Pərviz Həşimli məhkəməsində sensasion faktlar açıqladı
“Dedilər ki, 1 milyon verək, Əli Nağıyevlə Cavid Qurbanovun üzünə dur”

“Dedilər əməliyyat qrupu hazırdır, Cavid Qurbanovla Nağıyevlərin əleyhinə ifadə ver, götürəcəyimiz pulun yarısı sənindir”
Ötən ilin sentyabrından həbsdə olan jurnalist və hüquq müdafiəçisi
Pərviz Həşimlinin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən
dünənki iclas bir sıra səs-küylü açıqlamalarla yadda qaldı. Məhkəmə
iclası başlayan kimi Pərviz Həşimli həbs olunduğu gün evinə MTN
əməkdaşlarının hücum etdiyini, pəncərələrdəki dəmir barmaqlıqların
sındırıldığını nümayiş etdirən fotoşəkillər və diski məhkəməyə təqdim
etdi. Bildirdi ki, həmin vaxt jurnalistlər onun həbs olunduğunu
eşidərək, dərhal evinə gediblər və baş verənləri lentə alıblar.
Diskdəki görüntülər də həmin kadrlardır: “MTN-nin ştatlı
şahidlərindən biri burada yalan ifadə verib bildirdi ki, guya, sadəcə,
qapını döyüblər və həyat yoldaşım da açıb, onlar da axtarış aparıblar.
Ancaq bu şəkillərdə və videoçəkilişdə evin pəncərəsinin dəmir
barmaqlıqlarının çıxarılıb yerə qoyulması, təhlükəsizlik kameralarının
istiqamətinin dəyişdiyi və yaddaşının götürüldüyü aydın görünür”.
Lakin məhkəmə prosesinə sədrlik edən hakim Novruz Kərimov fotoşəkillər və diski qəbul edib sübut kimi araşdırmaqdan imtina etdi.
Vəkillər və Pərviz Həşimlinin etirazlarına baxmayaraq, hakim qərarını dəyişmədi.
Daha sonra ötən məhkəmə iclasında Pərvizin vəkili Elçin Sadıqovun
əlavə şahidlərin dindirilməsi haqda qaldırdığı vəsatətlər müzakirəyə
çıxarıldı. Vəkil MTN əməkdaşı Kamal Rəsulzadə, bu iş üzrə istintaqı
aparmış müstəntiq Elşən Murtuzov, Pərvizin həbsinin şahidi olmuş
“moderator.az” saytının əməkdaşı Sədi Əliyev, eləcə də Pərvizi indi onun
üzünə duran Təvəkkül Qurbanovla tanış etmiş Ilqar Musayevin məhkəmədə
dindirilməsini istəyirdi.
Vəsatət müzakirə olunarkən prokuror onun təmin edilməməsini istədi.
Vəsatətə münasibət bildirmək üçün Təvəkkül Qurbanova söz verilərkən
o, Pərvizdən şikayətləndi və nəticədə əlbəyaxa dava həddində insident
yaşandı.
Təvəkkül Qurbanov:
– Dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq, bu, (Pərviz Həşimlini göstərir) yenə də mətbuatda ağzına gələni yazır.
Pərviz Həşimli:
– Mən MTN-nin istintaq təcridxanasında yazı yazıram, şərəfsiz?
Təvəkkül Qurbanov:
– Nə fərqi var, sənin tanıdığın jurnalistlərdir, deyirsən, yazırlar.
Pərviz Həşimli:
– Bu şərəfsizi bura öyrədib göndəriblər. Bunun
üçün yaşadığı yerdən müsbət xasiyyətnamə alıblar. Halbuki, o ərazidə heç
kim bununla danışmır. Hətta doğma bacısı da onunla düşməndir.
Təvəkkül Qurbanov:
– Sənin özünü öyrədiblər, sənsən hamını
tanıyan. Mənə maşında deyirdi ki, sən hər şeyi olduğu kimi etiraf elə
məhkəmədə, səni də azad elətdirim, özümü də…
Pərpiz Həşimli:
– Ondan soruşdum ki, nəyin müqabilində bu
şərəfsizliyə əl atdın, niyə yalandan mənim üzümə durursan, dedi ki, mən
işin bu həddə gəlib çatacağını bilmirdim. Elə bilirdim, 2-3 ay həbslə
qurtaracaq. Şərəfsiz, qurumsaq…
Bu zaman Təvəkkül Qurbanov Pərviz Həşimlini vurmaq istəsə də, nəzarətçilər müdaxilə etdi.
Daha sonra Pərviz Həşimli vəsatətə münasibət bildirərək, məhkəməni
vəsatətlərə ciddi yanaşmağa çağırdı: “Vəkil Elton Quliyev tanınmış
şəxslərdən birinin müdafiəçisi olub. O şəxs vəkildən soruşub ki, necə
olacaq bu cinayət işinin axırı? Elton Quliyev də deyib ki, istintaq
qurtaracaq, iş məhkəməyə göndəriləcək, məhkəmədə məlum olacaq ki, sənin
heç bir günahın yoxdur, amma sənə 10 il iş verəcəklər. Indi bu məhkəmə
prosesi mənə o əhvalatı xatırlatdı. Istintaq materiallarında göstərilir
ki, guya, məni Təvəkkülün maşınında həbs ediblər, onun maşını ilə
MTN-nin yaxınlığına aparıblar. Halbuki, məni Təvəkkül Qurbanov zəng
eləyib, “moderator.az”ın ofisindən çıxmışam, orada həbs eləyiblər. Həmin
vaxt Sədi Əliyev eyvanda siqaret çəkirdi və baş verənləri görüb.
Müstəntiq Elşən Murtuzov iş materiallarında yazıb ki, Təvəkkülün Iran
vətəndaşları ilə görüşəcəyi barədə əməliyyat məlumatları olub. Gəlib
cavab versin ki, məlumat var idisə, onları elə silah alınan yerdə –
cinayət başında niyə tutmayıblar? Gəlib cavab versin ki, niyə məndən
Cavid Qurbanovu, Vəli Nağıyevi nə vaxtdan tanıdığımı soruşurdu? Niyə
soruşurdu ki, Nağıyevlərin sifarişilə hansı yazılar yazırsan? MTN
əleyhinə yazdığım yazılar barədə niyə suallar verirdi? Ilqar Musayevin
dindirilməsi mənim üçün prinsipial məsələdir. Çünki məni bu şərəfsizlə o
tanış eləyib. Onu istintaqda dindiriblər, lakin məhkəməyə çağırılası
şahidlər sırasına daxil etməyiblər. Çünki istintaqda ona təzyiq
göstəriblər o ifadəni almaq üçün. Özü də sonradan mətbuata müsahibəsində
deyib ki, müstəntiq məni onun yazdıqlarının altına qol çəkməyə məcbur
elədi”.
Lakin məhkəmə vəsatəti bütünlüklə rədd elədi.
Hakim Ilqar Musayevin isə istintaqa ifadəsini elan etdi. Onun
istintaqa ifadəsində yazılıb ki, Pərvizlə Təvəkkül 2005-ci ildən tanış
olublar. O, bunların tanışlığından xəbər tutanda münasibətləri o qədər
yaxşı olub ki, Pərvizlə Təvəkkül öpüşüb-görüşürmüş.
Bu ifadənin elan
olunmasından sonra Pərviz Həşimli orada yazılanlara sərt reaksiya verdi:
“Bu qədər də şərəfsizlik olmaz axı… Müstəntiq başından böyük yalan
yazıb”.
Hakim Pərvizin sözünü kəsdi. Bu zaman əsəbdən Pərvizin vəziyyəti
pisləşdi və su veriləndən sonra özünə gələn jurnalist bildirdi ki,
indiyədək demədiyi bir məsələni məhkəmənin nəzərinə çatdırmaq istəyir:
“Həbs olunan gün mənə 1 milyon pul təklif elədilər. Dedilər ki,
Nağıyevlərdən (MTN-nin sabiq nazir müavini, hazırda Baş Prokurorluğun
Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəis müavini Əli Nağıyev və onun
qardaşı Vəli Nağıyev nəzərdə tutulur-red.) götürüb, bir hissəsini sənə
verəcəyik. Səhər saat 7-yə qədər Elçin Quliyevlə Ilqar Əliyev məni dilə
tutmağa çalışdılar. Istəyirdilər ki, Cavid Qurbanovla Nağıyevlərin
əleyhinə ifadə verim. Bildirdilər ki, xüsusi təyinatlı əməliyyat qrupu
hazırdır, sən ifadə ver, “Azəryolservis”in maliyyə idarəsinin rəisi və
Vəli Nağıyevi həbs edəcəyik. Mən isə razılaşmadım. O insanlara böhtan
atsaydım, mənim bu şərəfsizdən (Təvəkkül Qurbanovu nəzərdə tutur-red.)
heç bir fərqim olmazdı”.
Pərviz Həşimli daha sonra MTN əməkdaşlarının onun evindən götürdüyü
təhlükəsizlik kamerasının yaddaş kartının alınması məsələsini yenidən
qaldırdı. Hakim bildirdi ki, kartın MTN-dən alınması barədə vəsatətə
baxılıb və təmin olunmayıb.
“O yaddaş kartına baxış keçirilsəydi,
evimə silahların MTN əməkdaşları tərəfindən qoyulduğu açıq-aşkar
görünərdi. Amma siz obyektiv məhkəmə aparmaqda maraqlı deyilsiz”, – deyə
Pərviz Həşimli bildirdi.
Bundan sonra hakim məhkəmə prosesində sənədlərin tədqiqi mərhələsinin başlandığını elan etdi.
Məhkəmə prosesi mayın 5-də davam edəcək.
Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də həbs olunub.
Ona qarşı silah qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları
irəli sürülüb. Lakin Pərviz Həşimli ittihamları qəbul etmir, Təvəkkül
Qurbanovun MTN-nin adamı olduğunu deyərək, onun vasitəsilə şərləndiyini
və jurnalist, hüquq müdafiəçisi kimi fəaliyyətinə görə siyasi sifarişlə
həbs olunduğunu bildirir.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da Pərviz Həşimlini “vicdan məhbusu” elan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=6772