Əliyev hakimiyyəti dünyaya meydan oxuyur
30.04.2014 - 10:10
Əliyev hakimiyyəti dünyaya meydan oxuyur

Ölkədə bütün dəyərlər ayaq altına atılıb, repressiyalar davam edir
Nurəddin Məmmədli: “Hakimiyyət bütün vasitələrdən istifadə edərək ömrünü uzatmaq istəyir. Ancaq bütün despotik rejimlər kimi bu rejim də dəyişəcək”
Azərbaycandakı mövcud idarəetmənin hansı “dəyərlərə” xidmət etdiyi hər kəsə məlumdur. Uzun illər ərzində rejimin vətəndaşlara münasibəti, repressiyalar, insan haqlarının ayaq alıtına atılması adi hala çevrilib. Son bir neçə ayda isə hakimiyyət aqressivliyi daha da artırıb və bütün körpüləri yandırmağa start verib. Artıq repressiyalar yalnız siyasi partiya fəallarını deyil, vətəndaş cəmiyyəti nümayəndələrini də əhatə edir.
Ölkənin tanınmış hüquqşünası Qurban Məmmədov şərlənərək həbs edildi, ardınca hüquq müdafiəçisi Anar Məmmədli qondarma itthamlarla istintaqa cəlb olundu, NIDA Vətndaş Hərəkatının 8 üzvünə fantastik cəza istənildi və gənclər 14 gündür aclıq aksiyası keçirirlər, jurnalist Pərviz Həşimli hələ də MTN-nin təcridaxanasında saxlanılır. QHT-lərə qarşı xüsusi hücum planı hazırlanır. Bundan əvvəl olan həbslər barədə isə hamının geniş məlumatı var.
Ötən gün isə, Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus saxlanılaraq, Prokurorluğun Ağıq Cinayətlər üzrə istintaq idarəsinə aparıldı. Leyla Yunusa qarşı polislərin davranışı və onun baş verənlərlə bağlı açıqlaması isə, hakimiyyətin bütün insani dəyərlərdən uzaq olduğunu bir daha göstərdi.
Ölkədə baş verənlər qanunsuzluğun elə bir həddinə çatıb ki, dünənə qədər hakimiyyətə qarşı loyal münasibət bəsləyən beynəlxalq təşkilatlar da öz kəskin mövqelərini ifadə edirlər. Avropa Şurasının komissarı son hesabatlarını açıqladı və Azərbaycanda heç bir irəliləyişin olmadığını, demokratik vəziyyətin acınacaqlı olduğunu vurğuladı. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç isə siyasi fəallara qarşı təqib faktları ilə əlaqədar vəziyyətdən ciddi narahatlığını bildirdi: “Mən 1992-ci ildən etibarən ABŞ-Azərbaycan münasibətlərilə məşğul oluram və hazırda Azərbaycanda baş verənlərdən daha pis vəziyyət görməmişəm”- deyə Kozlariç bildirib.
Göründüyü kimi, Azərbaycan hakimiyyətinin antiinsani siyasəti ölkə daxilində olduğu kimi, ölkə xaricində də hər kəsə aydındır.
Azərbaycan hakimiyyəti bu siyasətlə hara gedir, baş verənlər hakimiyyətə nə vəd edir?
AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, baş verənlərin yeganə səbəbi hakimiyyətin ömrünü uzatmaq istəyidir: “Başda Ilham Əliyev olmaqla hakimiyyətin bu davranışında başqa səbəblər axtarmaq, mürəkkəb konfiqurasiyalar qurmağa ehtiyac yoxdur. Baş verənlərdə yeganə məqsəd hakimiyyətin ömrünü uzatmaqdan ibarətdir. Faktiki olaraq ölkə idarə olunmur, korrupsiya, talançılıq normaya çevrilib, vətəndaşa qiymət verilmir. Yəni hakimiyyət qanunçuluq məcrasından çıxıb, ölkəni cəngəllik qanunları ilə idarə edir. Azərbaycanda ictimai-siyasi fəallığın lazımi səviyyədə olmaması, belə bir tendensiyanın güclənməsinə təkan verir. Ancaq dünyada və Azərbaycanda baş verən dəyişiklikləri də görməmək mümkün deyil. Son zamanlar gənclərin aktivləşməsi, mübarizəyə qoşulması hakimiyyəti narahat edir”.
Nurəddin Məmmədli onu da əlavə etdi ki, Leyla Yunusun istintaqa cəlb olunması hakimiyyətin qorxusundan xəbər verir: “Bu gün Azərbaycanda QHT-lərin fəaliyyəti faktiki olaraq iflic edilib. QHT rəhbərlərini müxtəlif yollarla həbs edirlər. Leyla Yunusa qarşı baş verənlər də hakimiyyətin bu adamdan qorxduğunu göstərir. Çünki Leyla Yunus öz fəaliyyəti ilə müstəsna işlər görüb və Azərbaycandakı vəziyyəti dünya miqyasına çıxarıb. Hakimiyyət beynəlxalq aləmdə ifşa olunmamaq üçün Leyla Yunusu zərərsizləşdirmək istəyir. Ancaq dünyanın heç bir despotu, despotik siyasətlə xalqı sona qədər nəzarətdə saxlaya bilməyib. Şübhəsiz, Azərbaycan hakimiyyəti də sona qədər bunu edə bilməyəcək və bu rejim dəyişəcək”.
(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=6695