Prokurorluq “Azərenerji”dəki 35 milyonluq oğurluğu niyə araşdırmır?
03.05.2014 - 10:25
35 milyonluq mənimsəmə “xırda pozuntu” adlandırılırsa, ölkədəki talamanın miqyasını təsəvvür etmək çətin deyil… “Şirvan regional elektrik şəbəkəsi” bir mövsümdə dövlət büdcəsinə 35 milyon manat (44,64 mln. dollar) az vəsait ödəyib. Hesablama Palatasının hesabatına əsasən, Vergilər Nazirliyi ilə birgə audit zamanı bu qurumda 3 iri mənimsəmə faktı aşkarlanıb. Birinci dəfə 4,7 mln., ikincidə 17 mln., üçüncü halda isə 13,3 mln. manat mənimsənilib.
Hesablama Palatasının ekspertləri pozuntuya səbəb kimi, maliyyə intizamına nəzarətin olmamasını göstərir. Vergidən yayınmaya iri debitor borcu, vergi ödənişində gecikmə və real mənfəətin gizlənməsi kömək edib.
Ən maraqlı əsası isə audit gətirib. Onlar bunu kiçik maliyyə pozuntusu – unutqanlıq kimi qiymətləndirib və rəhbərliyə tapşırıb ki, borcu qısa müddətə ödəsin.
Yuxarıda göstərilən rəqəmlərə diqqət etsək, bunun heç də xırda problem olmadığını görərik. Zaman-zaman hüquq-mühafizə orqanları xırda vəzifəli təhsil işçiləri, “Sobez” və digər idarələrin əməkdaşlarını rüşvət almaya görə həbsxanaya göndərməklə ölkədə guya, korrupsiyaya qarşı mübarizə aparıldığı görüntüsünü yaratmağa çalışırlar. Əlində elə də böyük səlahiyyəti olmayanların korrupsioner kimi təqdim olunması fonunda 35 milyon manatlıq nəhəng vəsaitin mənimsənilməsinə “kiçik maliyyə pozuntusu”, “unutqanlıq” kimi adlar qoyulması istər-istəməz suallar doğurur. Bu qurumlar 35 milyonluq mənimsəməni “xırda pozuntu” sayırsa, görün indi ölkədə talamanın miqyası hansı həddədir… Üstəlik, bu qədər vəsaiti mənimsəyən adamlara “gözün üstə qaşın var” deməyə qorxanların 50-100 manata adamı tutub həbsxanaya salmasının adı hər nədirsə, amma korrupsiyaya qarşı mübarizə deyil.
Bu mövzuda fikirlərini bölüşən iqtisadçı-ekspert Oqtay Haqverdiyev yada salır ki, Hesablama Palatasının Əsasnaməsində onun funksiyaları müəyyənləşib. O, audit təşkilatı kimi, belə çatışmazlıqları və ya mənimsəmələri aşkar edərək, Milli Məclisə hesabat verir. Konstitusion orqan olaraq, Hesablama Palatasının yalan danışmağa da ixtiyarı yoxdur: “Lakin qurum özü təhqiqat aparmır. Belə bir fakt ortaya çıxıbsa, prokurorluq və digər müvafiq orqanlar dərhal reaksiya verməlidir. Belə bir fakt başqa ölkələrdə baş verəndə hüquq-mühafizə orqanları araşdırmaya, yoxlamaya başlayırlar. 35 milyon az pul deyil, həqiqətən bu qədər mənimsəmə olubsa, onun səbəbkarının kim olduğu, nəyə görə baş verdiyi, onun rüşvət olduğu, yaxud kiminsə cibinə qoyaraq aradan çıxdığı aydınlaşdırılmalıdır”.
Hüquq-mühafizə orqanlarının belə faktları araşdırmalı olduğunu vurğulayan O.Haqverdiyev son nəticədə prezidentə məlumat verilməsini vacib sayır. Ekspert hər bir halda, qeyd edilən vəsaitin kifayət qədər böyük məbləğ olduğunu və araşdırmaya ehtiyac duyulduğunu vurğulayır.
Short URL: http://www.cumhuriyyet.net/?p=6805