
araşdırma yayıb.Virtualaz.org saytı xəbər verir ki, Roland Bleyerin
Azərbaycanda 2012-ci ildə bağlanan “Royal Bank”la əlaqələrinə dair yeni
fakt məlum olub.

Məqalədə bildirilir ki, “Hayman Private Equity” adlı
investisiya fondunun rəhbəri olan Bleyer amerikalı iş adamı Ross
Qliksmana qarşı 400 milyon dollarlıq fırıldağın təşkilində “Royal
Bank”dan da istifadə edib.

Xatırladaq ki, virtualaz.org saytı Avstraliya mediasına
istinadən R.Bleyer və onun etirafları barədə geniş araşdırmanı dərc
edib. Həmin araşdırmada göstərilir ki, Roland Bleyer Avstraliyanın
Qiymətli Kağızlar Komitəsinin suallarına cavab olaraq özünü “Royal
Bank”ın maliyyə komitəsinin direktoru kimi təqdim edib.

Həmçinin məlum olub ki, Roland Bleyer Çikaqodan (ABŞ) olan biznesmen
Ross Qliksmanla ortaq biznes layihəsini müzakirə edərkən Avstraliyadan
Azərbaycana, “Royal Bank”a 200 milyon dolların transferindən də bəhs
edirmiş.

R.Qliksman bu yazışmaları ABŞ Federal Məhkəməsinə təqdim edib.
Hazırda ABŞ məhkəməsi bu işlə bağlı araşdırma aparır. R.Bleyer amerikalı
biznesmenə 400 milyon dollar “atdığı” barədə iddiaları rədd edir.

Virtualaz.org saytı “The Australian” qəzetinə istinadən xəbər verir
ki, kenqurular ölkəsinin keçmiş turizm naziri Con Braunun da Bleyerlə
ortaqdır. Məlum olub ki, Con Braun 2009-cu ildə “Hayman Private Equity
Australia” şirkətinin yeganə direktoru təyin edilib. Bildirilir ki,
əvvəlcə R.Bleyer R.Qliksmana qarşı ABŞ-ın İllinoys ştatının dairə
məhkəməsində iddia qaldırıb. İddiaya əsasən Qliksman Bleyerin
“Superkite” adlı şirkətinə 900 min dollar kredit borcunu ödəmir.

Daha sonra Qliksman cavab iddiası qaldıraraq Bleyerin onu 400 milyon dollar məbləğində aldatdığını bildirib.

Məhkəmə sənədlərinə əsasən Qliksman 2009-cu ildə ABŞ-da böyük həcmdə
daşınmaz əmlak almaq istəyən və “böyük sərvətə və geniş investisiya
əlaqələrinə” malik Bleyerin nəzarət etdiyi “Hayman Private Equity”
şirkəti ilə təmas qurub. Tərəflər qlobal maliyyə böhranı nəticəsində
kəskin ucuzlaşan daşınmaz əmlaka yatırım qoymaq üçün birgə müəssisə
yaradıblar.

Bleyer maliyyə fırıldağına görə 90-cı illərdə ABŞ-dan qaçdığı üçün
tərəflər danışıqları Sürixdə aparıblar. Qərara alınıb ki, “Hayman
Private Equity” yaradılacaq birgə müəssisə üçün öz tərəfindən 500 milyon
dollar ayıracaq.

Sonrakı yazışmalarda Bleyer amerikalı ortağına bildirib ki, HSBS
bankından 6 milyard avroluq kredit qarantiyası alıb və kredit xəttinin
açılması üçün ortaqlar depozit olaraq 400 milyon dollar qoymalıdır.

Məhkəmə sənədlərinə əsasən 2010-cu ildə birgə müəssisəni
maliyyələşdirmək üçün Bleyerin Avstraliyadakı bankından “Royal Bank”
vasitəsilə 200 milyon dollar köçürülməsi qərarlaşdırılıb.

“Lakin “Hayman Private Equity” investisiya şirkətinin 1,5 milyard
dollarlıq aktivlərinin yerləşdirildiyi Azərbaycan bankı ilə bağlı
problem meydana çıxıb və maliyyələşmə təxirə salınıb” – deyə qəzet
yazır.

Xatırladaq ki, İran və ABŞ pasportları daşıyan Fuad Cam və qardaşı
Əli Cama məxsus olan “Royal Bank”ın lisenziyası iri həcmdə şübhəli
maliyyə transferləri həyata keçirdiyinə görə geri alınıb. Bank müflis
elan edilərək bağlanıb və əmanətçilərin 58 milyon manat pulu batıb.
Bankın İrana aid pulların beynəlxalq sanksiyalardan yayındırılaraq
transferini də həyata keçirdiyi məlum olmuşdu. Hazırda bankın rəhbərləri
axtarışdadır.

Livanın keçmiş baş naziri Rafiq Həriri və digər xarici hökumət
rəhbərləri ilə əlaqələrinin olduğunu deyən avstraliyalı maliyyəçinin
investisiya fondunun “Royal Bank”da saxladığı 1,5 milyard dollarlıq
aktivlərin sonrakı taleyi məlum deyil.

  Azpolitika.info

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=6633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930