Kreml Gömrük İttifaqına görə Azərbaycanı cəzalandıracaq
01.05.2014 - 14:35

Təşkilata daxil olmayan MDB ölkələrindən gələn miqrantlar üçün əmək vizaları tətbiq edilə bilər
Rusiyada Gömrük İttifaqına daxil olmayan MDB ölkələrindən gələn miqrantlar üçün əmək vizaları tətbiq edilə bilər. “Publika.az”ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, qanun layihəsi mayda Dövlət Dumasına təqdim ediləcək. Sankt-Peterburq deputatlar qrupu miqrant problemini həll etmək üçün bir qanun layihəsi hazırlayıb. Qanun layihəsinə görə, işəgötürənlər vizasız ölkələrdən gələn miqrantları ev və tibbi xidmətlə təmin etməlidirlər.
Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski dünən jurnalistlərə açıqlamasında ölkədə təxminən 3,7 milyon qeyri-leqal miqrantın olduğunu bildirib. Təxminən 4 milyon miqrant isə Romodanovskinin sözlərinə görə, “risk qrupu”nu təşkil edir. Onlar 90 gündən çox Rusiya ərazisində qalan miqrantlardır. “Risk qrupu”nda yer alan miqrantların təxminən 40 faizinin yaşı 17-29 arasındadır. Onlar rus dilini bilmir və Rusiya cəmiyyətinə uyğunlaşmaqda çətinlik çəkirlər. Rəsmi məlumatlara görə, keçən il ölkəyə təxminən 18 milyon əcnəbi daxil olub, onlardan 12,4 milyonu üçün işləmək üçün gəlib.
Sankt-Peterburq deputatlarının fikrincə, problemin həlli etmək üçün işəgötürənlər miqrantların üçün rahat şərait yaratmalıdır. Sənəd müəllifləri iddia edirlər ki, bu miqrantların Rusiya cəmiyyətinə inteqrasiyası üçün imkan yaradacaq.
Sözügedən qanun layihəsi qəbul olunarsa, Gömrük İttifaqına daxil olmayan ölkələrdən gələn miqrantlar üçün hansı nəticələr doğuracaq? Siyasi Texnologiylar Mərkəzinin vitse-prezidenti Rostislav Turovski hesab edir ki, qanun layihəsinin qəbulundan sonra sahibkarlar xarici iş qüvvəsindən (Gömrük Şurasına daxil olmayan ölkələrdən olan iş qüvvəsi) imtina etməyə başlayacaqlar.
Bu təşkilata daxil olmaq hazırda Azərbaycanın planlarında olmadığından bu qanun layihəsinin ölkəmizdən iş dalınca gedən miqrantlara da mənfi təsir edəcəyi şübhəsizdir.
Vəfa Quluzadə: “Gömrük İttifaqına daxil olmayan bütün keçmiş sovet ölkələrinə təzyiqlər gözləniləndir”
Politoloq Vəfa Quluzadənin fikrincə, beləbir qanun layihəsinin qəbulunun müzakirəyə çıxarılması birbaşa Azərbaycana təzyiq sayılmalıdır. Gömrük İttifaqına daxil olmayan bütün keçmiş sovet ölkələrinə təzyiqlərin gözlənilən olduğunu deyən V.Quluzadə qeyd etdi ki, Rusiyanın əsas məqsədi Gömrük və Avrasiya İttifaqını tam gücüylə formalaşdırmaqdır. Hazırda Ukraynada baş verən hadisələrin Rusiyanın bu siyasəti ilə birbaşa bağlı olduğunu düşünən V.Quluzadə vurğuladı ki, Ukraynadakı inqilab Rusiyanın ğu istiqamətdəki planlarını bir müddətə puç etsə də, hazırda Kreml Ukraynada təxribat siyasəti həyata keçirir: “Rusiya Krımı işğal edərək, özünə birləşdirdi. Amma əgər qalan Ukrayna salamat şəkildə Avropa Birliyinə getsəydi, bu Rusiya üçün geosiyasi fəlakət olacaqdı. Rusiya ona görə özünə məxsus formada mübarizə aparır. Hazırda bütün Ukraynada stabilliyin pozulması buna xidmət edir”.
Gömrük İttifaqına üzvlüklə bağlı Azərbaycana da təzyiqlərin gözlənilən olduğunu deyən V.Quluzadə bildirdi ki, bu baxımdan miqrantlarla bağlı qəbul olunması nəzərdə tutulan qanun layihəsi məhz buna xidmət edir. “Rusiya Cənubi Qafqazı ram etmək istəyir. Hazırda Gürcüstan böyük təhlükə qarşısındadır. Abxaziya və Osetiyadakı rus hərbi bazaları Tiflisə ciddi təzyiqdir. Ermənistanın da Rusiyanın əmri ilə hərəkət etdiyi hamıya məlumdur. Bu baxımdan Rusiya Azərbaycana həm Ermənistan, həm də başqa yollarla təzyiq etməyə çalışacaq ki, Gömrük İttifaqı ilə bağlı istədiyi qərarı əldə edə bilsin”, deyə V.Quluzadə vurğuladı. (azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=6748