Azərbaycanda “nurçu ovu”nun yeni fazası başlayır
Azərbaycanda “nurçu ovu”nun yeni fazası başlayır
“Sadəcə, bizim maraqlarımız Ərdoğanın siyahısı ilə üst-üstə düşdüyündən bununla bağlı müvafiq addımlar atılacaq”. Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O, nurçulara qarşı mübarizədə əsas fəaliyyətin şəbəkəyə qarşı edilməli olduğunu bildirib: “Sözün açığı bu mübarizəni mən də anlamıram. Doğrudur, bir tərəfdən deyirlər ki, müəyyən kitablara icazə verilib. Əgər icazə verilibsə, o kitabları oxuyanların polis idarəsinə aparılmasını mən də anlamıram. Şəbəkə tamam başqa bir şeydir. İnsan müəyyən bir təriqətin üzvü olub, dövlət idarəsində də işləyə bilər. Təhlükə isə onların şəbəkələşməsindədir. Yəni insan məktəbi qurtardıqdan sonra onların əmrlərini yerinə yetirməyə başlayırsa bu, artıq təhlükədir. Yəni Elnur Aslanov niyə vəzifədən uzaqlaşdırıldı? O bu təriqətin üzvü olduğuna görə sərbəst fəaliyyət göstərə bilərdi. Amma Elnur Aslanov şəbəkənin bir hissəsi olub, dövlətin pullarını öz adamlarına payladığına görə təhlükə mənbəyinə çevrildi. Yəni əslində bu istiqamətdə fəaliyyət aparılmalıdır ki, belə insanlar dövlət aparatında yer almasınlar. Mübarizə şəbəkə ilə aparılmalıdır. Yoxsa beş-altı nəfər kitab oxuyur, polis gəlib onları tutur, sonra məlum olur ki, oradakı kitablar qadağan olunmayıb. Burada mən təhlükə görmürəm. Təhlükə dövlətin pullarından öz məqsədləri, şirkətləri üçün istifadə etməkdir. Bax, bu istiqamətdə müvafiq addımlar atılmalıdır”. Politoloq Gülən hərəkatına qarşı müharibənin tədricən aparılacağını qeyd edib: “Bu o demək deyil ki, siyahı verildisə, onunla bağlı olan hər şey dərhal həyata keçirilməlidir. Ola bilsin, o siyahıda müəyyən addımların atılması üçün qrupların adı var. Bu, tədricən həyata keçiriləcək. Ola bilsin, dini ədəbiyyatla bağlı tutulan tələbələr gözə kül üfürməkdən ötrüdür. Bir məsələyə diqqət edin: əgər sizin sayt və digərləri də artıq bununla bağlı yeni məlumatlar yayırsa, demək, dövlət hələ də düşünür ki, bununla bağlı bir addım atsın. Ola bilsin ki, tələsmirlər. Əgər bu şəbəkə varsa və onun üzvləri dövlətin maraqlarını arxa plana ata bilirlərsə, demək, bizi öz təhlükəsizlik maraqlarımız düşündürməlidir. Sadəcə, bizim maraqlarımız Ərdoğanın siyahısı ilə üst-üstə düşdüyündən bununla bağlı müvafiq addımlar atılacaq. İndi atılmasa da, müəyyən fəaliyyət gedəcək. İki ay bundan əvvəl biz Elnur Aslanovun vəzifəsindən çıxarılacağını zənn etmirdik. Amma birdən-birə o, uzaqlaşdırıldı və üstəlik ona məxsus yerlərə qarşı fəaliyyət başlayıb. Əsas odur ki, düyməyə basılıb. Artıq proses başlayıb və bunun davamı da gələcək”. Qeyd edək ki, hələ bir müddət öncə polis müxtəlif yerlərdə nurçulara qarşı əməliyyat həyata keçirmişdi. Nəticədə Gülən hərəkatının üzvü olmayan şəxslərin həbsi həyata keçirilmişdi. Polis tərəfindən atılan belə bir addım çoxları tərəfindən təəccüblə qarşılanmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=6788