“Erməni işi”nin miqyası böyüyür

02.05.2014 - 10:29

“Erməni işi”nin miqyası böyüyür

Hakimiyyət ölkədə xof yaradır – müxalifət susur; Vətənə xəyanət ittihamı ilə tutulan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Leyla Yunusdan sonra üç tanınmış şəxs də dindirilib, “Ayna- Zerkalo”nun redaksiyasında isə axtarış apararaq Elçin Şıxlının kompüterini götürüblər; istintaqa cəlb olunanların sayının artacağı, kütləvi həbslərin olacağı gözlənilir 
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun Türkiyədən deportasiya edilərək Bakıda həbs olunması ilə başlayan “erməni işi”nin miqyası gözlənildiyi kimi böyüməkdədir.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi R.Mirqədirovun əvvəlcə bu ölkədə jurnalist kimi fəaliyyət göstərməsi üçün akkreditasiyası ləğv olunub, daha sonra isə deportasiya edilib. Aprelin 19-da jurnalist Bakıya çatan kimi aeroportdaca saxlanılaraq Milli Təhlükəsizlik Nazirliyinə (MTN) aparılıb.
Daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. R.Mirqədirov ermənilərlə əməkdaşlığa cəlb olunmaqda və onlara casusluq etməkdə ittiham edilir.  İttihamda bildirilir ki, R. Mirqədirov guya 2008-ci ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən ələ alınaraq dövlət sirri olan məlumatları onlara ötürüb. O, hazırda MTN-in istintaq təcridxanasında şübhəli şəxs kimi saxlanılır və istintaq gedir. İstintaq orqanı ona qarşı bu ittihamları irəli sürərkən R.Mirqədirovun bu ilin yanvarında Ermənistana səfərini və jurnalistin Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla Ermənistan vətəndaş cəmiyyəti fəalı Laura Bağdasaryanın həyata keçirdiyi ortaq layihədə iştirakını əsas götürür. 
Jurnalist özünə qarşı ittihamları tamamilə rədd edir və ifadə vermir.
R.Mirqədirovun həbsindən və ona verilən ittihamlar açıqlanandan sonra belə ehtimal yaranmışdı ki, hakimiyyət mümkün qədər bu işi böyütməyə, başqa şəxsləri də həbsə almağa çalışacaq. Gözlənildiyi kimi də oldu. 
Aprelin 28-də R.Mirqədirov işində adı keçən Leyla Yunusla  həyat yoldaşı Arif Yunus ABŞ və Fransa səfirliklərinin nümayəndələrinin müşayiəti ilə ölkədən çıxmaq istəyərkən aeroportda saxlanıldılar. Aprelin 29-da isə L.Yunus prokurorluğa aparılaraq 6 saat orada dindirildi. L.Yunusun sözlərinə görə, orada ondan daha çox R.Mirqədirovla münasibətləri, onunla əlaqələri, onu necə tanıdığı barədə soruşulub. Daha sonra L.Yunusa bildirilib ki, ölkədən çıxa bilməz. Amma hüquq müdafiəçisi bu barədə iltizama qol çəkməyib. Onun və həyat yoldaşının həbs olunması təhlükəsi var. L.Yunusun evində axtarış aparılıb və bir neçə kitab götürülüb.
İstintaqçıların “erməni işi” üzrə sorğu-sual etdikləri şəxslərin sırası isə getdikcə genişlənir.
Aprelin 30-da politoloq Zəfər Quliyev bu işlə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində  dindirilib. Z.Quliyev deyib ki, ondan R. Mirqədirovu nə zamandan tanıdığını soruşublar, onu xarakterizə etməyini istəyiblər: “Mən də Raufu uzun illərdir ki, tanıdığımı bildirdim, onu müsbət bir insan, vətəndaş mövqeyi olan şəxs kimi xarakterizə etdim”.
Z.Quliyev onu da vurğulayıb ki, dindirməyə Rauf Mirqədirovun işi ilə bağlı çağırılsa da, ondan Leyla və Arif Yunusları da soruşublar: “Suallardan aydın idi ki, onları Rauf Mirqədirovun, Leyla Yunusun və Arif Yunusun Ermənistanla bağlı fəaliyyəti maraqlandırır. Öyrənmək istəyirdilər ki, onlar Ermənistanda konkret kiminlə əməkdaşlıq ediblər. Mən də bildirdim ki, soruşduqlarınızın heç biri qapalı informasiya deyil. Bu şəxslər illərdir ki, beynəlxalq proqramlar çərçivəsində fəaliyyət göstərirlər. Güney Qafqazla bağlı demək olar, bütün layihələrdə həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan təmsil olunur. Bütün bunlar şəffaf informasiyalardır, burada qanunsuz heç nə yoxdur”.   
Politoloqun fikrincə, Rauf Mirqədirov, Leyla Yunus və Arif Yunusla bağlı ümumi istintaq aparıla bilər: “Verilən suallardan məndə belə bir təəssürat yarandı ki, onların üçü ilə bağlı araşdırmalar eyni cinayət işində birləşdirilə bilər”.  
Dünən isə məlum olub ki, R.Mirqədirovun əməkdaşı olduğu “Ayna-Zerkalo” qəzetinin redaksiyasında da axtarış aparılıb. Bu qəzetlərin baş redaktoru Elçin Şıxlı mətbuata açıqlama verərək qəzetin redaksiyasında prokurorluq tərəfindən axtarış aparıldığını və ona məxsus kompüterin də əməliyyatçılar tərəfindən götürüldüyünü deyib. E.Şıxlı axtarışın R.Mirqədirovun həbsi ilə bağlı olduğunu söyləyib. Faktı Baş Prokurorluq da təsdiqləyib.
Mayın 1-də isə “Yeni Müsavat” qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində R.Mirqədirovun işi ilə bağlı 3 saata yaxın dindirilib. Sonda A.Rəşidoğlundan dindirmə ilə bağlı heç bir açıqlama verməmək haqqında iltizam alınıb. 
Dindirmədən sonra A.Rəşidoğlunda belə bir qənaət yaranıb ki, R.Mirqədirovun işi ilə bağlı istintaqda heç bir real fakt yoxdur və bu iş sifarişlidir. Jurnalist onu da bildirib ki, həbslərin davam edəcəyini gözləyir. Bu işlə bağlı kütləvi həbslərin olacağını bir neçə gün əvvəl hakimiyyətə yaxın media quruluşları da yazmışdı.
Həmin məlumatda bildirilir di ki, R.Mirqədirov işində 15 nəfərin adı keçir və onlar həbs ediləcəklər.
Qeyd edək ki, R.Mirqədirov son dörd ildə Türkiyədə yaşayıb və Azərbaycanda az adamın onunla intensiv əlaqəsi,  oradakı fəaliyyəti barədə məlumatı olub.
Belə olan halda onun işində xeyli adamın adının keçməsi barədə yayılan məlumatlar və hər gün yeni-yeni şəxslərin dindirilməsi müəmmalı görünür. İstintaq orqanının əlində hansısa konkret faktlarmı var, yoxsa prosesə daha çox adamı cəlb etməklə R.Mirqədirovun həbsi üçün ciddi əsasların olduğu barədə rəy yaratmaq istəyirlər? Yaxud dünyanın başının Ukraynaya qarışdığı bir vaxtda “erməni işi”ndən istifadə etməklə daha bir qrup etirazçı adamı, vaxtaşırı cəmiyyətə müəyyən mesajlar ötürən təhlilçiləri, cəmiyyət mühəndislərini zərərsizləşdirməyə, susdurmağa, ram etməyə, həm də cəmiyyətdə bir xof yaratmağa çalışırlar ki, hakimiyyətin siyasətinə etiraz edən beş-on adamın da gözü qorxsun? 
 
Gələn məlumatlar və müəyyən ehtimallar daha çox sonuncu variantın üzərində dayanmağa əsaslar verir. Çünki bir dəfə belə təcrübə olub. 2003-cü ilin prezident seçkilərindən sonra həbs edilən müxalifətçilərin telefonlarında olan nömrələrin sahibləri, seçkilər ərəfəsində onlara zəng edən, onlarla görüşən, salam alıb, salam verən şəxslər, yaxınları istintaqa çağırılaraq bir-bir repressiya maşından keçirildilər. Bu, hakimiyyətin seçkidən sonra cəmiyyəti ram etmək üçün ölkədə bir xof yaratmaq siyasəti idi və buna nail oldu. Gələn məlumatlar göstərir ki, indi də hakimiyyət ölkədə 2003 xofu yaratmaq istəyir. Buna görə də mümkün qədər “erməni işi”nin miqyasını böyüdərək daha çox adamı istintaqa cəlb edəcəklər və bu proses kütləvi həbslərlə müşayiət olunacaq.
Əldə etdiyimiz məlumatlara görə, bugünlərdə daha bir neçə şəxs prokurorluqda dindiriləcək. 
Həbs ediləcəyi bildirilən şəxslər sırasında isə şok isimlərin olduğu deyilir.
Bu vəziyyətdə müxalifət düşərgəsinin susqunluğu, həbs və təqiblərə qarşı heç bir etiraz aksiyası keçirməməsi də heyrətamizdir. Müxalifətin sükutu, hakimiyyətin repressiyalarına piket, flaşmob və başqa aksiyalarla etiraz bildirməməsi cəmiyyətdə də müəyyən suallar doğurur. Sosial şəbəkələrdə camaatın başına aslan kəsilən bir sıra müxalifətçi gənclər, partiya funksionerləri demokratiyanın olan-qalan işartılarını təhdid edən bu qorxunc prosesə qarşı fiziki mənada hər hansı fəaliyyət göstərmirlər. Təəssüf ki, baş verənlər insanlarda “bir azdan sükut pozulacaq” rəyinin yaranmasına qətiyyən əsas vermir.
Qəzet çapa hazırlanarkən məlum oldu ki, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində R. Mirqədirovun işi üzrə dindirilib. Mətanət Əzizovanın təşkilatı Leyla Yunusun rəhbəri olduğu Sülh və Demokratiya İnstitutunun ofisində fəaliyyət göstərir.
(musavat.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=6775

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930