Adı qara siyahıya düşən icra hakimiyyətləri
29.04.2014 - 10:16

Yalançı tenderlər, artıq yanacaq sərfi, saxta maaş cədvəlləri…
Hesablama Palatasının hətta ötəri auditi icra hakimiyyətlərində xeyli mənimsəmə ortaya çıxarıb
Hesablama Palatasının apardığı auditlər bir çox sahələrdə olduğu kimi yerli icra hakimiyyətlərində də qanun pozuntularını aşkara çıxarıb. Ortaya qoyulan faktlar isə icra hakimiyyətlərində, həmçinin paytaxt və regionlarda müxtəlif məqsədlər üçün ayrılan vəsaitlərin necə mənimsənildiyini göstərir. Bunun görmək üçün bir neçə faktı sadalamaq yetərlidir.
“Mənzil və kommunal təsərrüfat” mənimsəmələri
Bakı şəhər Icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfat” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb. Bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib. Belə ki, Birlikdən yaşıllıqlara xidmət xərclərinin proqnozlaşdırılması zamanı hesablamaların faktiki qulluq göstərilmiş yaşıllıq ərazilərinə görə aparılmaması səbəbindən həmin xərclərin proqnoz məbləği artırılıb. Qüvvədə olan normalara əməl olunmaması nəticəsində yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid olmayan xərclər də proqnozlaşdırılıb.
Birlik üzrə 1 hektar yaşıllıq sahəsinə düşən faktiki xərclərin məbləği tərtib edilmiş smeta göstəriciləri və qüvvədə olan normalarla müqayisədə yüksək olub, vəsaitin təminatı müvafiq dövlət orqanının razılığı olmadan dəyişdirilib. Bitkilərin Mühafizə Stansiyasından ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə xərci, Avtomobil Nəqliyyatı Idarəsindən nəqliyyat xərci, Su Quyularının Istismarı və Təmiri Xidməti Müəssisəsindən su xərci artıq hesablanaraq ödənilib, mövcud qanunvericiliyin tələblərinə riayət edilməyərək kreditor borc məbləğləri öhdəliyə qəbul olunmadığı halda bəzi təşkilatlara köhnə borc kimi ödənilib. Qarşılıqlı hesablaşmalar zamanı faktiki xərcdən artıq vəsait ödənilməsi hallarına yol verilib, bəzi hallarda satınalmalar üzrə qanunvericiliyin tələblərinə riayət edilməyib. Bir sıra xərclər bir mənbədən satınalma metodu tətbiq edilməsi üçün müvafiq icra hakimiyyətindən razılıq olmadan birbaşa müqavilə ilə alınıb, bəzi hallarda müqavilə şərtlərinin pozulması səbəbindən artıq büdcə vəsaiti ödənilib. Normadan artıq yanacaq silinib, suyun alınmasına yönəldilmiş vəsaitin səmərəli və məqsədyönlü xərc edilməsi üçün sayğaclar quraşdırılmayıb və suyun miqdarı aktla rəsmiləşdirilməyib. Birliyin balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə çoxillik əkmələrin inventarizasiyası aparılmayıb, yaşıllıq sahələrinin ərazisi dəqiqləşdirilməyib. Alınması rəsmiləşdirilmiş əkin materiallarının əkilmə ünvanı və sayı, həmçinin yaşıllıq sahələri üzrə tərtib edilmiş aktlarda işlərin yerinə yetirilmə ünvanları göstərilməyib. Su sayğacları inventar kimi maddi məsul şəxsin öhdəsində uçota alınmayıb və dəyəri ümumi istehsalat xərclərinə silinərək mal dövriyyəsindən kənarlaşdırılıb.
Bərdə mənimsəmədə geridə qalmayıb
Bərdə rayon Icra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfat” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb.
Bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilib. Belə ki, icra hakimiyyətindən abadlıq və yolların əsaslı təmiri işləri üzrə 16 halda büdcə vəsaitlərini müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan icraçı ilə birbaşa baqlanmış müqavilə əsasında xərc edilib, bir sıra hallarda məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə malların (iş və xidmətlərin) satın alınması ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilərək həyata keçirilib.
Küçə işıqlarının sayğaclaşdırılmaması nəticəsində büdcə vəsaitinin səmərəli və qənaətlə xərclənilməsi təmin edilməyib, vergi orqanında uçotda olmayan fiziki şəxsə göstərdiyi xidmətlərə (işlərə) görə ödənilmiş vəsaitdən gəlir vergisi tutulmayıb. Satınalma tətbiq edilmədən müxtəlif hüquqi şəxslərdən alınan material və inventarlar maddi məsul şəxsin hesabına mədaxil edilməyərək onların alınması üçün ödənilmiş vəsaitə görə yaranan debitor borcu uçotdan yayındırılıb. Bir halda müqavilə şərtlərinə əməl edilməyərək icraçıya artıq büdcə vəsaiti ödənilib, şəhər küçələrinin işıqlandırılması üzrə quraşdırılan işıq dirəyi və elektrik xətləri əsas vəsait kimi uçota alınmayıb.
Mənzil fondunun zərərinin ödənilməsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması əsaslandırılmayıb, maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlirlər azaldılıb, xərclər araşdırılmayıb, mənzil və xidmət haqları üzrə debitor borcun yığılması istiqamətində zəruri tədbirlər həyata keçirilməyib. Məcburi dövlət sosial sığorta haqları üzrə hesablamalarda səhvlərə yol verilib, materiallar nağd qaydada alınıb, tikinti materialları əsassız silinərək uçotdan yayındırılıb, mənzil fondunun əsaslı təmiri aparılan zaman söküntüdən əldə edilən yararlı tikinti materialları anbara mədaxil edilməyib.
Kommunal Müəssisələri Kombinatından xərclərin tərkibi müəyyənləşdirilərkən mövcud normaların tələbləri gözlənilməyib, əmək haqqı məbləğinin tərkibinə aparat işçilərinin əmək haqqı, üstəlik, xərclər daxil edilib. Məişət, istehsalat tullantılarının daşınması və zərərsizləşdirilməsinə dair müqavilələrin bağlanılması və bağlanılmış müqavilələr üzrə vəsaitin tam yığılması təmin edilməyib, satınalma metodu tətbiq edilmədən təhtəlhesab şəxs vasitəsilə mal-material qiymətləri və inventarlar alınaraq maddi məsul şəxsin hesabına mədaxil edilmədən və uçota alınmadan birtərəfli aktlarla silinib, təhtəlhesab şəxsin öhdəsindən nağd pul vəsaiti və yanacaq əsassız silinib, əmlak və öhdəliklərin illik inventariziyası aparılmayıb, ehtiyat hissələrinin silgisi qüsur və quraşdırma aktları olmadan birtərəfli aktlarla aparılıb, bəzi ehtiyat hissələrinin uçotu aparılmayıb, hesabat illəri üzrə dölət büdcəsinə, DSMF-yə yaranan kreditor borclar artmaqda davam edib.
Qusarda tender vasitəsilə dövlət vəsaiti mənimsənilib
Qusar rayon Icra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi aparılıb.
Burda da bir sıra nöqsanlara yol verildiyi aşkar edilib. Belə ki, bəzi hallarda Qusar rayon Icra Hakimiyyətindən işlərin tender təklifi qiymətindən baha qiymətlərlə yerinə yetirilməsi səbəbindən icraçıya artıq vəsait ödənilib. Təmir-tikinti işləri aparılan zaman söküntüdən əldə edilən yararlı tikinti materialları anbara mədaxil edilməyib, bəzi hallarda məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə (iş və xidmətlərin) satın alınması ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodu dəyişdirilərək həyata keçirilib. Bəzi hallarda isə satınalma prosedurları və müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadan birbaşa müqavilə bağlanılaraq icra edilib, bir sıra xidmətlər üçün vəsait işin yerinə yetirilməsini təsdiq edən akt və ya hesabatlar tərtib olunmadan ödənilib. Küçələrin işıqlandırılması üçün vəsaitin bir hissəsi abadlıq işlərinə yöənldilib, şəhər küçələrinin işıqlandırılması sistemi üzrə quraşdırılan işıq dirəkləri və xətləri əsas vəsait kimi üçota alınmayıb, küçə işıqlarının sayğaclaşdırılması təmin edilməyib.
Mənzil fondunun zərərinin ödənilməsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması əsaslandırılmayıb və zərər məbləği artırılıb, gəlir azaldılıb, debitor borclar uçota tam alınmayıb, nəqliyyat vasitələrinə normadan artıq yanacaq silinib. Maddi-məsul şəxs təərfindən bazardan alış aktı tərtib edilməklə alınmış tikinti materialları anbara mədaxil edilmədən birbaşa silinib. Mənzil təsərrüfatının fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat verilib. Vergi ödəmələri və sosial sığorta haqları istisna olmaqla mənzil fondu üzrə daxil olmuş vəsaitlər nağd qaydada xərc edilib. Təmir-tikinti işləri aparılan zaman söküntüdən əldə edilən yararlı tikinti materialları anbara mədaxil olunmayıb.
Suraxanı, Qax, Zaqatala, Ucar, Şabran, Beylaqan, Abşeron, Mingəçevir, Sabirabad rayon Icra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsində və Icra Hakimiyyətinə “Ümumi dövlət xidmətləri” bölməsində ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin auditi nəticəsində audit olunan təşkilatlarda bir sıra nöqsan və çatışmazlıqlara yol verilib. Bu nöqsan və qüsurlar yuxarıda sadalanan digər rayonlarda aşkarlanan pozuntulardan fərqlənmir.
Bakı meriyası əsas büdcə talançısı olub
Bakı şəhər Icra Hakimyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üzrə “Bakı şəhərində binaların təmiri, bərpası, gücləndirilməsi, işıqlandırılması, şəhərdə abadaşdırma işlərinin aparılması, fəvvarələrin inşası və tikinti sahələrindən əhalinin və obyektlərin köçürülməsi” və “Bakı şəhərinin qəsəbələrində və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması” layihələrinə ayrılan vəsaitlərin istifadəsinin auditi zamanı da nöqsanlara yol verildiyi müəyyən olunub. Belə ki, bir halda obyektin layihə-smeta sənədlərinə müvafiq icra hakimiyyəti orqanından verilən ekspertiza rəyində qeyd edilən iradların aradan qaldırılması təmin edilməyib. Bəzi obyektlərin layihə-smeta sənədləri dövlət ekspertizasından keçirilməyib və cari qiymətlər səviyyəsində müqavilə və ehtimal olunan dəyəri qanunvericilikdə müəyyən edilmiş qaydada hesablanmayıb. Bəzi obyektlərin layihə-smeta sənədlərinin dövlət ekspertizasından keçirilməsi məqsədilə vəsait ödənilsə də, ekspertizanın rəyi audit aparılan dövrədək təqdim edilməyib. Bir sıra obyektin layihə-smeta sənədlərinin hazırlanması satınalmaları tənzimləyən qanunvericilik aktlarının tələblərinə riayət edilmədən və satınalma prosedurları keçirilmədən malgöndərən (podratçı) təşkilatlarla birbaşa satınalma müqavilələri əsasında həyata keçirilib. Müqavilə bağlanılmadan vəsait xərclənib, dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsait sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüdə göstərilmiş obyektlər üzrə istifadə edilməyib. Iki halda “Işlərin qəbulu haqqında Akt”lara daxil edilmiş işlərin həcmi layihə-smeta sənədlərinə uyğun olmayıb, həmçinin, yerinə yetirilən iş həcmlərinin düzgün müəyyən edilməməsi nəticəsində artıq büdcə vəsaiti ödənilib.
Bir layihə üzrə layihə-smeta sənədlərinə və real tələbata əsaslanmadan avadanlığın artıq alınması onların istifadəsiz qalmasına və nəticədə büdcədən ayrılan vəsaitin səmərəsiz istifadəsinə səbəb olub. Həmçinin malgöndərən (podratçı) təşkilatın düzgün seçilməməsi səbəbindən artıq vəsait sərfinə yol verilib, bir halda obyekt aidiyyəti müəssisələrə istismar üçün təhvil verilsə də, istismar haqqında dövlət aktının tərtib edilməsi başa çatdırılmayıb və balansa qəbul edilməyib. Avtomobil yollarının, binaların fasadlarının və dam örtüklərinin əsaslı təmirinə, mansardların tikintisinə istifadə olunan investisiya xərclərinin məbləği müvafiq qaydada sifarişçinin aktivlərinin dəyərinin artırılmasına yönəldilməyib, binaların fasadlarında aparılan gücləndirmə işləri nəticəsində eyvanlarda yaranmış əlavə sahələr uçota alınmayıb.
Bütün bunlar Hesablama Palatasının hesabatında əksini tapan faktların cüzi bir hissəsidir. Üstəlik də nəzərə almaq lazımdır ki, Hesablama Palatası mövcud olan pozuntuların az bir hissəsini aşkar edib ortaya qoyur. Bütün bunlar əslində korrupsiyanın hansı səviyyədə olduğunu bir daha təsdiqləyir. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=6648