Zərnəva körpüsündən Sirat körpüsünə gedən yol: yaxud SÖZə xəyanətin aqibəti
Tarixin ən müxtəlif zaman kəsimlərində iqtisadi-siyasi formasiyalardan və idarəçilik üsullarından asılı olmayaraq yalnız bəşər övladına məxsus olan SÖZ öz dəyərini qoruyub saxlayıb. Ən kəsərli qılınc belə söz gücündə olmayıb. Bir zamanlar öz zamanının eybəcərliklərini bədii şəkildə tənqid edən söz adamlarının bu günkü davamçıları tək şair və yazıçılar yox həm də media mənsublarıdır. Müasir həyatımızın ayrılmaz hissəsinə çevrilmiş mətbuat həm də cəmiyyətin görən gözü, hayqıran səsidir. Bu səs haqsızlığa qarşı yönəlib haqqı deyəndə Azan kimi gözəl olduğu qədər, haqqı danıb nahaqqı bağıranda bir o qədər eybəcər görünür. Təəssüf hissiylə qeyd etməliyik ki, bu gün Azərbaycan mediasında bu hallara rast gəlinir. Mətbuata yaradılmış imkanlardan bəzi KİV vasitələri tərəfindən sui istifadə hallarına yol verilir, kimlərsə yaradılmış mühitdən şəxsi məqsədlər naminə yararlanmağa çalışaraq “qara piar” kampaniyasına rəvac verir. Bu baxımdan hazırda problemlərdən biri də medianın SÖZə xəyanəti – qərəz azarından, qeyri-peşəkarlıq sindromundan azad edilməsidir.
Bu yazımızda üzərində dayanmaq istədiyimiz məqam son günlər İsmayıllı rayonu və rayonun icra başçısı haqda mediada yazılanlarla bağlıdır. Amma əsas mövzuya keçməzdən öncə hörmətli oxucumuza bəzi xatırlatmalar etmək istərdik. İsmayıllı Azərbaycanın dilbər guşəsi olduğu qədər də, son illərədək bəlli bir qrupun istismarı altına alınmış, sadə vətəndaşlarının öz doğma yurdunda aşağılandığı və bütün bunlara etiraz olaraq vulkan kimi püskürən rayondur. Üstündən uzun bir zaman keçməyib. Cəmi bir neçə il öncəyədək bir ailənin, bir tayfanın harın övladlarının əyləncə məkanı olan, günlərlə xalq etirazından od-alov içində yanan İsmayıllı bu gün qədim Alban yurdunun sadə insanlarının, bu torpağın övladlarının zəhmət və həyat məkanına çevrilib. Hədyan yazıların bir ünvanı da İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Mirdamət Sadıqovdur. M.Sadıqov icra baçılığına rahat həyat sürmək üçün gəlməyib. O sakit alimlik həyatından od-alov içində olan bir rayona göndərilib. Həm də var dövlət toplamaq üçün yox. Çünki Mirdamət müəllimin alim kimi həm maddi, həm də mənəvi xəzinəsi bir çox məmurlardan üstündür. O, bir Ağsaqqal olaraq, bir elin, obanın qəbul etdiyi Lider, Ağsaqqal olaraq İsmayıllıya təyinat aldı. Mirdamət Sadıqov İsmayıllıda odu söndürüb firavan həyatın əsasını qoydu və bir vaxtlar məlum qrupun at oynatdığı rayonda bu gün insanların həyat tərzini görmək üçün İsmayıllıda bir neçə saat da olmaq yetər. Buyurun İsmayılıya gəlin və həmin od alov içində olan, insanların qəzəbdən küçələrə axışdığı rayonun bu gününə baxın və onda görərsiz ki, İsmayıllıda üsyan yox, normal dövlət-xalq vəhdəti üzərində qurulan bir cəmiyyət yetişir. Bütün bunların qarşılığı olaraq SÖZ haqqı deməlidir. Amma nələr yazmadılar ki…
… Gah yazdılar ki, Mirdamət Sadıqov kiməsə villa tikdirib… Hətta onu da araşdırmadılar ki, bu şəxs elə ilk villanı özünə tikdirərdi də… Bütün rayon icra başçısının Lahıcdakı ata mülkündən başqa bir evə sahib olmadığından xəbərdardır. Gülürlər axı belə məlumatlara…
… Daha sonra bu “yazarlar”ın ağlına ləl-cəvahirat iddiası gəldi. İcra başçısının daş-qaş biznesi haqda uydurmalar yazdılar… Dünyanın ən bahalı cismi bütün ömrünü öyrətməyə həsr edən MÜƏLLİMin kitabının bir səhifəsi, bu gün ölkənin müxtəlif məkanlarında və müxtəlif vəzifələrdə çalışan tələbələrinin bir anı dəyərində deyil. Mirdamət müəllim özünün sahib olduğu və tələbələrinə əxz etdiyi elmi ilə varlıdır. Bunu da anlamadılar…
… Biriləri də İsmayıllıda aparılan tikinti işlərini təftiş etdi. Guya bu abadlıq əslində büdcə talanıymış. Gerçəkdə bu gün İsmayıllıda görülən işlərinin əksərinin məhz icra başçısının şəxsi nüfuzu hesabına xarici ölkələrin qrant lahiyələridir və bu işlər ən kiçik formada belə Azərbaycan iqtisadiyyatına, rayonun inkişafına əlavə dəstəkdir…
… Yalan və böhtanlar bununla da bitmədi. Bir samovar lətifəsi düzəltdilər. Sən demə Lahicda 4 min manata samovar satılırmış və bunu da icra başçısı alıb hədiyyə edib. Yenə də özlərini güldürdülər. Adamlar heç olmazsa internet axtarış sistemində ən bahalı samovarın nheçəyə olmasının da öyrənməyiblər… Bu qədər də olmaz axı…
… Nəhayət indi də bir körpü mövzusu atılıb ortaya. Demək məsələ belədir. İsmayıllıda Zərnəva kəndində kənd camaatı öz hesabına bir asma körpü inşa edib. Yalnız turist marağına hesablanan bu ekzotik körpüdən keçidin qiyməti 50 qəpikdir. Yığılan pul kənd bələdiyyəsinin hesabına keçir. Bütün bunları icra başçısını hədəf alan media özünün “ifşaedici” video materialında da təsdiq edir. Durum tam şəkildə belə. İndi məqsəd mütləq Mirdamət Sadıqov adını başlığa çıxartmaqdır deyə bu adi bir bələdiyyə fəaliyyəti, həm də turist səfərinə hesablanan gəlirli fəaliyyət icra başçısına yönəldilməlidir? Ayıbdı eee… vallahi, billahi ayıbdı. Zərnəva kəndindəki həmin körpüdən pulsuz da keçmək olar, İsmayıllı camaatı qonaqpərvərdi… Amma bir gün Sirat körpüsündən keçərkən heç bir qonaqpərvərlik yalan və böhtan sahiblərinə kömək etməyəcək axı… Heç olmasa SÖZə xəyanət etməyək…
Nəsimi Şərəfxanlı
P.S. Bu yazıya imzanı xüsusi vurğu və istəklə yazdıq. Hər halda bu imzanı kifayət qədər çox sayda tənqidi yazıların sonunda görən olub. “ÖZün nəyi haq bilirsənsə SÖZün də o olsun” deyə düşünmüşük. Bu imzayla da haqq bildiyimizi yazdıq. Ən azından bir ALİM, bir MÜƏLLİM haqqı naminə…
Short URL: http://www.cumhuriyyet.net/?p=67013