Gömrüyün ASAN-a verilməsi nəyi dəyişəcək?
“Dövlət qurumlarının səlahiyyətlərinin ASAN Xidmətə verilməsi korrupsiyanın olmasının etirafıdır”
Gömrük Komitəsinin bir sıra səlahiyyətlərinin ASAN Xidmətə
veriləcəyilə bağlı xəbərlər maraq doğurur. Belə ki, yayılan məlumatlara
görə, gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi
planlaşdırılır. Məsələyə münasibət bildirən Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev bildirib ki, gömrük ödənişlərinin banklar vasitəsi
ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət
çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik.
A.Əliyev hesab edir ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin
sayıqlığı daha da artırılmalı, və bu sahədə modern texnologiyalar və
üsullar öyrənilərək tətbiq olunmalıdır.
ASAN Xidmətin bir sıra dövlət strukturlarının işini heç bir rüşvət
olmadan həyata keçirdiyi məlumdur. Bu baxımdan xidmətin gördüyü işlər
təqdirəlayiq sayıla bilər. Bu baxımdan Azərbaycanda ən problemli
sahələrdən biri sayılan Gömrük Komitəsinin bəzi funksiyalarının ASAN
Xidmətə verilməsinin hansı nəticələrə gətirib çıxaracağı maraq doğurur.
Çünki beynəlxalq təşkilatların da hesabatlarında birmənalı şəkildə
vurğulanır ki, Gömrük Komitəsində həm korrupsiya, həm rüşvət, həm də
inhisarçılıq geniş vüsət alıb.
Məhəmməd Talıblı: “Düşünmürəm ki, Gömrük Komitəsinin böyük səlahiyyətləri ASAN Xidmətə verilsin”
İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblının fikrincə, ASAN Xidmət kimi bir təsisatın meydana gəlməsi təqdirəlayiq
sayıla bilər. ASAN Xidmətin rəhbərliyinin də təmiz reputasiya ilə
seçildiyini deyən M.Talıblı vurğuladı ki, amma əslində dövlət
qurumlarının bir sıra səlahiyyətlərinin ASAN Xidmətə verilməsi bu
sahələrdə rüşvət və korrupsiyanın olmasının etirafıdır: “Əslində dövlət
bu addımları etiraf edir ki, bir sıra dövlət qurumlarında korrupsiyanın
səviyyəsi olduqca yüksəkdir. Rüşvət üçün çox geniş imkanlar açılıb. Ona
görə dövlət qurumlarında korrupsiyanın azaldılması baxımından ASAN
Xidmətin rolu var. Əslində dövlət qurumlarının səlahiyyətlərinin ASAN
Xidmətə verilməsindənsə, həmin xidmətdəki təcrübənin dövlət qurumlarına
köçürülməsi daha məqbul olardı. Amma böyük qurumların yarıtmaz siyasəti
ASAN Xidmətə köçürülməklə həll edilməyə çalışılır. Bu idarəetmə
baxımından düzgün yanaşma deyil. Əgər ASAN Xidmətin bu qədər ciddi
funksiyalar yerinə yetirmək imkanı varsa, büdcədən vəsait alan və
paralel funksiyalar həyata keçirəni dövlət qurumlarının taleyi necə
olacaq”.
Gömrük Komitəsinin yüksək səviyyədə korrupsiyaya uğramış bir dövlət
qurumu olduğunu deyən M.Talıblı vurğuladı ki, ona görə bu dövlət
qurumunun əhəmiyyətli hissəsinin deyil, Korrupsiya elementləri az olan
hissəsinin ASAN Xidmətə verilməsinə start veriləcəkdir. “Amma düşünmürəm
ki, Gömrük Komitəsinin böyük səlahiyyətləri ASAN Xidmətə verilsin. O
zaman Gömrük Komitəsi kimi bir orqan lazımsız quruma çevrilə bilər”,
deyə M.Talıblı vurğuladı.
Short URL: http://www.cumhuriyyet.net/?p=6756